23:02 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Qaz plitəsi

Daxili tələb, ixrac və ərzaq təhlükəsizliyi: Hər şey bir nöqtədə cəmləşib

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
935 0 0

Ekspertlər bildirirlər ki, istixanalara verilən qazın hər kubmetrinə görə qiymətin 20 qəpik olması indiki şərtlər daxilində enerji ölkəsi kimi düzgün qiymətləndirilə bilməz

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 noyabr — Sputnik. Bir müddət öncə Şəmkirdə fəaliyyət göstərən bir qrup istixana sahibi sosial şəbəkə vasitəsilə qazla bağlı bəzi narazılıqları dilə gətiriblər. Onlar aldıqları qazın qiymətinin həddən artıq baha olduğunu, bunun da son nəticədə istehsal etdikləri məhsulun qiymətinə təsir göstərdiyini bildiriblər. Sahibkarlar istixanalara verilən qazın hər kubmetrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsi, borclarla bağlı güzəştlərin olunması və digər məsələlər ilə bağlı fikirlər səsləndiriblər.

"Azəriqaz" İstehsalat Birliyi baş verənlərə dərhal reaksiya verərək, onlarla görüşmək təşəbbüsü ilə çıxış edib. Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə 80-dən çox meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahibinin problemləri dinlənilib.

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, bundan sonra istixana sahibləri ilə təkcə Şəmkir rayonunda deyil, digər regionlarda da hər ay ən azı bir dəfə görüş keçiriləcək: "Bu görüşlər əsasən mövsümü işlərin görüldüyü (noyabrın 1-dən aprelin 1-dək) dövrü əhatə edəcək. Borclu sahibkarlar qazı mövsüm boyu açılacaq. Lakin borc mübahisələri daha sonra qarşılıqlı müzakirələr əsasında nəzərdən keçiriləcək". R.Əliyev onu da əlavə edib ki, qazın satış qiyməti ilə bağlı məsələlər Birliyin səlahiyyət dairəsinə aid deyil, bu barədə qərarlar Tarif Şurası tərəfindən qəbul olunur. "Azəriqaz" abonentlərin keyfiyyətli və texnoloji rejimə uyğun təbii qazla təchizatını həyata keçirir.

“Cənub Qaz Dəhlizi” Azərbaycana hansı dividentlər vəd edir – ekspert şərh edir>>

Qeyd edək ki, son vaxtlar qazın qiymətinin yüksək olması ilə bağlı tez-tez narazılıqlar eşidilir. Sahibkarlar haqlı olaraq, baha qiymətə aldıqları qazın məhsulun satış qiymətinə təsir etdiyini, bunun da öz növbəsində yerli məhsulun xaricdən gətirilən mallarla rəqabətdə uduzmasına gətirib çıxardığını bildirilər. Sputnik Azərbaycan istixanalara verilən qazın qiymətinin aşağı salınması məsələsi ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, istixanalar ölkənin ərzaq təhlükəsizliyi və daxili tələbin qeyri-mövsüm dövrlərində ödənilməsi və ixrac baxımından əhəmiyyətlidir: "Azərbaycanda qeyri-neft ixracı zəifdir və burada müəyyən yeri kənd təsərrüfatı məhsulları, xüsusilə qeyri-mövsüm dövründə istixanalarda yetişdirilmiş məhsullar tutur. Bu baxımdan həmin məhsulların rəqabətliliyini artırmaq və bu istiqamətdə investisiya qoyuluşlarını təşviq etmək lazımdır. Bunun üçün də əlverişli şərait yaradılmalıdır".

Təbii qaz, arxiv şəkli
© Sputnik / Elvin Ahmad

O bildirib ki, qaz Azərbaycanın istehsal etdiyi məhsul hesab olunur: "Azərbaycanda istixanalara və digər sahibkarlıq subyektlərinə verilən qazın qiyməti daha aşağı olmalıdır. Əksər ölkələrdə enerji tutumlu məhsullar sahibkarlıq subyektlərinə daha güzəştli şərtlərlə təklif olunur, bizdə isə bu, sahibkarlıq subyektlərinə ikiqat qiymətə təklif olunur. Azərbaycanda istixanalara verilən qazın hər kubmetrinə görə qiymətin 20 qəpik olması indiki şərtlər daxilində enerji ölkəsi kimi düzgün qiymətləndirilə bilməz. Ümumiyyətlə, qazın ölkədə yerli istehsala təklif qiyməti aşağı salınmalıdır. Bu, iqtisadiyyat üçün vacib məqamlardan biridir".

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov da Sputnik Azərbaycan-a deyib ki, dünya təcrübəsinə görə daxili bazarla xaricə ixrac olunan məhsullar arasında diferensiasiya getməlidir: "Bu baxımdan biz ixrac rüsumlarına, yanacaq-energetika sahəsində yanaşmalara yenidən baxmalıyıq. Burada müxtəlif variantlardan istifadə edə bilərik. Bir variant odur ki, dövlət subsidiya versin, amma bu, məsələnin ehtiyac olmadan çətinləşməsi deməkdir. Amma ixrac rüsumlarının artırılması daha effektiv yanaşmadır. Burada söhbət ilk növbədə yanacaq-energetika sahəsindən gedir. Çünki Azərbaycanın əsas ixrac məhsulları məhz bu sahədədir".

"Eyni zamanda istehsalda və daxili bazara yönəlik yanacaq-energetika kompleksinin məhsullarının vergidən müəyyən qədər azad olması, aksizlərin götürülməsi siyasəti daha adekvat yanaşma olardı. İqtisadiyyat artdıqca, sənayeləşmə getdikcə daxili bazarda yanacaq-energetika kompleksinin məhsullarına tələbat artacaq. Ona görə də yanaşma fərqli olmalıdır", – deyə professor qeyd edib.

Onun sözlərinə görə, burada sovet təcrübəsinə də nəzər salınmalıdır: "O dövrdə daxili bazarın inkişafını stimullaşdırmaq üçün daxildə və xaricdə qiymətlər kəskin şəkildə fərqlənirdi və bu, daxildə sənayeləşmə prosesinə çox ciddi töhfə verirdi. Hazırda bununla bağlı mexanizmlər mövcuddur. Hesab edirəm ki, fiskal müdaxilələrə ehtiyac var. Daxili bazarda qiymətlərin endirilməsinə şəraitin yaradılması üçün aksiz və ixrac rüsumları sahəsində dəyişikliklər etməliyik".

Əsas mövzular