Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 30 mart — Sputnik. Ərzaqların qiymətinin qalxması ilə illik ərzaq inflyasiyası 3,7 faiz artıb. Ərzaq inflyasiyasının qalxması ilə bir sıra məhsulların da bahalaşacağı gözlənilir. İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında çörək və digər məhsulların qiymət artımından danışıb. Ekspert qiymət artımının səbəblərindən danışıb: "Gündəlik olaraq hər birimizi narahat edən məsələlərdən biri ərzaq inflyasiyasının, qiymətlərin artımıdır. Qiymətlərin qalxmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb olaraq qeyd edim ki, bu gün dünyada da ərzaq indeksində ciddi artım oldu. Ötən ildə ərzaq indeksi dünyada 10 faizdən yuxarı bahalaşdı. Bu da əsasən pandemiya ilə əlaqəli oldu. Ölkələr qapandı və daxili bazarı qorumaq üçün kifayət qədər sərt tədbirlər görüldü, idxal rüsumları qalxdı. Elə Azərbaycanın ən çox taxıl aldığı Rusiya da fevralın 1-dən taxılın ixrac rüsumunu hər tona görə 25 avrodan 50 avroya qaldırdı. Bu da qiymətlərə kifayət qədər ciddi təsir edən bir amilə çevrilir".
N.Cəfərlinin sözlərinə görə, bahalaşmaya səbəb olan daxili amillər də var: "Yanvarda dizel yanacağının qiymətinin 34 faiz qalxması həm logistika, həm də kənd təsərrüfatı məhsullarının yığılması və emalı ilə bağlı da xərcləri artırdı. Bu da təbii olaraq ərzaq inflyasiyasına təsir edən amillərdən birinə çevrildi. Artıq qiymətlərin artımı kifayət qədər nəzərəçarpacaq səviyyədə gedir. Düşünürəm ki, dizel yanacağının qiymətinin artması bazara çıxacaq yeni yerli məhsulların da qiymətinə təsirsiz ötüşməyəcək. Bazara çıxacaq mövsümi məhsullar ötənilki ilə müqayisədə daha baha olacaq. Bunun qarşısını almağın inzibati yolları yoxdur. İnzibati yollarla müdaxilə etmək lazım deyil və buna ehtiyac da yoxdur. Çünki belə bir addımın atılması əksinə, qıtlığa səbəb ola bilər".
Ekspert deyir ki, hökumət tərəfindən iqtisadi alətlərlə müəyyən addımlar atılır. Onun sözlərinə görə, məsələn, Azərbaycanda taxılın idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad olunması bu sahədə atılan addımlardan biri idi: "Ölkə daxilində istehsalı az olan ərzaq növlərinə də müvəqqəti vergi güzəşləri tətbiq oluna bilər. Bu yolla müəyyən qədər də olsa, qiymətləri sabit saxlamaq və kəskin qiymət artımının qarşısını almaq olar".
İqtisadçı deyir ki, ərzaq inflyasiyasının davam etdiyi bir vəziyyətdə çörəyin qiymətinin qalxması mümkündür: "Çünki Rusiyanın ixraca görə tətbiq etdiyi yeni qaydalar və Qazaxıstan və Ukraynanın da bu təcrübədən yararlanmaq niyyəti əmtəəlik taxılın, yəni, çörək istehsalında istifadə olunan taxılın bahalaşmasına səbəb olacaq. Nəticə etibarı ilə unun qiymətinin artması ilə çörəyin də qiyməti qalxa bilər".
"Bəzi məlumatlara görə, kommunal xidmət xərcləri də arta bilər. İctimai nəqliyyatda da gediş haqqında artım ola bilər. Yəqin ki, metro açılanadək biz orada qiymət artımını görməyəcəyik", - deyə N.Cəfərli əlavə edib.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar bir sıra ərzaq mallarına tələbatın artması fonunda əsassız qiymət artımının, yəni qiymətlərin obyektiv əsas olmadan artırılması hallarının vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər intensivləşdirilib. Monitorinqlərin nəticələri təhlil olunaraq, əsassız qiymət artımının olub-olmaması araşdırılıb.
Monitorinq zamanı həmçinin maarifləndirmə işləri də aparılaraq sahibkarlara əsassız qiymət artımına yol verilməməsi, marketlərdə qiymətlərin malların üzərində düzgün göstərilməsi, kassa qiymətləri ilə eynilik təşkil etməsi, istehsalçılarla market şəbəkələri arasında əməkdaşlığın gücləndirilməsi, satılan məhsulun keyfiyyəti və qiyməti barədə narazılıqlar olduğu halda məsələnin ciddi və operativ araşdırılması, istehlakçı hüquqlarının təmin olunması və müştəri məmnuniyyətinin yüksəldilməsi barədə tövsiyələr verilib.