Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Şuşa Bəyannaməsinin iqtisadi təfərrüatları - Nə gözləmək lazımdır

© Official website of President of Azerbaijan RepublicИльхам Алиев и Реджеп Эрдоган подписали Шушинскую декларацию о союзнических отношениях Азербайджана и Турции
Ильхам Алиев и Реджеп Эрдоган подписали Шушинскую декларацию о союзнических отношениях Азербайджана и Турции - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
İqtisadçılar "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni şərh ediblər.

BAKI, 17 iyun - Sputnik. İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin iqtisadi təfərrüatlarını iqtisadçılar şərh ediblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Şuşa Bəyannaməsi ilə Azərbaycan dünyanın 17-ci ən böyük iqtisadiyyatına sahib olan Türkiyə ilə əməkdaşlıqdan daha çox faydalanacaq: "Türkiyə 2020-ci ildə 1,8 faiz iqtisadi artım göstərərək pandemiya şəraitində iqtisadiyyatı kiçilməyən nadir ölkələrdən olmaqla yanaşı, bu il də 5 faizdən yüksək artım proqnozu ilə dünyada ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Türk iqtisadiyyatının artım sürəti getdikcə onunla daha çox inteqrasiya olunan Azərbaycanda da iqtisadi artıma stimul verə bilər".

İqtisadçı professorun fikrincə, Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaradır: "Xüsusən də, Bəyannamənin Şuşada imzalanması Qarabağda investisiya mühitinə əlavə bir qarant kimi qiymətləndirilməlidir. Şuşa Bəyannaməsi ilə BP, "Signify" kimi qlobal şirkətlərin Qarabağda sərmayə yatırmaq niyyətləri bir-birini tamamlayır, Qarabağda investor inamı indeksini yüksəldir. İqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Hazırda Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital yatırır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir".

V.Qasımlı bildirib ki, dünyanın müdafiə sənayesi bazarında ilk onluğa iddialı olan Türkiyə ilə Azərbaycanın müdafiə sənayesi sahəsində əməkdaşlıq böyük perspektivlər vəd edir: "Türkiyənin köməyilə Azərbaycan müdafiə sənayesi sahəsində ixrac, idxalın əvəzlənməsi və qlobal dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən imkanlar qazanır. Eyni zamanda Türkiyənin enerji təhlükəsizliyində mühüm rol alan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti ilə əməkdaşlığı iki qardaş ölkənin neft-kimya sahəsində - dounstrimdə irəliləməsi üçün imkan yaradır".

V.Qasımlının sözlərinə görə, Şuşa Bəyannaməsindən sonra ticarət həcminin daha da artması üçün əlavə fəaliyyətlər gözlənilir: "2019-cu ildə Türkiyə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 4,5 milyard dollar olmaqla 14% paya malik olub. Yüksələn trayektoriya üzrə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. Belə ki, 2020-ci ildə iki ölkə arasında ticarət həcmi 4,16 milyard dollar təşkil edib. Azərbaycan və Türkiyə 15 milyard dollar olaraq hədəflənən ticarət həcminə nail olmaq üçün davamlı kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri kimi 1 mart 2021-ci ildən qüvvəyə minən Preferensial Ticarət Sazişi qeyd edilə bilər. Bu saziş 15 mal qrupu üzrə tariflərin azaldılması, qeyri-tarif maneələrinin aradan qaldırılması ilə iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarını artıraraq ölkələrin qoyduqları ticarət dövriyyəsi hədəfinə çatmasını sürətləndirəcək".

Onun sözlərinə görə, Bəyannamədə Zəngəzur dəhlizinə yer ayrılması hər iki ölkə üçün əhəmiyyətlidir: "Təkcə bu il ixrac həcmini 15-20 faiz artırmağı planlaşdıran Türkiyə ticarət dövriyyəsi 6 milyard dollara çatan Mərkəzi Asiya və 21 milyard dollar olan Çinlə iqtisadi əlaqələrdə Zəngəzur dəhlizindən istifadə edəcək. Hətta Zəngəzur dəhlizi Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər. İxracyönümlü Türkiyə iqtisadiyyatı üçün Zəngəzur dəhlizi ixrac marşrutlarının şaxələndirilməsi deməkdir".

Millət vəkili Vüqar Bayramov da bildirib ki, sənəd iki ölkə arasında strateji əməkdaşlığı dərinləşdirməklə yanaşı, iqtisadi münasibətlərin də genişlənməsinə imkan yaradacaq: "Bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır. Bu, ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birlərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir. Ticari şaxələnmənin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını nəzərə alsaq, bu sahədə əməkdaşlıq iqtisadi inkişafın dayanıqlığı baxımından da vacib hesab olunur".

Deputat qeyd edib ki, digər mühüm məqam malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsidir: "Bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib. Saziş 15 mal qrupunu əhatə edir. Bu Saziş nəticəsində iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Bu o deməkdir ki, artıq bu sahədə real addımlar atılmaqdadır. Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq üçün yeni imkanlar yaradacaq. 4,5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 33 faiz, 2017-ci illə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb".

"Sənəddə Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi də nəzərdə tutulur. Ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur. Bu isə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın artıq güclənməsindən xəbər verir", - deyə o qeyd edib.

Deputat deyib: "Vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir: "Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək. Bütövlükdə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq".

Prezidentlərin Şuşa səfəri

Qeyd edək ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Şuşa Bəyannaməsi

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

Xəbər lenti
0