11:50 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
69340

“İnşallah, bu səhv qərar ləğv olunar dövlət tərəfindən” – Azərbaycan vətəndaşı sosial mediada istəyini belə ifadə edir

BAKI, 25 avqust — Sputnik. Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

 Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azad olunacaq. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi. Qərar 1 aydan sonra qüvvəyə minəcək.

Sadə insanın azad ticarət etmək imkanı 2-3 dəfə məhdudlaşdırılıb

Bir sözlə, adi vətəndaş özü ilə ölkəyə gələndə 800 dollar, elektron ticarət etdikdə isə 300 dollar mal gətirə və sifariş edə bilər. Sadə insanın azad ticarət etmək imkanı 2-3 dəfə məhdudlaşdırılıb. Karantin dövründə market və dükanlardan alış-veriş edə bilməyən vətəndaşlar neçə vaxtdır karqo şirkətləri vasitəsilə geyim, texnika və digər malları ölkəyə gətirirdilər. Xaricə gediş-gəliş hazırda olmadığından məhz onlayn ticarətin birdən-birə 3,5 dəfə məhdudlaşdırılmasının cəmiyyətdə mənfi reaksiya doğuracağı açıq-aydın görünür. “Bu nə insafsız qərardır. Ayıb olsun”, “Mallara qanunun tətbiqi monopoliyaya xidmətdir və bu həmin monopolistlərin sifarişi ilə qəbul edilib”, “Öz şirkətləri gətirir. Heç bilinmir, gömrükdən necə keçib və nə qədər vergi verirlər” kimi postlara sosial şəbəkədə addımbaşı rast gəlinir. 

Belə bir qərarın verilməsini daxili onlayn ticarəti gücləndirmək mənasında qəbul etmək olardı. Bir növ müvəqqəti bir tədbir kimi. Bəzi iqtisadçılar bu tip dəyişikliyin daxili istehsalın da artımına təsir etdiyini vurğulayırlar. Amma praktikada belə qərarların həm iqtisadiyyata, həm də adi vətəndaşın maliyyə durumuna mənfi təsir göstərdiyini dəfələrlə görmüşük. 

Adətən insanlar xaricdən Azərbaycanda istehsal olunmayan malları gətirirlər, əcnəbi platformadan tomat, zeytun və ya günəbaxan yağı, qatılaşdırılmış süd sifariş verməyə ehtiyac yoxdur. Amma mobil telefon, noutbuk, fotoaparat, hər-hansı bir kiçik detallar, geyim əşyaları, ayaqqabı, idman inventarı gətizdirmək istəyən çoxdur. Həm qiymətdə xeyli fərq var, həm də keyfiyyətdə. Daxili bazarda çalışan şirkətlərin nə oyundan çıxdığı sirr deyil. Ən ucuz, ən yararsız malları Azərbaycana gətirib birə-on qatına satmaqla milyonlarla gəlir əldə edən saysız-hesabsız iş adamı var.

Qərarın xarici onlayn ticarəti zəiflədəcəyi açıq-aydın görünür

Geyimdə də ciddi inhisarçılıq mövcuddur. Türkiyədə lirə ilə satılan malı 3-4 dəfə bahasına, yəni eyni rəqəmlə manata satmaq ölkədə adi hala çevrilib. Belə bir ağır dövrdə, aylarla karantin şəraitində işsiz qalan, onsuz da gəliri olmayan vətəndaşların vəziyyətini belə bir yersiz qərarla bir qədər də ağırlaşdırmaq sosial gərginliyi yüksəltməkdən başqa heç nəyə xidmət eləmir.

Bu qərarın xarici onlayn ticarəti zəiflədəcəyi açıq-aydın görünür. Üstəlik, vətəndaşın itirəcəyini də sadə bir hesablama ilə təyin etmək olar. Məsələn, kimsə xaricdən 500 ABŞ dolları həcmində smartfon sifariş edibsə, onda 300 dollardan əlavə ödənilən 200 dollara, yəni 340 manata bir xeyli rüsum tətbiq ediləcək. ƏDV, idxal gömrük rüsumu, gömrük yığımı, elektron gömrük xidməti haqqı, elektron gömrük xidmət haqqının ƏDV-si, saxlanma haqqı üst-üstə məbləği ən azı 50% çoxaldacaq. Əgər mal göstərilən müddətdən əlavə gömrük anbarında qalsa, hər günə görə daha 1 avro ödənilməlidir.

Praktikada isə bu, belə baş verir. Xaricdən mal gətirən vətəndaş gömrük idarəsinə müraciət edir, ona göstəriləndən artıq məbləğ hesablanır. Razı olmayanda mal anbarda yatıb qalır, üzərinə də saxlanma haqqı hesablanır. Yəni sabah məhkəmə qərarı olsa belə, saxlanma pulunu ödəmək tələb olunur. Smartfon alan şəxsin xərci tək 170 manatla bitmir, telefonu qeydiyyata salmaq üçün əlavə 70 manat da ödəmək lazım gəlir. Hələ çatdırılma üçün haradasa 10 manat ödəməlisən. Beləliklə, qiyməti 850 manat olan smartfon vətəndaşa ümumilikdə 250 manat bahasına, yəni 1100 manata başa gəlir. Hamı qazanır, adi insan isə bu qədər itirir.

Qohum-əqrəbanın adına xaricdən on dəfə artıq mal sifariş ediləcək

Qərarın daxili onlayn ticarətə ciddi təsir edəcəyini düşünmək də ağılsızlıq olardı. Bu günün alıcısı olduqca tərsdir, qadınlarımız isə naz-qəmzəlidir bir növ. Heç qıtlıq dövründə belə azərbaycanlılar yöndəmsiz, sovet istehsalı olan əşyaları geyməyiblər. İndi baha qiymətə keyfiyyətsiz malları alarlarmı? Əlbəttə, yox. Bir-iki dəfə oxu daşa dəyən vətəndaş yararsız əşyanı almaq istəmir. Əgər dünən min nəfər onlayn alver edirdisə, sabah bu insanların sayı möcüzəli şəkildə birə-on artacaq. Qohum-əqrəbanın adına xaricdən on dəfə artıq mal sifariş ediləcək.

Qərarın qüvvəyə minməsi bəzi sahələrə mənfi təsir göstərə bilər. Məsələn, Azərbaycanda ev şəraitində yağ sıxan hər-hansı bir qurğunu almaq çətin məsələdir. Heç satan da yoxdur, bu qurğu Ukrayna və ya Rusiyada istehsal olunur. Qiyməti də 500 dollardan yuxarı olan qurğunun həm gətirilmə xərci yüksəkdir, həm də hazırkı xərclər də üzərinə gələcək. Fərdi təsərrüfatı olan, həyətinin zeytunundan yağ çəkmək istəyən fermerlərin işi ağırlaşacaq. Türkiyədə bu praktika çox geniş yayılıb. Həyətində 5-6 zeytun ağacı olan hər bir şəxs mütləq bir dənə belə qurğudan alıb istifadə edir. Elə qapısının ağzında da elan vurur, alan da alır. Bir ailənin dolanışığını təmin etmək mümkün olur. İndi də bu 500 dolların üzərinə bir 150 dollar da gələcək. Almaq istəyən vardısa, daha almayacaq. Zeytun da yenə tökülüb qalacaq həyətlərdə.

Vətəndaş 300 dollarlıq alver etmək hüququndan cəmi bir dəfə yararlana bilər

Bu qərarla bağlı iki məqam də diqqəti çəkir. Yeni qaydalara görə, hər bir vətəndaş xaricdən 300 dollarlıq alver etmək hüququndan cəmi bir dəfə yararlana bilər. Yəni bir dəfə sifariş edib poçt və karqo şirkəti vasitəsilə malı almalıdır. Əgər bir dəfə 50 manatlıq sifariş etsə, ayın digər dövründə sifariş edə bilməz. Beləliklə, faktiki olaraq vətəndaşlar qərarda göstərilən bu 300 dollar məbləğindən də tam mənada istifadə edə bilməyəcəklər.

Əslində, Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinə hələ 2015-ci ilin yanvarında müraciət edərək vətəndaşların onlayn ticarət imkanını 1000 dollardan 150-yə endirməyi təklif etmişdi. Nazirlər Kabineti rəy üçün Rabitə və Yüksən Texnologiyalar, İqtisadiyyat və Sənaye, Maliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsinə göndərmişdi. Rabitə və Yüksən Texnologiyalar, İqtisadiyyat və Sənaye nazirlikləri müsbət rəy vermədiyindən bu təklif qəbul edilməmişdi. Hazırkı qanun hətta 150 dollar təklifindən daha sərtdir, çünki imkandan cəmi bir dəfə istifadə etmək hüququ adi vətəndaşın hər-hansı onlayn ticarətdən yararlanmasını heçə endirir.

Adi vətəndaş nə edir? Bəyəndiyi ayaqqabını bu gün alır, köynəyi başqa gün. Uşağa da geyimi endirimdə tapdısa, o zaman sifariş edir. Kiminsə kənarda daim 500-600 manatı yoxdur ki, elə birdəfəlik lazım oldu-olmadı mal alsın. Qərarda edilən dəyişiklik 2015-ci ildə reallaşmayan ideyanın bu cür pis formada gündəmə gəlməsinə şərait yaradıb.

Sosial gərginliyin artmasını istəmiriksə, Nazirlər Kabinetinin bu qərarına yenidən baxılmalıdır. Ən azı, belə addım atmamışdan öncə ictimai müzakirələrə yol açmaq lazım idi. Toxun acdan nə xəbəri? Koronavirusa görə işləmək imkanını itirmiş insanın karantin dərdinin üstünə daha bir dərd əlavə etməyin adı yoxdur. İstənilən qərarda dövlət həmin insanın yanında olmalıdır.

“İnşallah, bu səhv qərar ləğv olunar dövlət tərəfindən” – Azərbaycan vətəndaşı sosial mediada istəyini belə ifadə edir. 

Əsas mövzular