22:08 24 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Kartof əkini. Arxiv şəkli

Azərbaycan indi də bu yeraltı sərvətin axtarışındadır

© Photo: http://plodovie.ru
İQTİSADİYYAT
Qısa URL
67110

Neftin dəyərdən düşməsi nəticəsində büdcə vəsaitlərinin azalması və sosial problemlərin meydana çıxması, ölkəni yeni gəlir mənbələri tapmağa vadar edir. Bu mənada kənd təsərrüfatının, o cümlədən kartofçuluğun inkişafı vəziyyəti dəyişə bilər.

BAKI, 3 may — Sputnik. Kartof dünyada ən çox istehlak edilən qidalardan biridir. Bu bitkinin mənşəyinin Cənubi Amerika (Çilidən Meksikaya qədər uzanan sahədə, Peru sahilləri və And Dağları) olduğu heç kəsə sir deyil və kartof əkinçiliyinə 18-ci əsrdə başlanıb.

Ucuz başa gəlməsi, məhsuldar olması, qida dəyərinin yüksək olması, asan həzm edilməsi, istifadə sahəsinin geniş olması və hər növ iqlimdə yetişməsi baxımından, demək olar ki, bütün dünya ölkələri tərəfindən istehsal və istehlak edilir. Dünyada cəmi 19 milyon hektar sahədə kartof əkilir. Dünyada cəmi istehsalı 308 milyon ton, hər hektara ortalama 16 ton məhsul düşür.

Çin, Rusiya, Hindistan, Polşa, ABŞ və Almaniya kartof istehsalında dünyada öndə gedən ölkələrdir. Hər hektardan məhsuldarlığın yüksək olduğu ölkələr isə ABŞ, Almaniya, Türkiyə, Hindistan, Polşa, Çin və Rusiyadır. Dünyada kartof istehsalının əhəmiyyətli bir hissəsi istehsalçı ölkələrdə istehlak edilməkdədir.

Dünyada kartof ixracatı 2002-ci ildə 8 milyon ton ətrafında olub. Bu ixracatın ümumi dəyəri isə təxminən 1,4 milyard dollardır. Dünyada kartof ixracatında qabaqda gedən ölkələr — Hollandiya, Fransa, Almaniya, İtaliya, Belçika və ABŞ-dır.

Enerji toplaya bilən qida

Kartof tərkibində karbonhidrat olması səbəbindən, enerji toplaya bilən əhəmiyyətli bir qida qaynağıdır. Eyni zamanda, nişasta, spirt, parlaq kağız və üzvi turşuların istehsalında da kartofdan istifadə edilir.

Kartof yumrularının 80 faizi su, 20 faizi isə quru maddədir. Kartof asan həzm olunur və tərkibində əhəmiyyətli miqdarda C vitamini var. Kartof istehsalında əsas faktorlardan biri istifadə edilən toxumdur. Kartof toxumlarının sağlam olması vacibdir.

Holland təcrübəsi

Hollandiyanın paytaxtı Amsterdamda fərdi təsərrüfatla məşğul olan fermer Marcel Kunis 30 hektar sahədə 1300 ton toxumluq kartof istehsal edir. Yaşadığı ev, anbarlar, texnikaların hamısı bu təsərrüfatın ərazisində yerləşir.

"47 yaşım var. 20 yaşından bu işlə məşğulam. Çox zaman bu işləri təkbaşına görürəm. İstehsal dövründə isə 2-3 nəfərlə birlikdə işləyirəm. Bəzi vaxtlar atam da mənə kömək edir. Əgər yağış çox yağarsa, məhsulda 5 faiz artım olarsa, qiymətlər yarıbayarı düşür. Əgər məhsulda 10 faiz azalma olarsa, o zaman qiymətlər 2 dəfə qalxır", —deyir fermer.

Kartofun qiyməti ilə bağlı müqavilə bağlamayan fermerin sözlərinə görə, yerkökü istehsalı isə müqavilə ilə həyata keçirilir: "Kartof toxumunun qiymətləri bəzən aşağı bəzən yuxarı olur. Buna baxmayaraq, hər il əkirik. Bu proses dövlət dəstəyi olmadan, özüm həyata keçirirəm".

M. Kunisin sözlərinə görə, avqust ayında erkən kartof yığımına başlayırlar: "Bunu kartofların kiçik olması üçün edirik. Kartofların sayı bizim üçün önəmlidir. Əldə edilən toxumların sayını artırmağa çalışırıq. Çünki, kiçik kartofdan bir növ, böyük kartofdan isə başqa növ bitki əldə edilir".

Fermer deyir ki, əgər hava yağışlı olarsa, göbələyə qarşı, quru olarsa, böcəklərə qarası dərmanlardan istifadə edilir: "Kartof toxumçuluğunda suvarma işləri aparıla bilməz. Suvarma burada kanallar vasitəsilə aparılır. Kanallardan gələn xəstəliklər kartof toxumuna zərər verər. Ona görə də yağışı gözləmək məcburiyyətindəyik".

"Yerli sortları yetişdirmək lazımdır"

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı
Qadir Bayramlının şəxsi arxivindən
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı Sputnik-ə açıqlamasında deyib ki, kartof toxumçuluğunu inkişaf etdirmək üçün yerli sortları bərpa etmək lazımdır: "Onun yetişdirilməsi ilə əlaqədar xüsusi təşkilatlar yaradılmalıdır və bunlara nəzarət edilməlidir. O sortlar Azərbaycan iqliminə yaxşı uyğunlaşır və daha dadlı olur. Xaricdən gətirilən toxumlarda hansı gübrədən istifadə olunduğunu bilmirik, yaxşı olar ki, yerli sortlara üstünlük verək".

Onun fikrincə, ildə iki dəfə məhsul sisteminə keçmək daha yaxşıdır: "Adətən kartof yaz aylarında əkilir və iyun-avqust aylarında yığılır. Sonra o məhsulu 9 ay saxlamaq lazımdır. Bu da tam şəkildə istehlak oluna bilmir. Kartofu ikinci dəfə əkib, noyabrda yığmaq olar. Belə olanda həm toxuma, həm də yemək üçün istifadə olunan kartofa çəkilən əlavə məsrəflərdən qurtulmuş olarıq".

Xəstəliklərdən azad kartof toxumçuluğu

Möhtəsim Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi
© Photo : M.Əhmədovun şəxsi arxivindən
Möhtəsim Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov isə Sputnik-ə bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə "Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğunun yaradılması" layihəsi həyata keçirilib: "Məqsəd müasir kartof toxumu kulturası laboratoriyasını yaratmaqla, virussuz kartof toxumçuluq sisteminin yaradılması və kartofçuluqla məşğul olan fermerlərin sağlam kartof toxumuna olan tələbatının yerli istehsal hesabına ödənilməsi olub. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda biotexnologiya laboratoriyası yaradılıb və bu, texnologiyanın tətbiqi ilə kartof yumrularının alınmasına və sürətlə çoxaldılmasına imkan verir".

"Layihə zamanı Almaniya və Hollandiyadan gətirilmiş 19 və 2 yerli məhsuldar kartof sortunun sınağı həyata keçirilib. İki il ərzində Şəmkirdə, Cəlilabadda və Gədəbəydə sınaq keçirilib. Hazırda 11 sort qeydiyyata alınıb. Məqsəd yüksək məhsuldar sortlara çıxış əldə etməkdir", — Xidmət rəisi bildirib.

O, qeyd edib ki, Azərbaycana, əsasən Rusiyadan, Hollandiyadan və bəzi Avropa ölkələrindən sertifikatlaşdırılmış toxumlar gətirilir: "Həmçinin İrandan, Türkiyədən gətirilir. Yaxşı toxumlardan istifadə ediləndə məhsuldarlıq 25-30 faiz qalxır".

"Bu istiqamətdə layihə hazırlanır"

Xidmət rəisi bu il ölkədə kartof toxumunun az olduğunu da qeyd edib: "Kartof toxumuna olan tələbatın çox cüzi hissəsi ölkə daxilində istehsal edilir. Əsasən yerli fermerlər özlərinin istehsal etdiklərindən istifadə edirlər. Amma sırf sertifikatlaşmış toxum ölkədə çox cüzidir. Dövlət bu sahənin inkişafına dəstək göstərir. Azərbaycanda toxum istehsal edənlər kənd təsərrüfatına aid olan bütün güzəştlərdən istifadə edirlər".

M. Əhmədov bildirib ki, kartof toxumçuluğunu inkişaf etdirmək üçün müvafiq tədbirlər görülür: "Nazirlik bununla bağlı layihə hazırlayır. Ölkənin heç olmasa, 50 faiz tələbatına cavab verən müasir laboratoriyanın qurulması nəzərdə tutulur. Burada əsas məqsəd xəstəliklərdən azad kartof toxumçuluğunun yaradılmasıdır. Proses laboratoriyadan başlanacaq, oradan istixana şəraitinə keçəcək. Sonra isə toxumlar istehsalçılara paylanacaq. Bu istiqamətdə layihə hazırlanır".

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 992,7 min ton, 2014-cü ilin noyabrın 1-nə kimi 819,3 min ton, 2015-ci ildə isə 839,8 min ton kartof istehsal edilib.

Əlaqədar

İrandan Azərbaycana idxal olunan 24 ton kartof zərərsizləşdirilib
Azərbaycanda 1 tonadək kartof məhv edilib
Ekspert: Azərbaycanda kənd təsərrüfatına investisiya qoymaq sərfəli deyil
"Kənd təsərrüfatı ili"ndə idxaldan asılılığımız daha da artıb"
Kənd Təsərrüfatı Nazirliyi əhaliyə xəbərdarlıq etdi
Prezident kənd təsərrüfatı sərgisiylə tanış olub
Teqlər:
Marcel Kunis, Hollandiya, toxum, Qadir Bayramlı, kənd təsərrüfatı, kartof

Əsas mövzular