11:55 05 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0122
  • RUB0.0233
İQTİSADİYYAT
Qısa URL
46 0 0

Enerji resurslarından səmərəli istifadə ilə bağlı yeni qanun gəlir. Enerji auditoruna ödəniləcək xidmət haqqının məbləği enerji auditi üzrə təşkilatla sifarişçi arasında bağlanmış müqavilə ilə tənzimlənəcək.

 

BAKI, 28 iyun — Sputnik. Milli Məclisdə "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" yeni qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Bu qanun enerjinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, satışı və istehlakı sahəsində yaranan münasibətləri tənzimləyəcək və bu sahədə fəaliyyət göstərən dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə, o cümlədən son istehlakçılara şamil olunacaq.

Azərbaycanda könüllü enerji auditi keçiriləcək

Qanunun 6-cı maddəsi "Enerji auditi" adlanır. Layihəyə əsasən, enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılacaq. Enerji auditi bu qanunda göstərilən hal istisna olmaqla, könüllü aparılacaq, enerji auditinin nəticəsinə dair hesabat enerji auditinin sifarişçisinə təqdim olunacaq. Məcburi enerji auditi isə 3 ildən bir keçirilcək. Enerji auditorları və enerji auditi üzrə təşkilatlar məcburi enerji auditi aparılan təsərrüfat subyektlərinin tabeliyində ola bilməz.

Enerji auditoru enerji auditini həyata keçirən, energetika və iqtisadi sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə ən azı 3 il iş təcrübəsi olan fiziki şəxs olacaq. Enerji auditi enerji istehlakına dair məlumatın əldə edilməsi və iqtisadi cəhətdən səmərəli enerji istehlakı imkanlarının müəyyənləşdirilməsi məqsədilə qeyri-yaşayış sahələrinin və təsərrüfatların qiymətləndirilməsidir.

Dövlət müəssisələrində, qurumlarında, şikətlərində, dövlətin balansında olan binalarda auditin keçirilməsində yarar var

Enerji auditinin keçirilməsi ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, enerjidən qeyri-effektiv istifadə etmə və sərfiyyatın yüksəlməsi nə kommersiya müəssisələrinə, nə də fiziki şəxslərə sərf edir: "Yəni heç kim enerjidən izafi istifadə edib əlavə ödəniş etmək istəməz. Sadəcə istifadə edilən enerjinin dəyərinin dövlət hesabına ödənildiyi müəssisələrdə enerji auditinin keçirilməsi daha məntiqli olar. Dövlət müəssisələrində, qurumlarında, şikətlərində, dövlətin balansında olan binalarda (Məsələn, məktəblərdə, xəstəxanalarda) belə bir auditin keçirilməsində yarar var. O zaman enerjidən effektiv istifadə edilib-edilmədiyi, problemlərin və itkilərin nə qədər olması barədə müəyyən fikir yürütmək olar. Enerjinin dəyərinin dövlət hesabına ödənildiyi bəzi müəssisələrdə enerjidən istifadədə israfçılıq hallarına yol verilir".

"Abonent enerji auditi sifariş edə biləcəkmi?" məsələsinə münasibət bildirən ekspert deyib ki, beynəlxalq təcrübəyə görə, istehlakçının hüququ pozulursa, məhkəməyə müraciət edir və məhkəmə onun ekspertizasını təyin edir:

"Ekspertiza rəyinə görə, qanun pozuntusunun olub-olmaması məlum olur. Məsələn, əgər sayğac çox yazırsa, bunu auditor deyil, məhkəmə həll etməlidir. Sayğaclarla bağlı şübhə varsa, şəxs məhkəməyə müraciət edir, müstəqil ekspertiza təyin edilir və bu yolla bu məsələ aydınlaşır".

Yeni qanunun hazırlanmasını ictimai sifariş kimi də qiymətləndirmək olar

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, qanun layihəsinin hazırlanmasında beynəlxalq təcrübədən istifadə edilib: "Hazırda ölkəmizdə bu sahədə qüvvədə olan qanunun qəbulundan 25 il keçib və həmin qanun müasir tələblərə qismən cavab verir. Bu baxımdan yeni qanunun hazırlanmasını ictimai sifariş kimi də qiymətləndirmək olar. Yeni qanun qəbul edildikdən sonra enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyəcək. 8 fəsil, 23 maddədən ibarət olan qanun layihəsi enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin məqsədlərini, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamları, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatında səmərəlilik və digər məsələləri özündə ehtiva edir".

Enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestri aparılacaq

Qeyd edək ki, qanun layihəsinə görə, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısı təsdiq ediləcək. Məcburi enerji auditi 3 ildən bir keçiriləcək.

Enerji auditi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almış fiziki şəxslər (enerji auditorları) tərəfindən bu qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

Fiziki şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (enerji auditi üzrə təşkilat) bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edəcək.

Enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirəcək.

İxtisas attestatının forması və verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Energetika və iqtisadi sahələrdə cinayət törətməyə görə məhkum edilmiş şəxslər enerji auditoru kimi fəaliyyət göstərə bilməz. Enerji auditorları və enerji auditi üzrə təşkilatlar məcburi enerji auditi aparılan təsərrüfat subyektlərinin tabeliyində ola bilməz.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrində olan aşağıdakı məlumatları rəsmi internet səhifəsində yerləşdirəcək və müntəzəm olaraq yenilənməsini təmin edəcək:

enerji auditi üzrə təşkilatın adı, təşkilati-hüquqi forması və ünvanı, enerji auditorunun soyadı, adı, atasının adı və ünvanı, ixtisas attestatının nömrəsi, verilmə və qüvvədə olma tarixi, ixtisas attestatının qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi barədə məlumat.

Enerji auditoru ilə enerji auditinin sifarişçisi arasında münasibətlər, eləcə də enerji auditoruna ödəniləcək xidmət haqqının məbləği enerji auditi üzrə təşkilatla sifarişçi arasında bağlanmış müqavilə ilə tənzimlənəcək.

Enerji auditinin keçirilməsi qaydası, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bu qanun qəbul edilsə, 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək

Onu da bildirək ki, bu qanun qəbul edilsə, 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu qanun qüvvəyə mindiyi gündən "Enerji resurslarından istifadə haqqında" Azərbaycan Respublikasının 1996-cı il 30 may tarixli 94-IQ nömrəli qanunu ləğv ediləcək.

Eləcə də oxuyun:

Teqlər:
enerji, audit, Milli Məclis, qanun

Əsas mövzular