Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çay nədir, say nədir – İdxal ixracı dəfələrlə üstələyəndə isə saymaq qalır

© Sputnik / Rahim MuradovLənkəranda çay yığımı
Lənkəranda çay yığımı  - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert bildirir ki, çayçılıq çox gəlirli sahədir və əməktutumludur, amma kiçik fermerlərin işi deyil

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Bu ilin yanvar-may aylarında Azərbaycan 19 milyon 539 min dollar məbləğində 5 min 134 ton çay idxal edib.

Pambıq tarlası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yevlaxda pambıq sahəsində növbəti olay: "Ağ qızıl" yenə zəhərə çevrildi

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ötən ilin 5 ayı ilə müqayisədə çay idxalı dəyər ifadəsində 279 min dollar (1,45%), miqdar ifadəsində isə 145 ton (2,90%) artıb. Yanvar-may ayları ərzində çay idxalı Azərbaycanın ümumi idxalının 0.33%-ni təşkil edib.

Bu ilin 5 ayında Azərbaycan 3 milyon 690 min dollar dəyərində 580 ton çay ixrac edib. Ötən ilin 5 ayında isə Azərbaycan 3 milyon 967 min dollar dəyərində 588 ton çay ixrac edib.

Beləliklə, Azərbaycanın çay idxalı ixracını dəfələrlə üstələyib. Amma onu da yaddan çıxartmayaq ki, Azərbaycan həmişə çayçılığı ilə məşhur olub.

Çay idxalının artımı ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, çay texniki bitkidir və məhsula düşmə dövrü 7-10 il götürülür: "Bu sahə uzun müddətli investisiya tələb edən sahədir. Çay bitkisi 50 il durmadan məhsul verə bilir. Sovet dövründə Azərbaycanda çayçılıq sənayesi çox ciddi inkişaf edib. 1990-cı illərdə iqtisadi münasibətlərin pozulması nəticəsində çay bağları diqqətdən kənarda qaldı, çoxları çay bağlarını ləğv etdilər, çünki bunların çoxu qocalmışdı. Çay bağlarının yerinə daha tez məhsul verən sitrus və digər məhsul bağları salındı. 2010-cu ilədək Azərbaycanda çayçılıq ağır vəziyyətdə idi və çay istehsalı aşağı olub".

Ekspert bildirib ki, 2018-ci ildə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" qəbul edilib: "Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3 min hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur. Proqramın həyata keçirilməsi ölkəmizdə çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına təsir edəcək. Çay bitkisi əkilən kimi məhsul vermir. Son illər Azərbaycanda təxminən 1000 hektardan çox ərazidə çay bağları salınıb. Hələ ki o bağlar məhsula düşməyib".

Onun sözlərinə görə, digər tərəfdən, bu sahə böyük investisiya tələb edir: "Kiçik fermerlər bu sahəyə investisiya qoya bilmirlər, çünki investisiya qoyub 7-8 il gözləmək mümkün deyil. Bu sahəyə yalnız iri şirkətlər investisiya qoymalıdır. Son vaxtlar Astara, Lənkəranda müasir çay müəssisələrinin yaradılması prosesi gedir. Çay bazarında ciddi rəqabət var. Əsasən çayımız Şri-Lankadan gəlir. Hətta yerli çay istehsalını artırsaq belə, hökmən bazarın qorunması siyasəti həyata keçirilməlidir ki, çayımızı bazarda sata bilək. Azərbaycan çayı ekoloji baxımdan təmiz çaydır".

Ekspert qeyd edib ki, çayçılıq çox gəlirli sahədir və əməktutumludur: "1 hektar çay bağında orta hesabla 160-200 nəfər il ərzində işləyə bilir. Ona görə də dövlət bu sahənin inkişafında maraqlıdır. Çayçılıq daha çox ölkəmizin cənub və qərb bölgəsi üçün xarakterikdir. Çay emalı sənayesi inkişaf etdirilməlidir. Çay texniki bitkidir və emal prosesindən keçməlidir. Çay yığılan kimi istehlaka göndərilmir. Mütləq emal sənayesi qurulmalıdır. Çay bağlarını artırsaq belə, müasir emal müəssisələri olmalıdır və bu kompleks həyata keçirilməlidir. Bu olsa, daxili tələbatı ödəyə bilərik. Azərbaycanın çayçılıq sənayesi kompleks xarakter daşımalıdır".

"Çin ildə 350 min ton, Şri-Lanka isə 200 min tondan çox çay ixrac edir" – deyə o əlavə edib.

Qeyd edək ki, "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı"nın məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır.

Həftənin mükəmməl sonu: Bakıda qəhvə və çay festivalı  - Sputnik Azərbaycan
VİDEO
Həftənin mükəmməl sonu: Bakıda qəhvə və çay festivalı

Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur: çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması; toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi; çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması; çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması; mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi; çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.

Ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.

Xəbər lenti
0