BAKI, 9 iyun — Sputnik. Azərbaycan qazı ilə təchiz olunacaq Yunanıstan-Bolqarıstan boru kəmərində (Interconnector Greece – Bulgaria, IGB) tikinti işləri sürətləndirilmiş templə davam edir və kəmərin tikintisi əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq 2021-ci ilin sonunda başa çatdırılacaq. Bu barədə IGB qaz kəmərinin saytında məlumat verilib.
Bununla yanaşı, IGB-nin kommersiya istismarına 1 iyul 2022-ci ildən gec olmayaraq başlanılacaq. Tikinti işləri uğurla başa çatdırıldıqdan sonra qaz kəmərinin istismara verilməsi üçün bütün hüquqi prosedurların yerinə yetirilməsi, lisenziyalaşdırma, kəmərin sınaqdan keçirilməsi və sertifikatlaşdırılması üçün 4-6 ay vaxt tələb olunur.
Bu günlərdə Bolqarıstanın energetika naziri Andrey Jivkov Yunanıstanla magistral yolundakı inşaat meydançalarından birinə baş çəkərək qaz kəmərinin tikintisi ilə şəxsən maraqlanıb.
Jivkov qeyd edib ki, Lozenqrad kəndindəki sərhəd zonasında yerləşən magistral yol ümumi uzunluğu 182 kilometr olan marşrutun ən çətin hissəsidir.
"Çətin coğrafi şərait, qayalıq ərazi və sıx meşələr – bu, tikinti briqadalarının çox qısa vaxt ərzində aradan qaldırmalı olduqları təbii problemlərdən yalnız bir neçəsidir", – deyə nazir qeyd edib.
Podratçı şirkət naziri əmin edib ki, belə dağ şəraiti üçün uyğun qaynaqçı briqadaları, çoxsaylı ixtisaslaşdırılmış ağır texnika və bu sahədə uzun illik təcrübəyə malik idarəetmə heyətini bir araya toplayıb.
Bu günə qədər boru kəməri üzrə marşrut tamamilə təmizlənib, əlavə işlərin görülməsi üçün tədarük olunan boruların 90%-dən çoxu sahələrə çatdırılıb. 182 kilometrlik IGB kəmərinin yalnız 30 kilometrində qaynaq işlərinin başa çatdırılmasına ehtiyac var.
İnşaatın yekunlaşması təxirə düşmüşdü
Sofiyanın Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə illik bir milyard kubmetr təbii qaz idxal etmək barədə 25 illik müqaviləsi qüvvəyə minəndə 240 milyon avro dəyərindəki "Interconnector Greece-Bulgaria" boru kəmərinin 2020-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulmuşdu. Bununla belə, koronavirus pandemiyası və əlavə ətraf mühit qiymətləndirilməsi səbəbindən tikintinin yekunlaşdırılması təxirə düşüb.
Uzunluğu 182 kilometr, ötürücülük qabiliyyəti illik 3 milyard kubmetr olan IGB qaz kəməri Bolqarıstanın Dövlət Enerji Şirkəti (BEH), Yunanıstanın DEPA təbii qaz şirkəti və İtaliyanın "Edison" şirkəti ilə ortaq şəkildə inşa olunur.
Hazırda Bolqarıstan təbii qaza olan illik 3 milyard kubmetr həcmindəki ehtiyacını Rusiyadan idxal etdiyi mavi yanacaq hesabına təmin edir.
Xatırladaq ki, IGB təbii qazı Şahdəniz-2 yatağından Avropa bazarlarına çatdırılmaq üçün nəzərdə tutulmuş TAP ümumi qaz kəmərindən alacaq.
TAP – hər il Avropa bazarlarına 10 milyard kubmetr qazın nəql ediləcəyi "Cənub qaz dəhlizi"nin Avropa qolu, birləşdirici layihədir. Boru xəttinin potensialı onun buraxılış qabiliyyətini iki dəfə - ildə 20 milyard kubmetrədək artırmağa imkan verir.
Eləcə də oxuyun:
-
Azərbaycan gələcəkdə Aİ-95 markalı benzinin qiymətini özü müəyyən edə bilər - SOCAR
-
SOCAR rəsmisi benzin qiymətlərindəki artımın səbəblərini açıqlayır
-
Aİ-dən Azərbaycan istiqamətində yeni qaz xətti: Bakı “Qazprom”a rəqib olur?
-
Putin: "Qazprom" "Şimal axını-2" kəmərinə qaz vurmağa hazırdır