Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 8 aprel — Sputnik. Rusiya günəbaxan yağının ixracı üçün rüsum tutulmasını təsdiqləyib. Bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb. Yeni gömrük rüsumu bu il sentyabrın 1-dən gələn il sentyabrın 1-dək tətbiq ediləcək. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyində hesab edirlər ki, ixrac rüsumunun tətbiqi daxili bazarda bu məhsulun qiymətini sabit saxlamağa imkan verəcək.
Bəs, Rusiyanın bu addımı Azərbaycanda günəbaxan yağının qiymətinə təsir edəcəkmi?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, Rusiyada günəbaxan yağının ixracına gömrük rüsumu tətbiq edilsə, bu, Azərbaycanda qiymətə təsir edəcək: "Azərbaycan indidən bu istiqamətdə alternativ ölkələrin axtarışlarına başlamalıdır. Çünki günəbaxan yağının Ukrayna və Belarusdan da gətirilməsi mümkündür. İndidən həm qiymətlərin müqayisə olunmasına, həm də logistik hesablamaların aparılmasına ehtiyac var. İstər-istəməz gömrük rüsumu artdıqca Rusiyadan gətirilən günəbaxan yağının maya dəyəri yüksələcək. Bu da Azərbaycanda bazara təsir edən əsas amillərdən birinə çevriləcək. Rusiyadan Azərbaycana günəbaxan yağı təkcə qablaşdırılmış şəkildə deyil, qablaşdırılmamış şəkildə də gətirilir və yerli istehsal adı altında bazara çıxarılır. İxrac rüsumunun artması onların da qiymətinə təsir göstərəcək. Ona görə də bu istiqamətdə Ukrayna və Belarusdan alternativ mənbə kimi istifadə edilməsində yarar var".
"Ötən il dünyada ərzaq indeksi 10 faizdən çox artıb və bu, pandemiya ilə bağlıdır. Bəzi ölkələr daxili bazarı qorumaq üçün rüsum siyasətində dəyişiklik aparıblar. Hazırda dünyanın bir çox ölkələri daxili bazarı qorumaq üçün Rusiya kimi bənzər addımlar atırlar. Qiymət baxımından Türkiyədə günəbaxan yağları daha bahadır. Bəzi hallarda bizim daxili bazarda Türkiyədən gətirilən günəbaxan yağlarının qiyməti az qala iki dəfə Rusiya məhsullarını üstələyir. Ona görə də alternativ olaraq Ukrayna və Belarus daha ucuz bazar ola bilər", - deyə iqtisadçı bildirib.
İqtisadçı Mircavid Həsənov da Sputnik Azərbaycan-a deyib ki, ixrac rüsumunun artması Rusiyadan Azərbaycana gətirilən günəbaxan yağının qiymətinə təsir edəcək: "Rusiyadan gətirilən günəbaxan yağının qiyməti qalxacaq. Bizdə günəbaxan bitkisinin əkini azlıq təşkil edir. Bizdə günəbaxan yağının istehsalı çətindir. Kifayət qədər suvarılan sahələrimiz yoxdur. Suvarılan sahələrə günəbaxan bitkisi əkməkdənsə, bağ salmaq daha gəlirlidir. Rusiyada isə dəmyə (suvarılmayan) ərazilərdə də bu bitki əkilə bilir, çünki yağıntı çoxdur. Rusiyada ərazilər çoxdur, bəlkə 1 ton yağ əldə etmək üçün min hektarlarla əkin aparılmalıdır. Azərbaycanın isə o qədər suvarılan əraziləri yoxdur. Bu istiqamətdə idxaldan asılılığımız davam edəcək. Türkiyə və Ukrayna əsas alternativ bazar ola bilər".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk iki ayında ölkədə duru bitki yağları istehsalı 16 faiz artıb. 2020-ci ilin yanvar ayı ilə müqayisədə 2021-ci ilin yanvar ayında ölkəyə bitki yağları idxalı 24,2 faiz azalıb. 2021-ci ilin yanvar ayında 2020-ci ilin eyni ayı ilə müqayisədə bitki yağları ixracı 46,2 faiz azalıb.