07:12 21 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
127240

Sputnik Azərbaycan ölkəmizdəki fəaliyyət göstərən müxtəlif teatrlardakı aktyor və rejissorların fikirlərini öyrənib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 sentyabr — Sputnik. Teatrların açılmasına icazə verilərsə, səhnədə göstərilənlərdən zövq alacağımız böyük sual altındadır. Dindirdiyimiz sənət adamlarının əksəriyyəti pandemiya dövründən, karantindən yorulduğunu, ruhən əzildiyini dilə gətirir. Amma aralarında təəccüblü də olsa, nikbinləri də var.

Sputnik Azərbaycan ölkəmizdə fəaliyyət göstərən müxtəlif teatrlardakı aktyor və rejissorların fikirlərini öyrənib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, eyni zamanda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası, daha çox tamaşaçıların "Keyxanım" obrazı ilə tanıdığı Ülviyyə Əliyeva üçün karantin dövrü həm şəxsi, həm də sənət həyatına çox pis təsir edib: "Mənə çox pis təsir etdi. Həm sənət baxımından, həm də şəxsi həyatımda problemlər yaşadım. Belə ki, artıq 9 aydır ki, mən həyat yoldaşımdan ayrı düşmüşəm. Yoldaşım Rusiya vətəndaşıdır. Ona görə də o, gələ bilmədi. Mən həm Akademik Musiqili Teatrın, həm də Kukla Teatrının aktrisasıyam. Musiqili Teatra gedə bilmədim, amma Kukla Teatrına gedib orada pandemiya qaydalarına riayət edərək kuklalarla məşq elədim. Əks təqdirdə, ürəyim partlayardı. Bir növ onlarla təskinlik tapdım. Gərgin iş rejiminə öyrənən adamam, indi səhnəsiz, sənətsiz qalmaq mənə pis təsir edib. Bir o var ki, səsim yerinə gəlib".

Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini, Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Hacı İsmayılov bildirir ki, karantin dövründə Teatr Xadimləri İttifaqının bir çox layihəsi təxirə düşüb: "Bütün dünya bu bəladan əziyyət çəkir. Bu, sənət adamlarına ikiqat təsir edib. Təsəvvür edin, 10 Mart Azərbaycanda Milli Teatr Günü kimi hər il xüsusi qeyd olunardı. Bu il onu da keçirə bilmədik. Qax rayonunda fəaliyyət göstərən Gürcü teatrının tamaşası olacaqdı, o da yarımçıq qaldı. Azərbaycan Teatr Xadimləri İttifaqının bir çox layihələrini icra edə bilmədik. Aktyor, sənət adamı boş qalmamalıdır. İşləməlidir ki, cilalansın. Şükürlər olsun ki, məni yeni filmə dəvət etdilər. "Mozalan" studiyası "Olimpiya" adlı melodramanın çəkilişlərinə başlayıb. Filmsevərlər bu dəfə ötən əsrin 80-90-cı illərində çəkilən filmlərin ruhuna, ovqatına uyğun yeni bir əsərlə tanış olacaqlar. Mən də orada yenidən Mustafa obrazını canlandırıram. Hazırda Zaqataladayıq, burada pandemiyanı qətiyyən hiss etmirik. Həm təbiət, həm də çəkiliş meydançası mənə pandemiyanı unutdurub".

Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanovaya da karantin dövrü təsirsiz ötüşməyib: "Hər kəsə təsir etdiyi kimi mənə də təsir edib. "Ata ocağı" serialında hekayəm bitdiyinə görə serialla yollarımızı ayırdıq. Teatrların da fəaliyyət göstərməməsi məni sanki korşaldıb. Çalışıram ki, bu boşluğu doldurum. Kitab oxumaqla, dünyaca məşhur mükafatları qazanan filmləri izləməklə. Bundan başqa, Xəyalə Rəis və Şahin Sərdarovun "Qadına şiddətə son" adlı fotolayihəsində çəkildim. Bu, məni bir az sakitləşdirdi".

Pantomima Teatrının aktyoru, həmçinin rejissorluqla da məşğul olan Cavad Nuriyev deyir ki, bu dövr onun içində mənəvi boşluq yaradıb: "Mən düşünmürəm ki, teatrla, yaradıcılıqla məşğul olan bir insana ondan uzaq düşmək təsirsiz ötüşsün. Nə qədər başımızı qatmağa çalışsaq da içimdə bir boşluq yaranıb. Mən demirəm ki, teatrsız mümkün deyil. Amma bu sənətlə məşğul olan insan hər zaman səhnədə olmaq istəyir. Onu narahat edən hər hansı problemi səhnədə canlandırmaq istəyir. Pandemiyanın yaratdığı uzaqlıq pantomim aktyoru olaraq plastikamızın geriləməsinə təsir edir. Qısacası, tez bir zamanda səhnəyə qayıtmaq lazımdır. Digər teatrlarda olduğu kimi bizim də teatr öz tamaşalarını onlayn nümayiş etdirdi. Amma teatr canlı sənət olduğu üçün düşünürəm, bu, o effekti vermədi. Tamaşaçı qarşısına çıxmaq başqa bir hiss yaradır insanda".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor və rejissoru, Əməkdar artist Nicat Kazımov pandemiya dövründə mənəvi böhran keçirib:

"Həddindən artıq pis təsir edib mənə. Depressiyanın bir addımlığındayam. Biz sənət adamları həmişə insanlar içində, səhnədə olmağa öyrəşmişik. İndi isə evdə qalmağa məcburuq. Teatr kino deyil ki, onu çəkib göstərəsən. Televiziya tamaşaları çəkilir, tarixdə qalmaq üçün, teatra gələ bilməyənlərin baxması üçün. Amma bu, canlı tamaşanın yerini vermir. Tezliklə teatrlar açılmalıdır. 150 nəfərlə də olsa, açılmalıdır. Moskva, Gürcüstan artıq teatrları açıb. Məşqlər başlanılıb. Bizdə isə hələ də karantindir. Sənət yoldaşlarımla telefonla danışıram, onların da vəziyyətləri olduqca acınacaqlıdır".

Sənət yoldaşlarından fərqli olaraq, Azərbaycanın Xalq artisti, məşhur kino və teatr aktyoru İlham Namiq Kamal karantin dövründə insanları səbirli olmağa çağırıb: "Bilirsiniz ki, cəmiyyətdə daha çox "III Dünya müharibəsi" adlandırılan koronavirus xəstəliyinin qarşısını almaq üçün ilk günlərdən etibarən dövlətimiz zəruri tədbirləri həyata keçirir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq çevik və qətiyyətli addımlar atıldı və bu siyasət davam etdirilir. Təbii ki, xəstəliklə mübarizədə zamana ehtiyac var və bu zamanın nə qədər çəkəcəyini heç kəs bilmir. Vaksin tapılana kimi, biz həm özümüzü, həm də sevdiyimiz insanları, cəmiyyətimizi qorumalıyıq. Koronavirusla mübarizə istiqamətində Operativ Qərargahın qaydalarına riayət etməklə bu çətin dövrü adlaya bilərik. Hər bir insanın özünü qoruması dövlətini, cəmiyyətini qoruması deməkdir. Dövlətin tətbiq etdiyi qaydalar, karantin rejiminin şərtləri bizim sağlamlığımıza yönəlib.

Xalq artisti karantin dövrünü necə keçirdiyindən də danışıb: "Mən hazırda Şamaxıda bağdayam və görürəm ki, burada yoluxma çox azdır. Demək olar ki, yoxdur. Şamaxı İcra Hakimiyyəti də bu məsələlərə nəzarət edir. Burada kafelər, restoranlar çalışır və insanlar məsafə saxlayırlar, maskadan istifadə edirlər, marketlərdə spirt yerləşdirilib və hər kəsdən maska tələb edilir. Yəni burada qaydalara riayət olunur və insanlar da gəlib istirahət etmək istəyirlər. Qaydalara riayət etdikdən sonra, məncə, heç bir qorxusu yoxdur. Azərbaycanın dilbər guşələri çoxdur. Səfalı təbiəti, gözəl havası olan ərazilərimiz kifayət qədərdir. Orada sağlam insanlar istirahət etsələr, məncə, yoluxmaların sayı elə də çoxalmaz".

Sevimli aktyorumuz öz sənət yoldaşlarına bu dövrdən yararlanmağı məsləhət gördü: "Hər bir aktyorun evdən çölə çıxmaq imkanı yoxdursa, evində də məşq edə bilər. Təkcə məşqlə də iş bitmir. Aktyorun mütaliəsi də olmalıdır. Əgər əllərinin altında lazımi kitablar yoxdursa, onlara lazım olan materialları internetdən də tapıb oxumaq imkanına sahibdirlər. Aktyor savadlı və ağıllı olmalıdır. Nə qədər ağıllı olacaqsa, özünü səhnədə bir o qədər rahat və sərbəst idarə edəcək. İstər-istəməz, oynadığı obrazları görəndə, aktyorun geyimindən, qrimindən daha çox, plastikasına və təfəkkürünə qiymət verirlər. Əgər sənət adamı cilddən-cildə girə, başqalaşa bilirsə, bu, etdiyi mütaliə, eyni zamanda səhnədəki təcrübələrinin hesabına başa gəlir. Cildə girmək təkcə qrim etməklə kifayətlənmir. Gərək içindən dəyişəsən. İçindən də dəyişmək üçün gərək təfəkkürün, savadın yüksək səviyyədə olsun. Tamaşaçını ancaq ağlınla təəccübləndirə bilərsən. Səhnəyə çıxmaq üçün insan içindən dəyişməlidir".

Əlaqədar

Xınalıqlı qıza görə "Ən yaxşı aktrisa" diplomuna layiq görüldü
Tanınmış azərbaycanlı model kişiləri təhqir edib
Tanınmış aktrisa: "Müəllimimə qulaq asmadım, indi isə peşmanam"
“Miss Azərbaycan” model biznesindən əl çəkib məşhurluq üçün Türkiyəni seçdi
Zülfiyyə Qurbanova: "Bu yerdən sonra ayrıla bilmərəm, xatirələrimiz var birlikdə"

Əsas mövzular