Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

KTN rəsmisi: "Gömrük postundakı sıxlıqların səbəbi..."

© AP Photo / dpa / Robert MichaelГрузовики, фото из архива
Грузовики, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.05.2021
Abunə olmaq
Vüqar Hüseynov: "Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı portalı (http://tedaruk.az/) var. Kim məhsulunu satmaq istəyirsə, bu saytda qeydiyyatdan keçir"

BAKI, 29 may — Sputnik, Xalid Məmmədov. Bəzi fermerlər məhsullarını ucuz qiymətə satdıqlarını söyləyirlər. Onların fikrincə, məhsulu yetişdirmək üçün xeyli xərc çəkirlər və nəticədə ucuz qiymətə satmış olurlar.

Qeyd edək ki, Göyçayda fermerlər məhsullarını satışa çıxarmaqda çətinliklə üzləşiblər. Göyçayın Ləkçıplaq kəndində tonlarla pomidor məhsulları alıcısız qalıb. Kəndlilər bunun səbəbini məhsullarını Rusiya bazarına çıxara bilməmələri ilə izah ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Sputnik Azərbaycan-a deyib ki, fermer məhsulunu yetişdirməkdə və satmaqda sərbəstdir: "Yəni bu gün kimsə deyir ki, "mənim məhsulum satılmır, dövlət bunu məndən alsın". Belə bir mexanizm heç bir yerdə yoxdur. Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı portalı (http://tedaruk.az/) var. Kim məhsulunu satmaq istəyirsə, bu saytda qeydiyyatdan keçir. Kimin məhsulu varsa, bu saytda qeydiyyatdan keçir, onunla əlaqə saxlayırlar. Burada 3-5 kiloqram söhbəti getmir, saytda məsələn, xəstəxanaların, uşaq bağçalarının tələbatı ilə bağlı elanlar yerləşdirilir. Digər tərəfdən, yavaş-yavaş Rusiyanın müvafiq qurumu tərəfindən bizim müəssisələrdən Rusiyaya məhsul ixracına icazə verilir".

"İndi kimsə fermerə deyəndə ki, bəs, niyə pomidorun kilosunu 3-5 manata satırsan, fermer deyir ki, öz məhsulumdur, istədiyim qiymətə sata bilərəm. Məhsulu satılmayanda isə fermer deyir ki, məhsulumu dövlət alsın. Fermer hansı məhsulu əkməsində, hansı qiymətə satmasında sərbəstdir. Bazar tələb-təklif əsasında formalaşır", - deyə o bildirib.

Dövlət Gömrük Komitəsinin məsələyə baxışı

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, son günlər Rusiya Federasiyası ilə sərhəddə yerləşən "Samur" gömrük postunda Rusiya Federasiyası istiqamətində hərəkət edən yük nəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur. Buna səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır. Hazırda "Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsinin imkanları hələlik bu rəqəmi artırmağa imkan vermir.

Azərbaycan tərəfdə yerləşən "Samur" gömrük postu hazırkı yük axınını növbələr yaranmadan qəbul etmək və müvafiq gömrük nəzarət tədbirlərini həyata keçirərək yola salmaq imkanlarına malikdir: "Sıxlıqların yaranmasına səbəb isə Rusiya tərəfdəki gömrük-keçid məntəqəsinin bu həcmdə nəqliyyat vasitəsini qəbul edə bilməməsidir. Hazırda problemin həlli istiqamətində lazımi addımlar atılır, qarşı tərəfin gömrük orqanları ilə mütəmadi danışıqlar aparılır və yaxın günlərdə sıxlıqlar tam aradan qaldırılacaq".

Azərbaycan və Rusiyanın birgə tədbirləri

Onu da bildirək ki, Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

Həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq "Rosselxoznadzor" tərəfindən 25 may 2021-ci il tarixindən daha 5 pomidor istehsalı müəssisəsindən də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 131 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 299718 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 166,55%-ni təşkil edir.

Həmçinin oxuyun:

Göyçayda pomidor qiyamı: Sərhəddəki tıxac və inhisarçılıq fermerlərin belini qırıb

Gömrük Komitəsi "Samur" gömrük postundakı sıxlığın səbəbini açıqladı

Dağıstanlı məmur şimal sərhədimizdəki problemin həlli yolunu göstərdi: "Alternativ var"

Xəbər lenti
0