07:17 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İQTİSADİYYAT
Qısa URL
75320

"Biz Avropa İttifaqı ölkələrində olduğu kimi, xaricdən şəxsi istehlak üçün gətirilən malların istehlak bazarına daxil olmasının qarşısının alınması ilə bağlı yeni mexanizmin hazırlanmasını təklif edirik"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 avqust — Sputnik. Nazirlər Kabineti avqustun 21-də "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, fiziki şəxslər tərəfindən xaricdən şəxsi istehlak üçün gətirilən rüsumsuz mallara görə limit 3 dəfədən çox azaldılıb.

Qeyd edək ki, qaydalara edilən dəyişikliyə görə, şəxsi istehlak üçün hər təqvim ayı ərzində ölkəyə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük rüsumu ödəmədən gömrük sərhədindən keçirilə biləcək. Beləliklə, müvafiq olaraq 1500 və 1000 ABŞ dolları ekvivalenti məbləği 800 və 300 ABŞ dolları ekvivalenti məbləği ilə əvəz edilib. Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bu dəyişikliyi şərh edib, təkliflər irəli sürüb.

Deputat bildirib ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən bu qərarda limitlərin kəskin endirilməsi nəzərdə tutulub: "1500 dollarlıq aylıq limit 800 dollara, poçt xidmətləri vasitəsilə birdəfəlik sifariş 1000 dollardan 300 dollara endirilib. Bu, 3 dəfədən çox azalma deməkdir. Dövlət Gömrük Komitəsinin arqumenti ondan ibarətdir ki, şəxsi istehlak üçün sifariş verilən məhsullar daha sonra satışa çıxarılır, vergidən yayınır və nəticədə bunun da izlənməsi çətin olur. Ona görə də biz Avropa İttifaqı ölkələrində olduğu kimi, xaricdən şəxsi istehlak üçün gətirilən malların istehlak bazarına daxil olmasının qarşısının alınması ilə bağlı yeni mexanizmin hazırlanmasını təklif edirik. Xüsusilə belə malların satışına görə cərimələrin və eləcə də inzibati məsuliyyətin ağırlaşdırılması nəzərdə tutula bilər ki, şəxsi istehlak üçün xaricdən gətirilən mallar daha sonra istehlak bazarında satılıb vergidən yayınmasın".

"Biz təklif edirik ki, bu tip limitlər azaldılan zaman mərhələli şəkildə azaldılsın, kəskin azalmalara gedilməsin. Bütün hallarda limitin 3 dəfədən çox azaldılması məqsədəuyğun deyil. O baxımdan bu limitlərə yenidən baxılması və limitlərin optimallaşdırılması daha məqsədəuyğun olardı. Avropa İttifaqı ölkələrində limitlərin çox nadir hallarda 3 dəfədən çox azaldılması və ya artırılması baş verir.

Adətən limitlər mərhələli şəkildə dəyişdirilməlidir ki, bu işlə məşğul olanlar və xüsusən şəxsi istehlak üçün sifariş verənlər bu limitlərə uyğunlaşsınlar. Eyni zamanda bu addımla limitlərin mərhələli azalmasının təsirlərini müəyyən etmək mümkün olsun", - deyə millət vəkili bildirib.

Bir gün ayaqqabı, o biri gün köynək: sadə insan bəyəndiyini ala bilməyəcək>>

Deputat qeyd edib ki, optimal dəyişikliklərin edilməsi daha məqsədəuyğun olardı: "Bizim təklif də ondan ibarətdir ki, limitlərin belə kəskin azalması deyil, mərhələli şəkildə dəyişdirilməsi həyata keçirilsin. Və bununla da limitlərin dəyişdirilməsinin şəxsi istehlaka təsirlərini qiymətləndirmək mümkün olsun. Daha məqsədəuyğun olardı ki, Nazirlər Kabineti tərəfindən və eləcə də Dövlət Gömrük Komitəsi tərəfindən mövcud limitlər belə kəskin azadılmasın. Düşünürəm ki, həmin limitlərə yenidən baxılıb, optimallaşdırılması mümkündür".

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, məhdudiyyətlərin sərtləşdirilməsi, limitlərin azaldılması düzgün addım deyil: "Bu qərar əhalinin maddi və sosial vəziyyətinin yüksəldilməsinə xidmət etməyəcək.

Digər tərəfdən, əgər məqsəd ölkədən kapital çıxışının qarşısını almaqdırsa, vergiyə cəlb olunan resursları çoxaltmaqdırsa, burada da ciddi müsbət nəticə olmayacaq.

Böyük həcmdə kapital çıxışını internet üzərindən mal sifariş edən şəxslər deyil, əksər hallarda əhalinin maddi cəhətdən daha yaxşı təmin olunmuş təbəqələri həyata keçirir. Kapital çıxışı ilə daha effektiv mübarizə üsulları əhalinin maddi cəhətdən daha yaxşı təmin olunmuş təbəqələrinə aid edilməlidir. Nəticədə bu addımın bütövlükdə fiskal yığımlara da mənfi təsiri olacaq".

Qeyd edək ki, mövcud qaydalara görə isə Azərbaycanın gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Əlaqədar

Gömrük Komitəsi "aliexpress"dən alış-veriş edənlərin suallarına aydınlıq gətirdi
Gömrükdə yeni layihə: vaxtı azaldırlar
Türkiyədəki vəziyyət Azərbaycanın xeyrinədir - Qazanan bizik
Oğuz "gil"i iyirmi milyonluq sərvətə döndü - VİDEO - FOTO
Təyyarə sərnişinləri barədə məlumatlar DGK-ya də ötürüləcək

Əsas mövzular