CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alim Qasımov: "Qaydasız döyüş kimiydi, kim haradan gəldi vururdu" - VİDEO

© Sputnik / Kemale AliyevaНародный артист Азербайджана Алим Гасымов
Народный артист Азербайджана Алим Гасымов - Sputnik Azərbaycan
Abunə olmaq
Alim Qasımov: Fərqanə konsertlərdən yorulduğu üçün oxumaq istəmirdi. Ondan əsəbləşib Londonda səhnəyə tək çıxdım, elə "Bayatı-kürd" oxudum ki, bütün zal yerindən oynadı, ayağa qalxdı

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin məşhur vokal treneri, "Şan dərsləri" Youtube layihəsinin rəhbəri Emre Yücelen Azərbaycanın dünya şöhrətli xanəndəsi Alim Qasımov və qızı Fərqanə Qasımovanı "Studiya söhbətləri" rubrikasında qonaq edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qasımovlar II İstanbul Beynəlxalq Xalq Musiqiləri Festivalında iştirak çərçivəsində Türkiyənin bir sıra telekanallarına müsahibə veriblər. Onların TV100 kanalında Okan Bayülgenin "Uykusuzlar Kulübü" (Yuxusuzlar klubu) verilişində iştirakı tamaşaçılar arasında rezonans doğurub.

Emre Yücelen isə əvvəllər öz kanalında Qasımovların səs analizini edərək onların səs və ifa imkanlarının möhtəşəmliyindən, qeyri-adi sehrə malik olduğundan bəhs edib. Bu dəfə ulduz ata-balanın Türkiyədə səfərdə olması fürsətini qaçırmayan vokal treneri onlarla müsahibə aparıb.

Azərbaycanda yaşayan Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Türk balasıyam, Bakıda qalasıyam" - əcnəbi müğənni vətənimizi necə sevdirir

Yücelen etiraf edib ki, müsahibədən əvvəl öz kanalının izləyicilərinə Alim və Fərqanə Qasımovlara suallarını göndərməyi rica edib, amma sonra buna peşman olub. Çünki kanalın poçtuna yüzlərlə sual göndərilib. Yücelen azərbaycanlı xanəndələrə özünü və tamaşaçıları maraqlandıran sualları ünvanlayıb. 

Yücelenin "Bir qədər sonra konsertiniz olacaq. Konsertdən əvvəl adətən nə edirsiz?" sualına cavabında Alim Qasımov deyib:  "Allaha yalvarırıq. Həmişə Allaha yalvarmışıq. 40 ildir ki, onu yemək olmaz, bunu yemək olmaz, isti olmaz, soyuq olmaz, beləcə davam edir. 40 ildir pəhrizlə yaşayırıq. Əvvəllər yemək-içməyimə çox fikir verirdim. Amma son vaxtlar elə də çox fikir vermirəm, dişim kəsəndən yeyirəm. Yaxşı bir xanəndə olmaq üçün öncə hər bir şeyə pəhriz lazımdır - yeməyə, dünya malına, tamaha. Mənəvi pəhriz də buraya daxildir".

"Yaşayan əfsanə olmaq necə bir duyğudur?" sualına cavabında isə Qasımov deyib ki, bu sənətə zorla gəlməyib, bu onun qismətidir və bu işi görməlidir.

"Bu iş mənə Allah tərəfindən həvalə olunub. Odur ki, mən bu işə çox mənəvi və insani yanaşıram. Çalışıram ki, bu sənətin qarşısında başımı aşağı əyməyim, həmişə başımı uca tutum. Həmişə bu sənətin ucada olmasına çalışmışam. Buna görə də özümə çox zülm verirəm. Yəni özümə qarşı çox tələblərim var. Ona görə də bu sənətlə məşğul olmaq mənim üçün çətindir. Buna baxmayaraq, həyat mənim üçün belə də davam edir. Allaha çox şükür", - deyə sənətkar bildirib.

Fərqanə isə atasının sözlərinə əlavə olaraq deyib: "Bizim səsimiz bir qədər digər vokal səslərdən fərqlidir, təbii olduğu üçün də təbiətə bənzəyir. Bir gün soyuq, bir gün isti, bir gün yağmurlu, bir gün qarlı. Bir gün yuxudan durursan, səsin gözəl, yerində, bir gün durursan, görürsən, səsin yerində deyil, düşünürsən ki, görəsən, nə oldu mənə? Səs sanki insandan ayrı bir şeydir və sən ona tabe olmalısan. Mənim bütün yolum Alim müəllimlə bağlıdır - səsimə qulluq, maddiyyat, mənəviyyat, bu sənətlə bağlı olan hər şey. Alim müəllimin bir səs gimnastikaları var, onları edir və mənə də bunu tövsiyə edir. Onun özünə o qədər də lazım olmur, amma mənə tövsiyə edir ki, səsini uzun müddət qorumaq istəyirsənsə, bunları etməlisən. Amma bu çox əziyyətli bir işdir. Hər gün bu təmrinləri etmək lazımdır".

İan Piert - Sputnik Azərbaycan
"Bakıda Səadətimi tapdım" – Britaniyalı jurnalist futbol və Azərbaycan qaynanaları haqda

Alim Qasımov söhbət əsnasında Emre Yücelenle zarafat da edir ki, "əslində səs mütəxəssisi sizsiz, onu analiz edirsiz, biz sizdən öyrənməliyik, necə edək ki, səsimiz yerində olsun!"

Yücelen də cavabında: "Biz kitablardan oxuyuruq, amma bu işin mütəxəssisi sizsiz. 40 ildir bu qədər gözəl necə oxuyursuz deyə mən sizdən öyrənmək istəyirəm, siz 40 ildir bu səsə yaşayaraq yön verirsiz", - deyir.

Alim Qasımov son vaxtlara qədər səsinin olub-olmadığını, onun haradan gıldiyini bilmədiyini vurğulayıb. "Mən səhər durub oxuyurdum, axşam oxuyurdum, gecə saat 3-də oyanıb yerimin içində oxuyurdum", - deyir.

Fərqanə isə atasının öz səsi ilə qonşuları yuxudan oyatdığını deyib: "Biz Alim bəylə divar qonşusuyuq. Səhər saat 5-də, 6-da eşidirik ki, o oxuyur. İstəyirəm deyəm ki, Alim bəy, səhər oxumaq səsə ziyandır. Amma bu heç baxmaz, səhər durar, azan verirmiş kimi səsi ilə qonşuları oyadar. Yəni bunun səsi Allahdan olduğu üçün belə şeylərə fikir verməz".

Alim Qasımov "Öz səsinizi necə kəşf elədiz?" sualına da təvazökarlıqla cavab verir:  "Mən hər işlə məşğul olmuşam. Evləndim, pul qazanmağa çalışdım, çox işlər gördüm, olmadı, alınmadı. Axırda belə oldu ki, mən musiqi məktəbinə girməliyəm, pulum da yoxdur. Qaynanam getdi qohumu Siyavuş Aslanın yanına. Siyavuş Aslan böyük aktyor idi. Ona dedi, o da məni havayı o məktəbə düzəltdi. Mən oraya girən kimi səsimə heyran qaldılar. Onda bildim ki, məndə nəsə var".

Onda Alimin 20 yaşı olduğunu öyrənən Yücelen, "Bəs o yaşa qədər nə edirdiz?" sualına belə cavab verir: "Heç nə, avara-avara gəzirdim... (gülür-red.). Əsgərə getdim. Atamın da gözəl səsi var idi, oxuyurdu. Elə bilirdim, hamı oxuyur. Amma məni kim görürdü, kim səsimi eşidirdi, deyirdi, get bu sənətin dalınca. Amma mən deyirdim ki, əşşi, nə sənəti e. Fikir vermirdim. Heç nə əlimdən gəlmirdi, axırda məcbur oldum, musiqi məktəbinə girdim".

Fərqanə Qasımova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Fərqanə Qasımova: "Nələr arzulamışdım, nələr qazandım"

Azərbaycan muğamlarını hamının 4 ilə, özününsə 3 ilə öyrəndiyini vurğulayan sənətkar sonralar toylara getməyə başladığını etiraf edib: "Hər toyda da 6-7 dəstgah oxuyurdum, özü də dayanmadan. Dəstgahın da ki hərəsi 40 dəqiqə, 1 saat çəkirdi. Heç bilmirdim, onu necə oxuyurdum. Özü də hər gün, 6-7 saat".

Emre Yücelen söhbət əsnasında qeyd edib ki, Azərbaycanda çox yaxşı musiqiçilər, müğənnilər yetişir və bu yetişən adamlar bir çox dünya musiqiçisi ilə o qədər gözəl uyğunlaşa bilirlər ki, buna təəccüb edir. O, azərbaycanlıların dünya musiqiçiləri ilə uzlaşmasının səbəbini soruşduqda Alim deyib: 

"Biz 70 il sovet dövründə ruslarla birlikdə pianoya kökləndik, bizim içimizdə də lap əvvəldən o yarım tonlar var idi, ona görə də qarışıq bir şey olduğuna görə bizdə dediyiniz uyğunlaşma daha rahat gedir. Mənə belə gəlir. Biz dünya musiqiçiləri ilə, klassiklərlə oturub görüşəndə, onlarla rahat dil tapa, uyğunlaşa bilirik".

Aparıcının "Azərbaycan Milli Konservatoriyasının müəllimi Qəzənfər Abbasov bizimlə söhbətində demişdi ki, Azərbaycan muğamlarını bilən şəxsin dünyada bilməyəcəyi musiqi yoxdur. Çünki bu muğamlar o qədər çətindir ki, onları öyrənsəniz, səsinizi inkişaf etdirsəniz, içinə girə bilməyəcəyiniz musiqi növü yoxdur. Yəqin, siz də belə düşünürsüz?" - sualına Qasımov "düzdür" cavabını verməklə kifayətlənib.

Yücelenin "Kimləri dinləyərdiniz?" sualına cavabından isə məlum olub ki, həm Alim, həm də Fərqanə eyni adamları dinləyirlər: 

"Keçəçioğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Yavər Kələntərli, Seyid Şuşinski, Mütəllim Mütəllimov, Cabbar Qaryağdıoğlu, Hacıbaba Hüseynov, Ağaxan Abdullayev, Əlibaba Məmmədov, Rübabə Muradova..."

"Bunların hamısını dinləmişik. Biz canlı müəllimlərdən öyrəndik, sonra düşündük ki, görən bunlar haradan öyrəniblər? Sonra getdik qrammofon vallarına qulaq asdıq. Gördük ki, deməli, bunlar buradan öyrəniblər. Çoxunun səsini tapdım və hələ də onları dinləyirəm. Onları indi hər adam dinləyə bilməz, çünki keyfiyyətli yazılmayıb, çox şey başa düşülmür. Amma mən dinləyirəm onları, hərdən təsnif də götürüb oxuyuram. Yeniləyib oxuyuram", - deyə Alim əlavə edib.

Bəzən konsertlərdən yorulub bezdiklərini Alim Qasımov belə ifadə edib:

"Bir ara konsertlərimiz lap çox olurdu. Bu xanım (Fərqanə-red.) artıq Yaponiyadan Amerikaya, oradan da başqa ölkəyə uçmaqdan yorulmuşdu, bezmişdi. Yerdən çox havada olurduq. Bir dəfə dalbadal 9-10 konsertimiz oldu. Axırda Fərqanə dedi ki, mən oxumuram. Onda da 18-19 yaşı vardı, yük ağır gəlirdi, yorulurdu. İnad etdi ki, oxumayacağam. Mən çox dedim ki, ayıbdır, gəl oxu, bu oxumadı. Mən də hirsləndim, çıxıb Londonda elə "Bayatı-kürd" oxudum ki, bütün zal yerindən oynadı, ayağa qalxdı. Buna göstərdim ki, bax gör, sənət necə olur".

Fərqanə atasının 6-7 saat fasiləsiz oxumasını onun səsinin ilahidən gəlməsi ilə əlaqələndirib. Alim isə deyib ki, insanın səsi, oxuduğu muğam bir-birindən rəngli, bir-birindən ayrı olmalıdır, təkrar olmamalıdır:

"Nəfəs ayrı, səs ayrı, eşq ayrı. Mən öz-özümə də çox şey öyrənmişəm. Toya gedəndə görürdüm ki, birdən nəsə çıxdı, onu yazırdım. Yolda qoyurdum, evə gələnə qədər qulaq asırdım, ağlayırdım. Sonra evə gəlirdim, evdəkiləri yuxudan oyadırdım, onlara da qulaq asdırırdım, onlar da ağlayırdılar. Sonra başlayırdım oradan öyrənməyə. Çox şeyləri özümdən öyrənmişəm".

Yücelenin "çox ilginc, bu, bir eşqdir" replikasına Alim "ya eşqdir, ya da dəlilik" deyə cavab verir.

Alim deyib ki, bəzən özü-özünün müəllimi olub, özündən çox şey öyrənib: "Toyda bir də görürsən, biri gəlib deyir, mənim üçün filan şeyi oxu. Allah-allah, adam hirslənir, əsəbləri pozulur. Elə vaxt olub mən ağlaya-ağlaya oxumuşam. Öz oxumağıma ağlamışam. Mən toylarda oxuduğum dövrü "qaydasız döyüş" dövrü adlandırmışam. Kim haradan gəldi vururdu. İndiki dövrə nə var ki? Hamı əlcək geyinir, özünü qoruyur, mikrofonu götürüb oxuyur".

"Qızınızla bərabər səhnədə olmaq necə bir hissdir?" sualına cavabında isə sənətkar deyib ki, onun üçün yaxşıdır, asandır. Amma bunu qızı üçün deyə bilməz: "O gərək həmişə hazırlıqlı olsun. Çünki mən səhnədə qızım-mızım tanımıram. Səhnədə biz yad adamlarıq, o oxumalıdır, mən oxumalıyam".

Fərqanə isə deyib ki, atası ilə eyni səhnədə oxumaq onun üçün bir xoşbəxtlik, sevgidir. O qədər gözəl bir duyğudur ki, bunu həyatda heç nə ilə əvəz etmək olmaz.

Известный французский флейтист Сильвен Бару - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Fransız musiqiçi: "Balabanı ilk dəfə Parisdə Alim Qasımovun konsertində eşitmişəm"

"Atanın ucalığını, gözəlliyini, atanın səsini, ustalığını görmək, onun yanında getmək, ondan arxada qalmamaq, onunla irəliyə getmək çox gözəl duyğudur. Hər zaman insanın içində ikinci bir danışan səs olur.  Mən də başqa adamla oxuya bilməzdim, heç bəyənməzdim də..."

Alim Qasımov etiraf edib ki, başqa adam onun yanında dura bilməzdi. Aldığı təhsilə gəlincə, Qasımov deyib ki, Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda onun ustadı Ağaxan Abdullayev olub.  "Ustadım oxuyurdu, mən də fikirləşirdim ki, Allah, mən bununla necə pul qazanacağam, ailəmi necə saxlayacağam. Fərqanə təzə dünyaya gəlmişdi, pul yox idi. Düşünürdüm ki, mən bunu necə öyrənəcəyəm? Orada istedadlı uşaqlar var idi, elə zəngulə vururdular ki, mənim səsim heç orada görünmürdü. Sonra yavaş-yavaş öyrəndim. Gördüm ki, bir qonaq gələndə, müəllim məni oxutdurur. Sonra orada məktəblərarası müsabiqə olurdu, oxuduğum məktəbin müdiri gəlib müəllimimə dedi ki, məni həmin müsabiqəyə hazırlasın. Onda mən bir az qürrələndim və çox ciddi öyrəndim. Yol gedirdim, oxuyurdum, otururdum, oxuyurdum. Onda müasir cihazlar yox idi. Böyük maqnitofonlar vardı, onu da aparıb-gətirmək olmurdu. Müəllim deyirdi, onu yol gedə-gedə, avtobusda çoxlu təkrarlayırdım ki, yadımdan çıxmasın. Amma indi hər şey var, öyrənmək istəmirlər".

Alim Qasımov səsinin neçə oktava olduğu barədə suala sadəcə belə cavab verib: "Bizim muğam nəyi tələb edirsə, bəmdən zilə - hamısı var".

Fərqanə isə atasının konsertdə qeyri-adi not tutmasını belə ifadə edib: "Bəzən atam konsertdə elə not tutur ki, görürsən, tarçalan axtarır ki, o notu tutsun, görür, o not yoxdur."

Alim buna zarafatla "o, eşq notlarıdır, fəza notları" deyir. Onun 40 illik səhnə həyatında hər dəfə səhnəyə çıxanda eyni dərəcədə həyəcanlanmasını qızı belə ifadə edib: "O, hər konsertdə çox həyəcanlanır, mən də onu sakitləşdirməyə çalışıram ki, sən illərdir səhnədəsən, sakit ol. Hər konsertdə sanki imtahan verir."

Alim özü isə hər konsertdə ölüb-dirildiyini, konsertdən sonra xanımına zəng edib zarafatla "Allaha şükür, azad oldum. Yəni ki, uşağı dünyaya gətirdim" dediyini bildirib. Fərqanə isə əlavə edib ki, konsert bir az çətin olanda da atası "əkiz uşaqlar oldu" deyir.

Həyatlarındakı unudulmaz konsertlərlə bağlı danışan sənətkarlar bir dəfə Almaniyada başlarına gələn hadisəni heç vaxt unutmurlar.

"Almaniyada Fərqanə xanım öz mahnısını oxudu, sonra çıxdı səhnədən, mən oxumağa başladım. Oxuyanda yaylığı burnuma apardım, gördüm, qan gəlir. Dedim, yəqin, dünyanın axırıdır mənim üçün. Orada da hamısı almanlardır, dilimizi başa düşmürlər. Başladım oxumağa ki, "eeey, gəlsin Fərqanə qızım, atasına kömək eləsin". Bu da səhnə arxasında alma yeyirmiş. Deyir, bir də gördüm məni çağırırsan. Almanı qoyub, su içib gəlib səhnəyə. Bir də gördüm ki, yanımdadır. Eləcə konserti yola verdik", - deyə Alim bildirib. 

Həmişə səs problemləri ilə yaşadıqlarını deyən sənətkarlar heç vaxt rahat durub, kostyumu geyinib gedib oxumadıqlarını bildiriblər. Fərqanə bir qadın üçün səsi qaydada saxlamağın çox çətin olduğunu deyib: "Uşaq dünyaya gətirəndə, stress keçirəndə səs gedir. Bu sənət azadlığı sevir. Özünə yaxşı baxmalısan, oxumaq istəyirsənsə, başqalarının problemləri ilə yaşamayacaqsan, özün üçün yaşayacaqsan. Amma bizdə elə deyil. Biz anayıq, öz məsuliyyətimiz var, problemlərimiz var, bir də səsimiz. Bütün bunları bir arada saxlamaq çox çətindir".

Alim Fərqanənin başını bağlamasının da səsinə mane olduğunu əlavə edib.

Alim Qasımov muğamla digər musiqi növlərini sintez eləməsinə, gənclərlə birgə oxumasının səbəblərinə də belə aydınlıq gətirib:

"İndi cavanların musiqi zövqü tamam dəyişib. Hamısı sadə sözə, sadə musiqiyə gedib. Dünyanın hər yerində belədir. Kim oturub Youtube-da oxuyursa, dünyada şöhrət qazanır. Daha usta yanında otursun, öyrənsin, buna ehtiyac qalmır. Bu sənət brilyant kimi bir şeydir. Necə ki, brilyant öz dəyərini itirmir, üzük qaşına qoyurlar, sənət də belədir. Əsl sənət dəyərini heç vaxt itirmir. Bu sənəti mənəviyyatı olan adamlar dinləyər, dünyanı seyr eləyər, Allahı sevər, insanlığı sevər. Yüz il keçib, biz indi də qədim vallara qulaq asırıq.  Cavanlar mənimlə oxumaq istədiklərini deyirlər, mən də onları qırmaq istəmirəm. Həm də görürəm ki, onun etdiyini cavanlar dinləyəcək, mən də muğamımı qoyuram onun arasında ki, cavanlar arada muğamı da dinləsinlər. Orada bir siyasət də var, musiqi siyasəti".

Söhbət əsnasında o da məlum olub ki, Alim və Fərqanə türk müğənnilərinə də qulaq asırlar.

"Mən uşaq idim, atamın maşınında türk müğənnilərinin kasetləri olurdu, yol gedəndə onları qoyurdu, qulaq asırdım. Sonra onları evdə oxuyanda atam məətəl qalırdı ki, sən bunu necə öyrənmisən. Onda hələ altı yaşım vardı. Türkiyənin uzun hava oxuyan əski müğənnilərini çox dinləyirdik. Məsələn, Hafizi, Səadətdin Kaynağı və başqalarını. Atam haraya gedirdisə, o valları alıb gətirirdi və biz onları çox dinləyirdik. Görmüşük ki, Məhəmməd Füzulinin sözlərinə, məsələn, "Öylə sərməstəm ki, idrak etməzəm, dünya nədir", "Məndə Məcnundan füzun aşiqlik istedadı var" və s.  mahnı oxuyurlar, onları dinləyirdik", - deyə Fərqanə bildirib. 

Mark Eliyahunun Bakıda konserti - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Dünya şöhrətli musiqiçi: “Bakı həyatımda vacib rol oynayıb”

Alim Qasımov verilişdə Azərbaycan və İran musiqiçilərinin muğam boğazlarının fərqini də izah edib: "Onlar zəngulə ilə çox oxuyurlar. Demək olar ki, musiqini zəngulə ilə öyrənirlər. Bizdə elə deyil, xanəndə nə vaxt istəsə, onda zənguləni vurur. Onlarda zənguləni də müəllimlər dərslərdə öyrədirlər. Onlarda zəngulə təkmilləşib, bizdə isə kim harada istəsə, orada zəngulə edir. İranda qayda, ölçü ilədir. Muğamdan-muğama görə dəyişir. Bizdə zəngulə çox vuranda deyirlər ki, iranlılar kimi oxuyursan".

Sənətkar musiqi ilə məşğul olan gənclərə tövsiyəsini də dilə gətirib:

"Mən buraya gələndə nəvəm, Fərqanənin qızı, dedi ki, baba, bağışla, mən sizin sənətinizi bilməmişəm, amma indi vurulmuşam. Mənə bu sənəti öyrət. Cavanlara sözüm budur ki, hər bir sənətə şou gözü ilə baxmasınlar. Sənətə mənəvi olaraq yanaşsınlar. Bu sənət ilahi eşq kimidir. İlahi eşqə doğru gedən nə sənət varsa, öz ruhlarını, könüllərini ona kökləsinlər. İlahi eşqə köklənsinlər ki, bu, həm özlərinin, həm ailələrinin gələcək yaşantılarına mənəvi dəstək olsun. Zər qədrini zərgər kimi bilsinlər. Qiymətli şeyin qiymətini bilmək lazımdır".

Sonda Qasımovlar Emre Yücelenin verlişi üçün "Ay dəli ceyran" mahnısından bir parça ifa ediblər.

Youtube kanalında yayılan bu verlişi on minlərlə adam izləyib, yüzlərlə izləyici şərh verib. Türkiyəli dinləyicilər belə böyük səs sahibi olan sənətkarların sadəliyinə və səmimiliyinə heyran qaldıqlarını ifa ediblər. 

 

Xəbər lenti
0