21:46 02 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
İQTİSADİYYAT
Qısa URL
33911

"Belə çıxır ki, "Azərişıq" ASC xidmət haqqını verməkdən imtina edib və bunu da qeyri-əhali qrupunun üzərinə qoyublar. Əslində ilkin olaraq qeyri-əhali qrupunun ziyan gördüyünü desək də, nəticə etibarilə bu vəsaiti yenə də biz ödəmiş olacağıq" - Natiq Cəfərli

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 12 fevral — Sputnik. Ötən gün qeyri-əhali qrupunun "Milli Ön" vasitəsi ilə hər ödənişə görə 1 manat da əlavə ödəməsi ilə bağlı yayılan məlumat böyük rezonansa səbəb oldu. Məsələ ilə əlaqədar olaraq "Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda istehlakçılara bildirilir ki, istifadə edilən elektrik enerjisinin dəyəri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərlə tənzimlənir ki, təqdim olunan bildiriş və hesab fakturalarda bu, açıq-aydın göstərilməkdədir:

 "Təəsüf ki, bəzi media orqanları ödəmə terminalının nümayəndəsinin sözlərini “Azərişıq” ASC adından təqdim etməklə abonentlər arasında çaşqınlıq yaradıb. “Azərişıq” ASC tərəfindən istehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb olunmur. Əhali istehlakçıları tərəfindən nağd ödəmələrə görə aparılan əməliyyatların xərci isə “Azərişıq” ASC tərəfindən ödənilir. Yəni əhali abonentlərimizdən ödəmə terminalı ümumiyyətlə hər hansı bir əlavə xidmət haqqı ala bilməz".

"Bir daha bildiririk ki, qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən ödəmə terminallarına nağd ödəniş zamanı xidmət haqqı tətbiq olunmasının “Azərişıq” ASC ilə heç bir əlaqəsi yoxdur. Əksər qeyri-əhali (kommersiya müəssisələri və s.) istehlakçıları tərəfindən istifadə etdikləri enerji haqlarına görə ödənişləri banklar vasitəsi ilə köçürmə yolu ilə aparılır, nağd ödənişlər zamanı isə ödəniş operatorları üzrə seçimi abonent özü müəyyən edir", - deyə "Azərişıq" ASC-dən verilən məlumatda bildirilib.

İqtisadçı ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında belə bir addımın atılmasını tamamilə məntiqsiz hesab edir: "Ölkədə hansısa tariflər və rüsumlarla bağlı qərarın verilməsi nə dövlət, nə də kommersiya şirkətlərinin səlahiyyətindədir. Yəni belə bir qərarı nə "Milli Ön", nə də ki dövlət şirkətləri öz qərarları ilə qəbul edə bilərlər. Belə bir qərarın verilməsi çox pis bir örnək yaradır, gələcəkdə hansısa şirkətlər əhali, yaxud da qeyri-əhali qrupu üçün eyni qaydaların tətbiqinə çalışa bilər, qərarlar verə bilərlər. İlk olaraq belə bir addımın atılmasının səbəbi açıqlanmalıdır. Yəni necə oldu ki, belə bir qərar verildi?! "Milli Ön" ilə ödəniş edən şirkətlərin "Milli Ön" ilə müqaviləsi olur və buna görə onlardan xidmət haqqı tutulur.

 Belə çıxır ki, "Azərişıq" ASC xidmət haqqını verməkdən imtina edib və bunu da qeyri-əhali qrupunun üzərinə qoyublar. Əslində, ilkin olaraq qeyri-əhali qrupunun ziyan gördüyünü desək də, nəticə etibarilə bu vəsaiti yenə də biz ödəmiş olacağıq".

"Çünki kommersiya şirkətlərinin xərcləri artdıqda onlar xidmət haqlarını qaldırırlar. Biz bunu çox da hiss edə bilməsək də, pis bir örnək yaranacaq", - deyə ekspert əlavə edib.

N.Cəfərli deyir ki, pandemiya şəraitində ziyan çəkən sahibkarlıq subyektləri üzərinə əlavə yüklərin qoyulması onların durumunu daha da ağırlaşdıracaq:

"Bütün dünyada kommersiya şirkətləri, kiçik və orta sahibkarlara çox böyük dəstək paketlərinin açıqlandığını görürürk. İş yerlərinin azalmaması, ziyanın minimuma öndürülməsi üçün belə bir addım atılır. Bütün bunlara rəğmən, bəzi şirkətlərin 1/3 hissəsinin pandemiyadan sağ çıxmayacağı deyildi. Azərbaycanda isə sahibkarlıq subyektlərinin uzun müddətdir ki, fəaliyyətini dayandırmasına rəğmən, belə bir addımın atılması məntiqsizdir".
Teqlər:
şərh, ekspert, MilliÖn, "Azərişıq" ASC

Əsas mövzular