BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.
Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.
Oyuna 10 559 azarkeş canlı baxıb.
Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.
E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.
İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.