Kəmalə Əliyeva, Sputnik Azərbaycan
Təzəlikcə koronavirus pandemiyası səbəbindən Dubaydan Moskvaya köçməsinə rəğmən, azərbaycanlı model və aktrisa Kristina Zamir qısa müddət ərzində Rusiya kinematoqrafında məşhurlaşıb. Oynadığı rollar epizodik olsa da, çəkildiyi layihələr reytinqlidir. Bütün bunlar haqda Kristina Sputnik Azərbaycan-a danışıb.
- Kristina, Rusiya kinematoqrafına necə düşdünüz? Sizi kimsə tövsiyə elədi?
- Mən Rusiya kinematoqrafına Azərbaycan və ərəb kino aləminə düşdüyüm qaydada gəlmişəm. Məni hər zaman ancaq bir adam irəli çəkir, tövsiyə edir – o da özüməm. Bütün nailiyyətlərim yalnız öz zəhmətimdir.
- Hansı filmlərdə çəkilməyə macal tapmısınız?
- Ay yarım ərzində kifayət qədər çox oldu. “Caydaqlar”, “Fitnes”, “Cadu” seriallarında, “Bir dəfə Rusiyada” yumoristik verilişində, “Pulları qaytarın”, “Atalıq testi” verilişlərində, “Prinsipsizlər” filmində çəkilmişəm. Bundan başqa, “Rossiya 1” telekanalında yeni komediya şousunda iştirak etmişəm, orada “Leninqrad” qrupunun solisti Sergey Şnurovun bek-vokalisti rolunu oynamışam. Çox havalı və maraqlı idi. Tezliklə iştirak etdiyim bir çox film və verilişin premyerası olacaq.
Bundan başqa, Moskva teatrında səhnələşdiriləcək “Bədbəxtlər” əsərində əsas rolun sınaqlarına qatıldım. Rolu almağı çox istəyirdim, təəssüf ki, olmadı. Hətta sınağa qatılmaq da asan iş deyildi, ona görə heç olmasa buna nail olduğuma görə sevinirəm.
Prestij bir tədbirin aparıcısı da olmuşam – tanınmış rusiyalı şoumen Roman Oqnevlə birlikdə “Uğur -2020” mükafatının təqdimetmə mərasiminin aparıcılığını etdik. Biz “İlin ən yaxşı” rəssamı nominasiyasında Nikos Safronova, “İlin ən yaxşı artisti” nominasiyasında Anatoli Rudnenkoya və digər uğurlu insanlara mükafatlarını təqdim etdik.
- Azərbaycan və Rusiya filmlərinin çəkiliş meydançalarında fərq çox böyükdürmü?
- Rusiyada çəkiliş meydançalarında işləməkdən həzz alıram. Bir çox maraqlı insanlarla tanış oldum. Fərq həddən artıq çoxdur, çünki səviyyə başqadır. Heç kimin xətrinə dəymək istəmirəm, amma mən Bakıda seriala çəkilmişəm, ona görə əminliklə deyə bilərəm ki, Azərbaycan və Rusiya filmlərinin çəkiliş prosesi bir-birindən xeyli fərqlənir. Ancaq bu bütün çəkilişlərə aid deyil. Hər şey rejissorun, operatorun işindən asılıdır.
- Tanınmış rusiyalı aktyor və aktrisalarla işləmək çətindir? Sizə yuxarıdan aşağı baxmırlar?
- Qətiyyən çətin deyil, çox maraqlıdır. Bütün ulduzlar göylə getmir, əsasən gənc aktyorlar elədirlər, amma onlar arasında da istisnalar var.
- Daha çox necə rollar təklif edirlər?
- “Femme fatale” – kişiləri başdan çıxarıb onları başqa qadınların əlindən alan qadın rolları. Eləcə də yüngül əxlaqlı qız rolları. Düzünü desəm, rejissorların məndə niyə məhz seksual qılaf gördüyünü anlamıram, çünki mən tək o cür deyiləm axı.
- Hansı obrazda çəkilmək istərdiniz ki?
- “Mister və missis Smit” filminin qəhrəmanı çox xoşuma gəlir. Missis Smitin obrazı – gözəlçə və killerin qarışığı – mənə daha yaxındır.
- Qonorarlarınız yaxşıdır?
- Əgər Dubayda çəkilişlərə qatılsaydım, ay yarıma özümə yeni maşın ala bilərdim. Son dörd ildə aldığım maaş dollarla ifadə edəndə bunlarınkından dörd-beş dəfə çox olduğundan bu qonorara öyrəşə bilmirəm. Başqa səviyyəyə köklənmək çox çətindir. Amma bu, müvəqqətidir. Bilirəm ki, öhdəsindən gələcəm.
- Açıq-saçıq obrazlar oynamağı təklif ediblər?
- Təklif etmədilər, bir dəfə soruşdular, mən də dedim, “yox”.
- Çox gözəl qızsınız, ona görə əminəm ki, çəkiliş meydançalarında aktyorlar sizə dəfələrlə eşq elan ediblər...
- Tanınmış aktyorların çəkiliş meydançasında mənimlə salamlaşmağını, söhbəti birinci başlamaqlarını və kompliment söyləmələrini daha çox xoşlayıram. Gizlətmirəm – bu çox xoşagələn və valehedicidir. Onlardan hansının mənə nə dediyini danışmaq istəmirəm, çünki sonra bütün KİV yazacaq ki, onlar arvadlarına mənimlə xəyanət edirlər, ona görə yaxşı olar ki, susum.
- Məşhur rusiyalı bir artistlə ailə qurmaq istərdinizmi?
- Bu yaxınlaradək istəyirdim. Amma sonra anladım ki, bir ailədə iki yaradıcı insan çoxdur. Hesab edirəm ki, ailə üzvlərindən biri daha “torpağa yaxın” olmalıdır. Çünki bütün yaradıcı insanlar sözün yaxşı mənasında dəlidirlər.
- Rusiyada qalıb yaradıcılığınızı davam etdirmək fikrindəsiniz?
- Yaranmış vəziyyətdən dolayı Moskvanı sevməyə başlamışam. Bir gün anladım ki, bura mənim xoşuma gəlir. Artıq meqapolisə öyrəşmişəm, bir çox insanla tanış olmuşam. Aktrisa karyeramı davam etdirmək fikrim var, ümid edirəm ki, Rusiyanın hansısa reytinqli filmində baş qəhrəmanın rolunu oynayacam.
- Necə bilirsiz, Rusiya kinematoqrafının ulduzu ola biləcəksiz?
- Əminəm ki, olacam. Mənim işlərim alınacaq, heç iki ay keçməyib, artıq bir neçə layihədə, filmdə rol almışam. Bütün Rusiya məni tanıyacaq. Çox ciddi köklənmişəm.