CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Danimarkalıların və çexlərin Bakı oyunundan narazılığı: əsaslandırılmış səbəblər, yoxsa...

© © Olaf Kraak / Pool via APБолельщицы сборной Дании на ЕВРО-2020
Болельщицы сборной Дании на ЕВРО-2020 - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Danimarkada ümid edirlər ki, bu ölkənin futbol üzrə yığma komandasını AVRO-2020-nin Bakıda keçiriləcək 1/4 final oyununda minə qədər azarkeş dəstəkləyəcək, çexlərin isə gözləntiləri bundan da azdır.

 

BAKI, 1 iyul — Sputnik. Çexiya və Danimarkada bu ölkələrin milli komandaları arasında AVRO-2020 dörddəbir final oyununun Bakıda keçirilməsindən narazıdırlar, çünki bura hər iki komandanın cüzi sayda azarkeşi gələ biləcək.

Şənbə günü iyulun 3-də Bakı Olimpiya Stadionunda 2020-ci il Avropa çempionatının Çexiya və Danimarka milliləri arasında 1/4 final qarşılaşması keçiriləcək. Çexlər 1/8 finalda Niderland yığmasını 2:0 hesabı ilə məğlub ediblər, danimarkalılar isə Uels yığmasının qapısına dörd cavabsız top vurublar.

Bakıya nə qədər əcnəbi futbol fanatı gələ bilər?

Danimarka və Çexiyadan Bakıya ən çoxu hər ölkədən 2500 azarkeş gələ bilər. Məsələ bundadır ki, UEFA Bakı Olimpiya Stadionunda keçiriləcək oyuna hər bir ölkə üçün məhz bu sayda bilet ayırıb. Məlum olduğu kimi, AVRO-2020 Bakı oyunlarının təşkilatçıları stadionun 50% doldurula biləcəyinə zəmanət verirdilər. Yəni, qarşıdakı oyunda maksimum 31 min nəfər tamaşaçı ola bilər.

Əcnəbi azarkeşlərin əsas problemi

Danimarkada Bakıda keçiriləcək oyuna ən azı 800 azarkeşin yollanacağına ümid edirlər. Bu ölkənin Futbol assosiasiyasının fan-koordinatoru Andres Xaqen bildirib ki, 800 azarkeşlə bağlı məlumat Bakıya çarter reyslərinə danimarkalıların aldıqları biletlərin sayı ilə bağlıdır.

Lakin Assosiasiyada Bakı Olimpiya Stadionunda komandanın azarkeşlərinin sayının çox ola biləcəyini də istisna etmirlər. Belə ki, bəzi azarkeşlər Bakıya İstanbul və ya Dubaydan da gələ bilərlər.

Ancaq Bakıda milli komandasını dəstəkləmək istəyən danimarkalı azarkeşlər üçün əsas maneə törədən amil onların qət etməli olduqları məsafə deyil, hətta yola çəkiləcək xərc də deyil, Azərbaycandan qayıtdıqdan sonra 10 gün müddətində karantində qalmaq zərurətidir. Bu məsələ həm də ona görə aktuallaşır ki, Danimarka millisi 1/4 finalda qələbə çaldığı təqdirdə, Bakıya yollananlar Londonda keçiriləcək yarımfinal oyununda iştirak edə bilməyəcəklər. Yeri gəlmişkən, Çexiya millisinin azarkeşləri də eyni problemlə üzləşə bilərlər.

Danimarkada ümid edirlər ki, karantin tələbləri bir qədər yumşaldıla bilər. Konkret olaraq Danimarka XİN-in vətəndaşlar xidmətinin direktoru Erik Bryoqqer Rasmussen bildirib ki, bu həftə səfərdən qayıtdıqdan sonra məcburi karantində olma tələb olunan ölkələrin siyahısı yenidən nəzərdən keçirilməlidir.

Buna baxmayaraq, Danimarka millisinin oyunçuları və məşqçiləri 1/4 final oyununun Bakıda keçiriləcəyindən məmnun deyillər. Konkret olaraq Danimarka millisinin baş məşqçisi Kasper Hyuland Uels yığması üzərində qələbədən sonrakı mətbuat konfransında Bakıda keçiriləcək oyun barədə bunları deyib: "Bu, əlbəttə ki, futbolçular və yığma üçün ən yaxşı yer deyil".

Öz növbəsində Danimarka millisinin hücumçusu Martin Breytueyt bütün bunlara rəğmən azarkeşlərin komandanı dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirib.

"Əlbəttə, mən istəyirəm ki, azarkeşlər Bakıya gəlsinlər. Mən dörddəbir final barədə düşünürəm və əgər azarkeşlər Bakıya gələ bilsələr, biz onlara çox minnətdar olacağıq. Yox, əgər bu baş verməsə, mən bilirəm ki, evdə bizim böyük dəstəyimiz var", - deyə Breytueyt vurğulayıb.

Danimarkalılara qarşı Kopenhagendə oynamaq daha yaxşıdır

Çexiya millisində də Bakıda oynamaq məcburiyyətindən narazıdırlar. Belə ki, Çexiya yığması baş məşqçisinin köməkçisi Yirji Xitrı bildirib ki, oyunun keçirilməsi üçün Bakıdan daha yaxşı yer də təsəvvür edə bilər. Çexiya millisinin oyunçusu Patrik Şik isə Bakıda keçiriləcək oyunu ümumiyyətlə faciə adlandırıb.

Komandanın yarımmüdafiəçisi Antonin Barak danimarkalılarla Kopenhagendə oynamağa daha çox üstünlük verdiyini deyib.

"Biz dörddəbir final oyununun Bakıda keçiriləcəyinə təəssüf edirik. Çünki orada azarkeşlərimiz və ailə üzvlərimiz olmayacaqlar. Mən hələ də başa düşə bilmirəm. Danimarkalılara qarşı hətta Kopenhagendə oynamalı olsaydıq belə, bizi daha çox azarkeş dəstəkləyərdi və ailə üzvlərimiz də yanımızda olardı", - deyə Barak vurğulayıb.

Yeri gəlmişkən, bu, oyunçunun Bakıya ilk səfəri olmayacaq.

"Mən Bakıda məşqçi Carolimin rəhbərliyi altında olmuşam, biz orada dünya çempionatının seçmə oyunlarını oynamışıq. Səyahət uzun çəkdi, müəyyən şərtlər var idi və bir qədər bunun öhdəsindən gəldik. Lakin indi Avropa çempionatıdır, dörddəbir finaldır və hər oyun sonuncu ola bilər. Danimarkalılar da eyni şəraitdədirlər, hətta, bəlkə də bundan da pis vəziyyətdədirlər", - deyə Barak əlavə edib.

Bakıya uçuş çexlərə neçəyə başa gələcək?

"Idmes" məcmuəsinin məlumatına görə, Çexiya millisinin fan-klubu Praqadan Bakıya çarter reysi təşkil edəcək. Lakin yenə də, həmin reysdən az sayda azarkeşin istifadə edəcəyi gözlənilir. Həmin çarter reysinə biletlərin ilkin qiyməti hər iki tərəfə 13,5 - 16,2 min Çexiya kronudur (təqribən 930 – 1,1 min manat). Biletlərin qiyməti reys üçün ayrılmış təyyarənin nə dərəcədə dolu olub-olmamasından asılı olacaq. Həmin reyslə Bakıya ən azı 150 nəfər çexiyalı azarkeşin gələcəyi gözlənilir. Təyyarə reysi cümə günü, iyulun 2-nə planlaşdırılıb.

Çexlər həmçinin bu qədər uzun məsafələr qət etmək zərurətindən də narazıdırlar. Axı Bakıda keçiriləcək dörddəbir final oyunundan sonra komandalardan biri Avropa çempionatının yarımfinal oyunlarının keçiriləcəyi London şəhərinə yollanacaq.

Nəticə: nə üçün məhz indi narazıdırlar?

Bütün qeyd olunanları nəzərə alaraq belə bir sual meydana çıxır: nədən hər iki komandanın üzvləri dörddəbir final oyununun Bakıda keçirilməsindən narazılığını məhz indi, artıq 1/4 finala çıxdıqdan sonra bildirməyə başlayıblar? Nə üçün onlar bunu AVRO-2020 oyunlarının 11 Avropa şəhərində, o cümlədən Bakıda keçiriləcəyi məlum olduğu zaman etməyiblər?

Belə görünür ki, onlar Bakıya gəlmək zərurətindən qaça biləcəklərini düşünüblər. Halbuki, onlar buna ancaq sevinməli idilər, çünki hər iki komandanın səviyyəsini nəzərə alaraq onlar üçün dörddəbir final özü də böyük nailiyyətdir. Yox, əgər onlar Bakıya gəlməli olmayacaqlarına ümid edirdilərsə, o zaman biz hər iki komanda tərəfindən aşkar eqoizmin təzahüründən danışa bilərik.

Nə qədər ki, məsələnin onlara dəxli yox idi, onlar üçün "A" qrupunun yığmaları – Türkiyə, Uels və İsveçrə komandalarının hansı "qeyri-insani" şəraitdə olduqları vacib deyildi.

Danimarka və Çexiya millilərinin azarkeşlərinə gəldikdə isə onlara uelsli azarkeşlərdən nümunə götürməyi məsləhət görərdik. Uelsin Bakıdan Çexiya və Danimarkaya nisbətən daha da uzaqda yerləşməsinə baxmayaraq, uelslilər, kütləvi şəkildə olmasa da, Bakıya gəlmişdilər. Həm də onlar təkcə öz yığmalarının Azərbaycan paytaxtındakı oyunundan feyziyab olmadılar, həmçinin Bakıda uşaq evlərindən birini ziyarət edərək ona maddi yardım da göstərdilər. Harada oynamasından asılı olmayaraq öz milli komandasını dəstəkləmək istəyənlər məhz uelslilərdən nümunə götürməlidirlər.

Xəbər lenti
0