Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-1988: Lobanovski ilə Mixelsin böyük qarşıdurması

© Sputnik / Igor Utkin / Mediabanka keçidГлавный тренер сборной команды СССР Валерий Лобановский (справа) и тренер Сергей Мосягин.
Главный тренер сборной команды СССР Валерий Лобановский (справа) и тренер Сергей Мосягин. - Sputnik Azərbaycan
Abunə olmaq
Fuad Məmmədov-Paşabəyli 1988-ci il Avropa çempionatında sovet və Hollandiya futbol məktəblərinin əfsanəvi rəqabətini xatırlayır

SSRİ yığması 1984-cü ildə Fransadakı Avropa çempionatına vəsiqə qazana bilməyəndə ölkənin idman rəhbərliyi komandanın baş məşqçisi Valeri Lobanovskini istefaya göndərdi. Bundan başqa, mütəxəssisin Kiyev “Dinamo”suna qayıda bilməməsi üçün əllərindən gələni də etdilər.

Valeri Vasilyeviçə böyük hörmətimə rəğmən, hesab edirəm ki, seçmə mərhələnin portuqallara qarşı həlledici oyununda məğlubiyyət məhz onun günahıdır, çünki sovet komandasının tərkibi həmin görüşdə açıq-aşkar heç-heçəyə hesablanmışdı. Bu, baş hakimin kobud səhvi ilə birlikdə SSRİ yığmasının məğlubiyyətinə səbəb oldu. Daha böyük səhv isə məşqçinin qovulması idi, çünki Lobanovski kimi supermütəxəssislər hər gün ələ düşmür.

Ancaq artıq iş-işdən keçmişdi. Ölkənin əsas futbol komandası isə 1986-cı ildə Meksikada keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak etməli idi və təbii ki, məşqçi lazım idi. SSRİ Futbol Federasiyası anlayırdı ki, istedad və aparıcı oyunçular arasında nüfuz baxımından Beskovla Lobanovskiyə tay olan, eyni zamanda idarəolunan və üzüyola adamı tapmaq müşkül olacaq. Bu şərtlər daxilində seçim məhdud idi. 

O vaxt SSRİ-nin gənclər və Olimpiya komandasına Eduard Malofeyev başçılıq edirdi. Federasiya ümid edirdi ki, bu cür ciddi səviyyədə iş Eduard Vasilyeviçə ölkənin əsas komandasına keçmək üçün lazımi təcrübə və nüfuz qazandıracaq. Onda heç kimin ağlının ucundan da keçmirdi ki, biz AVRO-1984-ə düşməyə bilərik. Bundan başqa, futbol funksionerləri ümid edirdilər ki, 1986-cı il DÇ-nin seçmə turunda yığmaya Lobanovski başçılıq edəcək, Malofeyev isə bu müddət ərzində sıçrayışla inkişaf edəcək və növbəti iri turnirlərədək Valeri Vasilyeviçə çatacaq. 

© Sputnik / Vladimir Rodionov / Mediabanka keçidEduard Vasilyeviç
AVRO-1988: Lobanovski ilə Mixelsin böyük qarşıdurması - Sputnik Azərbaycan
Eduard Vasilyeviç

Ölkədə futbolun inkişafına cavabdeh olan şəxslərin bu niyyəti kifayət qədər müdrik idi, ancaq reallıq bu plana öz düzəlişlərini verdi. Lobanovskinin istefasından sonra funksionerlər Malofeyevi hazırlıqsız-filansız futbolun “ön cəbhəsinə” ataraq eyni zamanda onun bacarıqlarını yoxlamaq qərarına gəldilər. Bədbəxtlikdən, elə ilk növbədə özü üçün, Eduard Vasilyeviç bu təkliflə razılaşdı. 

1960-ci illərdə ölkənin ən istedadlı və uğurlu forvardlarından biri olan Malofeyev özünü məşqçi kimi də göstərə bilmişdi. 1978-ci ildə Minsk “Dinamo”suna başçılıq edəndə o, az bir müddətdə Belarus komandasını yüksək liqaya çıxardı. Minsklilər sovet klub futbolunun nəhəngləri arasında özlərini itirmədilər və elit mərhələyə qayıdışlarının elə ilk mövsümünü altıncı sırada bitirdilər. Eduard Vasilyeviç öz oyunçularına inanırdı və məşqçinin bu inamı futbolçulara sirayət eləmişdi. 1982-ci ildə “Dinamo” tarixində ilk dəfə SSRİ çempionatının qızıl medalını qazandı, növbəti mövsümdə isə bürünc götürərək, ölkə futbolunun nəhəngləri sırasına havayıdan düşmədiyini sübut etdi.

Yəqin ki, Malofeyev Minskdə qalıb işləsə, daha yaxşı olardı, ancaq o, futbol funksionerlərinin təkidi ilə həm gənclər, həm də Olimpiya yığmalarının başında durmağı qəbul etdi, sonra isə öz ambisiyaları ilə bacarmayıb ölkənin əsas komandasına məşqçilik etməyi boynuna götürdü. Eyni zamanda o, mürəkkəb situasiyaya düşdü – Minsk “Dinamo”sunda yaxşı futbolçuların olmasına rəğmən, aydın idi ki, kiyevlilər, tbilisililər, eləcə də Moskva “Spartak”ının oyunçuları onlardan açıq-aşkar üstündürlər, buna görə də Malofeyev yığmanı ən güclülərdən qurmalı idi.

© Sputnik / Sergey Guneev / Mediabanka keçidSSRİ-yığması
AVRO-1988: Lobanovski ilə Mixelsin böyük qarşıdurması - Sputnik Azərbaycan
SSRİ-yığması

DÇ-86-nın seçmə turunu SSRİ yığması elə də pis keçirmirdi, amma Eduard Vasilyev üçün xeyli çətin günlər başladı. Yığmanın oyunçuları, xüsusən də Kiyev “Dinamo”sundan gələnlər, baş məşqçiyə əhəmiyyət vermirdilər. Ola bilsin ki, bu həm də Malofeyevin müsahibələrində öz futbolunu “səmimi” adlandıraraq sanki özünü “praqmatik” futbola üstünlük verən Lobanovskiyə qarşı qoymasından irəli gəlirdi. 

Valeri Vasilyeviçi isə həmin vaxt Ukrayna rəhbərliyi Kiyev “Dinamo”suna qaytarmış, o da qısa müddətdə özünün yeni superkomandasını yaratmışdı. Baltaça, Demyanenko, Bessonov, Zavarov, Belanov və usanmaz Bloxin və dostları futbol meydanlarında hamını darmadağın edirdilər. Kiyev “Dinamo”sunu dünyada “möcüzə komanda” adlandırır, heyranlıq duyurdular. 1985-86 mövsümündə Lobanovskinin komandası UEFA Kuboklar Kubokunu qazandı: finalda kiyevlilər Madridin tərifli “Atletiko”sunu 3:0 hesabı ilə darmadağın etdilər. Elə həmin il parlaq İqor Belanov Avropanın ən yaxşı futbolçusu kimi “Qızıl top”a layiq görüldü.

© Sputnik / В. Чистяков / V. Chistyakov / Mediabanka keçidKiyev “Dinamo”sunun futbolçuları
AVRO-1988: Lobanovski ilə Mixelsin böyük qarşıdurması - Sputnik Azərbaycan
Kiyev “Dinamo”sunun futbolçuları

Aydındır ki, belə şəraitdə Malofeyevə işləmək kifayət qədər çətin idi. Lobanovskinin bu cür uğurundan sonra futbol funksionerləri növbəti dəfə Valeri Vasilyeviçdən yığmaya rəhbərlik etməsini xahiş etməli oldular, o isə əvəzində bir sıra şərtlər irəli sürdü, onlardan əsası - məşqçiyə fəaliyyət azadlığının verilməsi idi. Razılaşma əldə olundu və SSRİ yığması DÇ-1986-ya faktiki olaraq tamamən Kiyev “Dinamo”sundan təşkil edilmiş heyətlə yollandı.

Bizim yığma Meksikada möhtəşəm oynayırdı. Qrupda sovet komandasına kanadalılar, Macarıstanın çox güclü yığması və Avropanın fəaliyyətdə olan çempionları - fransızlar müqavimət göstərirdilər. Biz macarları 6:0 hesabla darmadağın edərək, fransızlarla 1:1 heç-heçə oynayaraq (onlarda Platini hələ də at oynadırdı, Tiqana, Roşto, Stopira, Papen kimi aslar top qovurdular), kanadalıları da asanca 2:0 hesabıyla məğlub edərək qrupda birinci yerə çıxdıq. 1/8 finalda bizi belçikalılar gözləyirdilər.

Belçikanın heyətində Pfaff, Gerets, Kulemans, Şifo kimi möhtəşəm oyunçuların olmasına baxmayaraq, hamı öz oyunu ilə mütəxəssislərlə azarkeşləri ovsunlamış SSRİ yığmasını bu görüşün favoriti hesab edirdi. Ancaq reallıq bizi növbəti dəfə məyus etdi. 

© AFP 2023 / -DÇ-1986: SSRİ Belçikaya qarşı
AVRO-1988: Lobanovski ilə Mixelsin böyük qarşıdurması - Sputnik Azərbaycan
DÇ-1986: SSRİ Belçikaya qarşı

Belçikalılar öz tarixlərinin ən gözəl oyununu keçirdilər və əlavə vaxtda qələbəni qoparmağı bacardılar. Onların dörd qoluna sovet komandası İqor Belanovun üç topu ilə cavab verdi. Bundan belə də futbolçularımızın parlaq oyununu izləyəcəyinə köklənən futbol dünyasının kefi pozuldu, heyhat...

Meksikadakı DÇ-86-nı möhtəşəm Diyeqo Maradonanın benefisi adlandırmaq olar. Məhz o, komandasını qələbəyə daşıdı, Diyeqonun finalda AFR komandasına qarşı oyunda qırğı kimi şığıyaraq dahiyanə qolu isə futbol tarixinin möhtəşəm anlarının qızıl fonduna əbədi həkk oldu.

Bəs bizim yığma? Artıq acı təcrübəyə malik və Lobanovski ilə danışıqların əl-qollarını bağladığı futbol məmurları bu dəfə uğursuzluqda məşqçini günahlandırmadılar, əksinə, rəsmi səviyyədə, sovet mətbuatında komandamızın qurucu oyununu və yaxşı hazırlığını qeyd etdilər.

Lobanovski yığmanın başında qaldı və onu AVRO-1988-in seçmə oyunlarına hazırlamağa başladı. Çempionatın finalı AFR-də keçiriləcəkdi.

© Sputnik / Igor Utkin / Mediabanka keçidSSRi yığmasının futbolçuları
AVRO-1988: Lobanovski ilə Mixelsin böyük qarşıdurması - Sputnik Azərbaycan
SSRi yığmasının futbolçuları

Sovet komandası kifayət qədər mürəkkəb qrupa düşmüşdü: bircə vəsiqə uğrunda o, Avropanın ötən dəfəki çempionları olan fransızlarla, onun üçün yöndəmsiz olan ADR komandası ilə, eləcə də inadkar islandlar və norveçlilərlə mübarizə aparırdı.

Seçmə oyunlarını SSRİ komandası gözəl keçirdi. Özü də bu, təkcə şərqi almanlarla titulunu qorumağa imkan vermədiyimiz fransızları geridə qoyaraq qrupda birinci yerə çıxmağımızla bağlı deyildi. Əsas o idi ki, bizim komanda baxımlı və məzmunlu oyun sərgilədi.

Komanda əla təşkil edilmişdi: qapını həmin dövrdə dünyanın ən yaxşı qolkiperlərindən olan Rinat Dasayev qoruyurdu, müdafiədə çox etibarlı Xidiyatullin, Baltaça, Sulakvelidze, Demyanenko oynayırdılar. Yarımmüdafiədə Aleynikov, Zavarov, Rats, Litovçenko, hücumda isə Belanovla Protasov parlayırdılar. Bundan başqa, ehtiyatda meydandakı aparıcı oyunçunu istənilən an əvəzləməyə qadir peşəkar futbolçu qrupu həmişə hazır idi, odur ki, Avropa çempionatından öncə SSRİ-dəki azarkeşlər optimist notlara köklənmişdilər. 

AVRO-1988-in final turnirində Lobanovskinin komandası döyüşkən irlandlar, ulduz ingilislər və heyrətamiz hollandlarla bir kvartetə düşmüşdü. Kuman, Raykaard, Qullit, van Basten – “Oranye”nin baş məşqçisi Rinus Mixelsin əla oyunçuları vardı və onların köməyilə dahi Yohan Kroyffun ideyalarını gerçəkləşdirməyə çalışırdı.

© Sputnik / Igor Utkin / Mediabanka keçidSSRi yığmasının futbolçuları AÇ-1988 zamanı
AVRO-1988: Lobanovski ilə Mixelsin böyük qarşıdurması - Sputnik Azərbaycan
SSRi yığmasının futbolçuları AÇ-1988 zamanı

Mütəxəssislərin çoxu hesab edirdi ki, o vaxtlar SSRİ ilə Niderlandın yığma komandaları Avropanın ən yaxşılarıdır, ona görə də onların Almaniyanın futbol arenalarında görüşü azarkeşlərdə çılğın maraq doğururdu. İyunun 12-də Kölndə 60 min tamaşaçının gözü qarşısında Vasili Ratsın vurduğu qolla sovet komandası hollandlar üzərində vacib qələbə qazandı. Bu oyunda bir neçə gözəl seyvlə yadda qalan Dasayevin baxımlı oyununu da qeyd etməsəm, olmaz.

Növbəti görüşdə Lobanovskinin komandası qəflətən İrlandiya millisi ilə heç-heçə elədi, qrup mərhələsinin sonuncu turunda isə futbol ixtiraçılarını 3:1 hesabı ilə məğlubiyyətə uğratdı. Hollandlar startdakı məğlubiyyətdən sonra toparlanaraq iki qələbə qazandılar və ikinci yerdən pley-offa çıxdılar, həmin turnirdə pley-off dərhal yarımfinal mərhələsindən sonra başlayırdı.

Püşkatma “Narıncıları” yarımfinalda turnirin ev sahibi ilə üz-üzə qoydu və AFR yığması ilə görüş Mixelsin komandası üçün ağır oldu. 55-ci dəqiqədə Matteus penalti zərbəsi ilə qərbi almanları irəli çıxardı, 20 dəqiqə sonra Ronald Kuman da 11-metrəlikdən hesabı bərabərləşdirdi, 89-cu dəqiqədə isə həmin turnirdə ulduzu parlayan Marko van Basten komandasının ikinci qolunu vuraraq onu finala çıxardı.

SSRİ yığması isə öz yarımfinalında italyanlara heç bir şans vermədi. Birinci hissədə oyun çox cansıxıcı idi, ancaq fasilədən sonra sovet futbolçularının intizamı, məşqçinin tapşırıqlarının dəqiq yetirilməsi və oyunçu ustalığının zirvəsi öz sözünü dedi. Litovçenko ilə Protasov iki dəqiqə ara ilə hərəyə bir qol vuraraq 16 ildən sonra ilk dəfə komandalarına Avropa çempionatının finalına çıxmaq şansı verdilər. 

© Sputnik / Sergey Guneev / Mediabanka keçidOleq Protasov
AVRO-1988: Lobanovski ilə Mixelsin böyük qarşıdurması - Sputnik Azərbaycan
Oleq Protasov

Turnirin həlledici oyunu iyunun 25-də Münhendəki Olimpiya stadionunda baş tutdu. Köhnə Qitənin iki ən yaxşı komandasının oyununu 72 min azarkeş canlı izləyirdi. Həmin gün onlar nəfəskəsən futbola şahidlik etdilər.

Komandaların qrup mərhələsindəki oyununun nəticəsi sovet azarkeşlərini optimizmə kökləmişdi, elə oyun da SSRİ komandası üçün pis başlamamışdı. Hücum xətti bir neçə dəfə əla məqamlar yaratmışdı, müdafiədə isə hər şey tam qaydasındaydı.

Lobanovskinin start heyətində meydana müdafiəçilər Baltaça və Sulakvelidzenin yerinə mərkəz oyunçuları Aleynikovla Ratsı çıxarmasının məni xeyli təəccübləndirdiyini qeyd etməyə bilmərəm. Ola bilsin ki, bu qərar komandanın hücumunu gücləndirmək arzusundan doğurdu, amma nəticədə hər şey heç də Valeri Vasilyeviçin istədiyi kimi alınmadı.

© Sputnik / Igor Utkin / Mediabanka keçidOleq Protasov və Beri Van Arle Avropa Çempionatı zamanı
AVRO-1988: Lobanovski ilə Mixelsin böyük qarşıdurması - Sputnik Azərbaycan
Oleq Protasov və Beri Van Arle Avropa Çempionatı zamanı

34-cü dəqiqədə sovet yığmasının müdafiə xəttinin oyunçuları süni offsaydı sinxron yerinə yetirə bilmədilər,  bundan yararlanan Qullit isə van Bastenin ötürməsini qola çevirərək hesabı açdı. Fasilədən sonra SSRİ yığmasının oyunçuları uğursuz oyunun gedişini dəyişməyə çalışsalar da, dahi van Basten ağlasığmaz iti bucaqdan vurduğu zərbə ilə komandasının üstünlüyünü ikiqat atırdı. 

Sovet futbolçularının, necə deyərlər, qolları boşaldı, onlar mübarizəyə davam etsələr də, aydın görünürdü ki, hollandların ikinci topu onlara təsir edib. Yoxsa Belanovun 68-ci dəqiqədə penaltini uğursuz yerinə yetirməsini başqa nə ilə izah etmək olardı ki? İki il əvvəl Avropanın ən yaxşısı seçilmiş futbolçu bu şansını yaxşı dəyərləndirsəydi, nəticə başqa cür ola bilərdi. Amma van Brökelen SSRİ yığmasının forvardının zərbəsini dəf etdi, “Narıncılar” isə oyunu qələbə ilə bitirdilər.

© AFP 2023 / STAFFMarko Van Basten
AVRO-1988: Lobanovski ilə Mixelsin böyük qarşıdurması - Sputnik Azərbaycan
Marko Van Basten

Mənə elə gəlir ki, əgər Lobanovski eksperimentlərdən imtina edərək meydana həmişəki heyəti çıxarsaydı, sovet komandasının qələbə şansı daha çox olardı. Amma Valeri Vasilyeviç əmin idi ki, Mixels nəsə əlahiddə bir şey fikirləşib, ona görə də onu qabaqlamağa çalışırdı. Ancaq Mixels heç bir sürpriz təklif etmədən, sadəcə özünün parlaq oyunçularına güvəndi, onlar da məşqçilərinin üzünü ağ elədilər.

Hər şeyə rəğmən, SSRİ yığmasının Almaniya meydanlarında çıxışını uğurlu hesab etmək olar, çünki bu gümüş medal 16 il sonra gələn ilk mükafat oldu, finalda isə komanda doğrudan da qitənin ən güclüsünə uduzmuşdu.

Sovet İttifaqında azarkeşlərin çoxu ölkənin əsas komandası ilə fəxr edirdi, çünki həmin vaxt o, doğrudan da, dünya səviyyəli oyun sərgiləyirdi. Biz hamımız ümid edirdik ki, SSRİ yığması gələcəkdə daha güclü olacaq və nəinki Avropanın ən yaxşı komandası adını qaytaracaq, eyni zamanda dünya çempionatını da qazanacaq. O vaxt kimsə heç ağlına da gətirmirdi ki, AVRO-1988 sovet komandasının iştirak edəcəyi son iki iri turnirdən biri olacaq. Heç kim nəhəng dövlətin tezliklə ümumiyyətlə məhv olacağını gözləmirdi. Bunu heç yığmanın oyunçuları da, komandanı DÇ-1990-a hazırlayan Valeri Lobanovski də gözləmirdilər. Ancaq bu barədə gələn dəfə... 

Fuad Məmmədov-Paşabəyli

Xəbər lenti
0