00:40 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0332
İQTİSADİYYAT
Qısa URL
28430

"Süveyş kanalında baş verən gəmi qəzası ölkəmizin də aktiv iştirak etdiyi "Şimal-Cənub" nəqliyyat dəhlizinin əhəmiyyətini aktuallaşdırdı. "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimaldan yüklərin Azərbaycan üzərindən Hindistana qədər daşınmasına imkan yaradacaq".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Süveyş kanalının bir həftəyə yaxın müddətdə bağlanmasına səbəb olan "Ever Given" yük gəmisi tədricən üzməyə başlayıb. Sputnik Azərbaycan "BloombergHT"ə istinadla xəbər verir ki, saya oturmuş 400 metr uzunluğunda olan gəmini yerindən tərpətmək mümkün olub. Misir prezidenti Abdel Fəttah əs-Sisi isə bir qədər öncə "Twitter" səhifəsində "Ever Given" konteyner gəmisinin saydan çıxarıldığını və Süveyş kanalının açıldığını elan edib. Hazırda kanaldan keçmək üçün ən azı 450 gəminin növbədə olduğu təxmin edilir. 

"Ever Given"in Süveyş kanalını bağlaması fonunda dünyada neftin qiymətlərində artım nəzərə çarpıb: düzdür, həftə ərzindəki yüksəlişə rəğmən, bazar ertəsi səhər alqı-satqı 2%-lik enmə ilə başlasa da, sonradan vəziyyət stabilləşib. Brent markalı neftin Şimal dəniz qarışığının iyun fyuçersi 1 barrel üçün 0.98% artaraq 65.06 dollara, may fyuçersləri isə 0.56% bahalaşaraq 64.93 dollara çatıb. WTI neftinin may fyuçersləri 1 barrel üçün 0.61% artaraq 61.34 dollara çatıb.

Bakıda neft buruqları, arxiv şəkli
© AFP 2021 / MLADEN ANTONOV

Kanalın açılması ilə bu dəyişikliklərin dayanıqsız olacağı təxmin edilsə də, belə görünür ki, Süveyş kanalında daha bir oxşar problem neft və qaz qiymətlərinə, dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Bu hadisə Azərbaycan ərazisindən də keçən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətini aktuallaşdırır. 

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, kanalın bağlanmasından sonrakı bir neçə gün ərzində dünyada neftin qiyməti ümumilikdə 5 faiz artıb: "Gəmi qəzası dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Kanalın normal iş rejiminə keçməsi uzandıqca bunun dünya iqtisadiyyatına, o cümlədən neft və qazın qiymətlərinə təsirləri də artacaq. Tələb və təklifə görə qiymət formalaşacaq. Vaxt itkisi pul itkisi deməkdir. Kanaldan asılılığı aradan qaldırmaq, alternativ yollar axtarmaq lazımdır. Alternativ yol Azərbaycandan keçən İpək Yoludur. Bir xətdən asılı olmaq yaxşı deyil. Artıq dünya ölkələri çalışırlar ki, bir mənbədən asılı olmasınlar. Bu böhran Azərbaycan kimi ölkələr üçün yeni imkanlar yaradacaq. Bu hadisə mesaj oldu ki, bir alətdən, bir mənbədən asılılığı aradan qaldırmaq lazımdır. Alternativlər olmalıdır. 19-cu əsrdə Şərqdən Qərbə məhsulların daşınması üçün Süveyş kanalı İpək Yoluna alternativ kimi yaradılıb. Gəmi qəzası Azərbaycan kimi ölkələrin əhəmiyyətini artıracaq".

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, Aralıq dənizi və Qırmızı dənizi bir-birinə bağlayan Süveyş kanalında baş verən gəmi qəzasından sonra kanalın qismən bərpası mümkün olsa da hələ də bu dəhliz tam gücü ilə çalışmır: "İlkin qiymətləndirmələrə görə, bu kanalın bir həftəlik bağlanması dünya iqtisadiyyatı üçün 10 milyard dollaradək xərc yaradır. Dəniz nəqliyyatının bağlanması Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) nəqlini də çətinləşdirirdi. Süveyş kanalında baş verən son qəza neft bazarında ilk gün 5 faizə yaxın qiymət artımına səbəb olsa da təchizat ilə bağlı investorların narahatlıqları son günlər xeyli səngiyib və bu da "qara qızılın" birjalarda satışının bu gün səhər 2 faizlik azalma ilə başlamasına səbəb olub. Göründüyü kimi, fundamental səbəblər olmadan neftin qiyməti hələlik 70 dollarlıq psixoloji həddi keçib və o intervalda stabilləşməsi real görünmür".

"Bununla yanaşı, Süveyş kanalında baş verən gəmi qəzası ölkəmizin də aktiv iştirak etdiyi "Şimal-Cənub" nəqliyyat dəhlizinin əhəmiyyətini daha da artıracaq. "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimaldan yüklərin Azərbaycan üzərindən Hindistana qədər daşınmasına imkan yaradacaq. Azərbaycan həm investisiya, həm infrastruktur baxımından layihənin reallaşmasına dəstək verir. Layihənin genişlənməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beləliklə, Süveyş kanalında baş verən qəza dünya üçün beynəlxalq nəqliyyat dəhlizləri baxımdan yeni reallıqları gündəmə gətirdi", - deyə deputat bildirib.

Qeyd edək ki, "Ever Given" yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. Gəmi Çindən Niderlanda doğru hərəkət edirmiş. Martın 24-də gəmi kanalın 151-ci kilometrliyində batıb.

Xatırladaq ki, Aralıq dənizi ilə Qırmız dənizi birləşdirən Süveyş kanalı Avropa ilə Asiya arasında yerləşir. Onun uzunluğu 160 km, eni 250 m, dərinliyi isə 20 m-dir. Gündə kanaldan 50-yə yaxın gəmi keçir.

"Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli  isə 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya, Tacikistan, Türkiyə, Ukrayna).

Teqlər:
Şimal-Cənub tranzit dəhlizi, Azərbaycan, qiymət, qaz, neft, gəmi, Süveyş kanalı

Əsas mövzular