CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərhəddə tarıma çəkilən əsəblər - Təkliflər var, növbə isə sorulmur - VİDEO

© Sputnik / Sergey Ermohin / Mediabanka keçidМногокилометровая очередь из грузовых автомобилей, фото из архива
Многокилометровая очередь из грузовых автомобилей, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.06.2021
Abunə olmaq
Göyçaydan başlanan fermer narazılığı "inkişaf edərək" hazırda Azərbaycan-Rusiya sərhədinə dayanıb. Günü-gündən xərcləri kimi, digər həyati problemləri də artan sürücülərin dərdini Sputnik Azərbaycan-ın müxbiri Leyla Abdullayeva dinləyib.

BAKI, 7 iyun - Sputnik. Günlərdir Rusiya-Azərbaycan sərhədində yerləşən Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində tıxac yaranıb. Bu vəziyyətdən narahatlıq keçirən yük maşınlarının sürücüləri öz narazılıqlarını Sputnik Azərbaycan-a bildiriblər.

Yeddi yüzdən çox maşın gözləmədədir

Sürücü Vəfadar Abdullayev tıxacın apardıqları yükün xarab olmasına səbəb olduğunu, bu üzdən Rusiya bazarlarında məhsulu təhvil verdikdə böyük çətinliklərlə qarşılaşdığını deyir: “Artıq neçə gündür ki, biz sərhəddə qalmışıq. Hal-hazırda 700-dən çox maşın gözləmədədir. Biz indi mövsümi olaraq ən çox  pomidor və gilas daşıyırıq. Hər iki məhsulun çox tez xarab olma təhlükəsi olduğundan günlərlə sərhəddə qalmağımız bizi çox narahat edir. Bəzən olur ki, on günlərlə tıxacda qalırıq. Min kilometrlərlə yol gedirik, bu müddətdə məhsulun yolda xarab olma təhlükəsi ilə üz-üzə gəlirik. Malı təhvil verən zaman yükü götürən şəxslərlə çox vaxt mübahisələrimiz də düşür. Artıq belə hallar bizim əsəb sistemimizi korlayıb. Vaxtında sərhədi keçsək, bu problemlərin heç biri ilə qarşılaşmarıq”.

"Onu da qeyd edim ki, hər dəfə biz bu problemlə Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində qarşılaşırıq. Yəni bizim tərəfdə deyil, Rusiya sərhədində baş verir", - V.Abdullayev əlavə edib.

Ac, susuz və hamamsız

Daha bir sürücü Natiq Səlimov tıxac yaranan zaman onlara dəyən maddi ziyandan söhbət açdı: 

"Biz günlərlə tıxacda qalanda apardığımız malın xarab olmaması üçün maşının soyuducusunu işlək vəziyyətdə saxlamaq məcburiyyətində qalırıq. Soyuducu işləyən zaman daha çox yanacaq sərf edirik. Bu da cibimizə xeyli ziyan vurur. Bundan başqa, gömrük məntəqələrində, demək olar ki, heç bir şərait yoxdur. Günlərlə ac-susuz qalırıq. Məcbur qalıb özümüzlə xarab olmayan konservləşdirilmiş məhsullar götürür və onunla qidalanırıq. Bu da təbii olaraq səhhətimizdə problemlər yaradır”.

"Burada  normal şərait olmadığından günlərlə çirkin-pasın içində qalırıq. Və təəssüf ki, yaranan tıxac  təsadüfi olan bir şey deyil. Biz tez-tez bu problemlə qarşılaşırıq. Hələ də bu problemin həlli yolunu tapmırlar. Biz yoxlanışa girəndə 5-6 saat yoxlanışda qalırıq. İnanırıq ki, tezliklə bu problemimiz həll olunacaq və biz bir daha belə narahatlıqlar yaşamayacağıq", - N.Səlimov qeyd edib.

Samur gömrük məntəqəsindən izah

Məsələ ilə bağlı Samur gömrük məntəqəsinin rəisi Eyvaz Əliyevlə əlaqə saxladıq. O, Sputnik Azərbaycan-a açıqlamasında yaranan problemi Rusiya tərəfinin gömrük postunda texniki imkanların aşağı olması və mövsümlə əlaqələndirdi.

"Hal-hazırda baş verən sıxlığın bir neçə səbəbi var. Birinci səbəb mövsümlə əlaqədardır. Yüklərin çox olması tıxaclara səbəb olur. Bundan başqa, qarşı tərəfin buraxılış qabiliyyətinin aşağı olması səbəbindən tıxaclar yaranır. Onlarda texniki imkanlar bizə nisbətdə zəifdir. Kompüter sistemi tez-tez xarab olur. Buna görə də gün ərzində 200-dən artıq yük avtomobilinin keçidini təmin edə bilmirlər. Amma son günlər bəzi nasazlıqlar aradan qaldırılıb və yavaş-yavaş vəziyyət stabilləşməyə doğru gedir”.

Dağıstanlı məmurun təklifi

Problemlə bağlı bir neçə gün öncə müraciət etdiyimiz Dağıstan gömrüyünün rəhbəri, gömrük xidmətinin polkovniki Sergey Trotsko həm Rusiyanın sərhəd xidməti, həm də Dağıstan gömrüyü sərhədkeçmə qabiliyyətini artırmaq üçün əllərindən gələni etdiyini bildirmişdi.

Rəisin sözlərinə görə, hazırda buraxılış qabiliyyəti layihə göstəricilərini iki dəfə üstələyir.

“Yəni layihə və faktiki buraxma qabiliyyəti var. Biz faktiki olaraq layihənin icazə verdiyindən iki dəfə artıq insanı sərhəddən keçiririk. Hər gün 300 yük maşını keçir buradan. Bu göstəricini artırmaq üçün işlər görülür. İndi buraxılış məntəqəsinin rekonstruksiyası aparılır – bu, birinci mərhələdir. Sonra ikinci mərhələ başlayacaq, onu da 2022-ci ilin ortalarınadək yekunlaşdırmağı planlaşdırırıq”, - Trotsko qeyd edib.

“Alternativ nəqliyyat növləri var və onlardan istifadə etmək lazımdır, xüsusilə də dəmir yolundan, məsələn, bir dəmiryolu qatarı – 150 tır (yük maşını) deməkdir. Əgər dəmiryolu ilə vaqonlar göndərilsə, on gün ərzində Yaraq-Qazmalarda və yaxınlıqdakı buraxılış məntəqəsində bir maşın da qalmaz. Dəmir yolu da açıqdır. Sual daşıyıcılaradır ki, göndərən də, daşıyıcılar da, alıcılar da alternativ kimi bu nəqliyyat vasitəsindıən istifadə etsinlər”, - o deyib.

Trotskonun sözlərinə görə, Dağıstan gömrüyünün gün ərzində bir neçə dəmiryol qatarını buraxmaq üçün gücü, imkanı və vasitələri var. Hətta gündə bir qatar Yaraq Qazmalardakı gərginliyi azalda bilər.

“Əlavə Xanoba gömrük-keçid məntəqəsinin açılacağı barədə söhbət gedir. Sizin tərəfdə onun tam rekonstruksiyası aparılır. O, Yaraq Qazmalardakı yükü müəyyən qədər azaldacaq.

Azərbaycan Dəmir Yolları kömək etməyə hazırdır

Alternativ variant kimi təklif edilən dəmir yolu nəqliyyatı ilə bağlı Azərbaycanın müvafiq qurumu - Dəmir Yolları QSC-dən “Report”a bildirilib ki, bununla əlaqədar, yük əməliyyatlarına açıq olan bütün stansiyalarında, 24 saat ərzində yüklərin vaqonlarla qəbulunun (soyuducu vaqonlar daxil olmaqla) mümkünlüyünə hazırdır:

“Hazırkı dövr üçün dəmir yolu ilə daşımalar avtonəqliyyat vasitələri ilə daşımalarla müqayisədə çatdırılma müddəti daha az, sərhəd keçid prosedurları 2 dəfə sürətli və təyinat məntəqəsindən asılı olaraq, 20-25% aşağı qiymətə başa gəlir.

Məhsulların ixracını sürətləndirməklə ixracatçılara dəstəyin verilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ məsələlərin həlli məqsədilə qaynar xətt yaradılıb”.

Problem necə yarandı

Azərbaycanda kənd təsərrüfatı məhsullarını istehsal edən fermerlər onun satışında problem yaşayırlar. Onların sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib.

Mayın 25-də Göyçay fermerləri Ləkciplaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyirlər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib. Əslində Rusiya tərəfi də məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür.

Digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır. Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir.

Rosselxoznadzor-un qadağaları

Qeyd edək ki, 2020-ci il dekabr ayının 10-dan etibarən Rosselxoznadzor Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyub. Buna səbəb idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlərin aşkar edilməsi olub. 

Bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və iş adamlarının Rosselxoznadzor-la çoxsaylı təmasları sayəsində bir sıra müəssisələrdən Rusiyaya pomidor ixracını bərpa edə biliblər. Lakin bu icazə ölkədə istehsal olunan və Rusiya bazarlarını hədəfə alan pomidorla bağlı problemləri kökündən həll etmək üçün yetərli olmayıb. 

Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.

Eləcə də oxuyun:

  • "Samur" postunda 1500-dən çox yük maşını Rusiyaya keçmək üçün gözləyir

  • Gömrük Komitəsi "Samur" gömrük postundakı sıxlığın səbəbini açıqladı

  • Göyçayda pomidor qiyamı: Sərhəddəki tıxac və inhisarçılıq fermerlərin belini qırıb

Xəbər lenti
0