01:10 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
Azərbaycan manatı

Maliyyə Bazarlarına Nəzarət Palatası kimlərə nəzarət edəcək?

© Sputnik / Murad Orujov
İQTİSADİYYAT
Qısa URL
173311

Ekspertlər Prezidentin fərmanı ilə yaradılan yeni qurumun maliyyə bazarlarına müsbət təsir göstərəcəyini güman edirlər

BAKI, 4 fev — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Prezidenti Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanın qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılıb.

Sənəddə deyilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilsin.

Məsələni Sputnik-ə şərh edən iqtisadçı-ekspert Qadir İbrahimli deyib ki, Maliyə Nazirliyinin və Mərkəzi Bankın hərəsinin bir səlahiyyətinin alınması, ümumiyyətlə, qiymətli kağızlar bazarının funksiyalarının da bir qurumda cəmlənməsi normal haldır: "Bu, həm də maliyyə bazarının inkişafı, yəni maliyyə nəzarəti baxımından normal addımdır. Çox güman ki, bu, həm də atılan addımların başlanğıcıdır. Yəni, maliyyə sistemini böhrandan qurtarmaq üçün atılacaq addımların deyərdim ki, başlanğıcıdır. Bir çox addımlar da atılmalıdır. Ölkənin maliyyə sisteminin şəffaflaşdırılması, kapitalın sərbəst hərəkətinin təhlükəsizliyinə təminat kimi problemlər həll olunmalıdır".

Ekspert əlavə edib ki, Mərkəzi Bankın banklara əsasən nəzarət funksiyaları əlindən çıxıb: "Yəni, banklara lisenziyaların verilməsi, ləğvi və bu kimi funksiyalar artıq yeni yaradılan quruma həvalə edilib. Mərkəzi Bank ancaq pul tədavülü prosesini tənzimləyəcək və daha çox makroiqtisadi göstəricilərlə məşğul olacaq. Yəni, həmin o göstəricilərin yaxşılaşdırılması ilə məşğul olacaq".

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da "Facebook" məsələyə münasibət bildirib: ""Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında" Prezidentin Fərmanı dərc edilib. Fərmandan belə görünür ki, qabaqcıl dünya təcrübəsinə uyğun olaraq ölkədə vahid maliyyə nəzarəti qurumu yaradılır. Yəni bank, sığorta və qiymətli kağızlar bazarına vahid dövlət qurumu nəzarət edəcək. Məntiqlə bu o deməkdir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ləğv olunacaq, Maliyyə Nazirliyindən sığorta nəzarəti, Mərkəzi Bankdan isə bank nəzarəti səlahiyyətləri alınacaq. Bunların hamısını Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi həyata keçirəcək".

"Mən illərdir ki, bunu təklif edirdim. Hətta 5 il əvvəl yazdığım "Azərbaycanın bank hüququ" kitabımda da bunu əsaslandırmışdım. Çox düzgün addımdır. Maliyyə nəzarətini vahid və müstəqil qurum həyata keçirməlidir. Mərkəzi Bank yalnız pul siyasəti ilə məşğul olmalıdır, Maliyyə Nazirliyi isə dövlət büdcəsi ilə", —deyə ekspert bildirib.

İqtisadçı ekspert Azər Mehtiyev isə öz "Facebook" səhifəsində bunları yazıb: "Bu gün ölkədə 2 yeni institut yaradılmasına start verildi: 1) publik hüquqi şəxs institutu və 2) mərkəzi və yerli icra orqanlarında Apellyasiya Şuraları. Publik hüquqi şəxs — zəruri və əhəmiyyətli bir institutdur. Amma bununla bağlı qəbul edilmiş qanunla ilkin tanışlıq bu qanunun natamam olmasını söyləməyə əsas verir. Ümid edirəm ki, bu barədə hüquqşünaslarımız rəy bildirəcəklər. Hələlik bunu deyə bilərəm ki, burada istifadə olunan "publik" sözü yerində görünmür (bu söz özünün orijinal variantından deyil, rusca deyilişindən götürülüb)".

Əlaqədar

Avropa İttifaqı Türkiyəyə 1 milyard avro maliyyə yardımını təsdiqləyib
"Məgər kompensasiya tətbiq edən ölkələrdə maliyyə intizamı pozulub?"
Qubad İbadoğlu: Azərbaycanda maliyyə amnistiyası elan olunmalıdır
İyun ayı üzrə əmək pensiyaları vaxtından əvvəl maliyyələşdirilib
Teqlər:
qiymətli kağızlar bazarı, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azər Mehtiyev, Qadir İbrahimli, Əkrəm Həsənov, maliyyə, Azərbaycan prezidenti

Əsas mövzular