20:13 18 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
999-cu gecə tamaşası

Şəhrizadın erotik nağılları

© Sputnik / Orkhan Bahadırsoy
MƏDƏNİYYƏT
Qısa URL
Orxan BAHADIRSOY
117520

Azərbaycan tamaşaçısı üçün tamamilə yenilik. Yaxud bizim məmləkətdə zənginlərin sarayları ilə yoxsulların daxmaları qarşı-qarşıya deyilmi?

BAKI, 2 iyun — Sputnik. Çox az adam tapılar ki, Şəhrizadın şah Şəhriyara danışdığı maraqlı, ibrətli, həm də erotik nağıllardan ibarət "1001 gecə"dən xəbərsiz olsun. Olduqca əhəmiyyətli bir haldır ki, bu nağıllardan biri Azərbaycan səhnəsində öz yerini tutdu.

25 may 2016-cı il, Azərbaycan Dövlət Musiqili Teatrı — rejissor İradə Gözəlovanın "999-cu gecə" tamaşasındayıq. Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, dirijoru Fəxrəddin Atayev, rəssamı Nabat Səmədova, baletmeysterləri Zakir Ağayev və Leyla Ağayeva, xormeysteri Vaqif Məstanov, rejissoru Elməddin Dadaşov, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir.

Zəng çalınır, işıq sönür, pərdə açılır. Budur, qarşınızda bir şah sarayı və onun önündə bir pinəçi dükanı. Təzada baxın. "1001 gecə" nağıllarının 989-cu gecəsində başlayıb 1001-ci gecəsində bitən "Pinəçi Mərufun nağılı" günümüzün Azərbaycan mühiti ilə necə də səsləşir. Məgər bizim məmləkətdə zənginlərin sarayları ilə yoxsulların daxmaları qarşı-qarşıya deyilmi? İradə Gözəlova bu həqiqəti ustalıqla bizə göstərir.

Pinəçi Mərufu aktyor Nicat Əli canlandırır. Zülümdən cana gəlmiş, sadəlövh və məzlum Mərufun obrazını aktyor öz məsum siması, yorğun səsi və mükəmməl plastikası ilə dolğun ifa edir. Nicat Əlinin — Mixail Çexovun aktyorluq metodundakı kimi — Mərufun bütün faciəsini qısa bir rəqslə göstərməsi isə əsl peşəkarlıqdır.

Mərufun arvadı həyasız, harın Fatmanı aktrisa Gültac Əlili canlandırır. Hərçənd, Gültac Əlilinin simasındakı məsumiyyət belə bir xarakterin ifası üçün əngəl ola bilərdi. Amma aktrisanın istedadı bu əngəli aşır. Fatmanın zülümkar, həyasız, böhtancıl xislətini çılpaqlığı ilə göstərir və Antonin Artaud teatrındakı kimi tamaşaçıda katarsis yarada bilir. Geniş səs imkanları isə Gültac Əlili istedadının zirvəsidir.

Şahı canlandıran Məhərrəm Qurbanov isə öz ifasında keçmiş teatr ənənələrinə sadiq qalır. Əlbəttə, müasirliyin içində bu ənənələri saxlamaq tamaşaya rəngarənglik gətirir. İstər səsi ilə, istər hərəkətləri ilə, istər improvizasiyaları ilə Mirzağa Əliyev, Əliağa Ağayev kimi teatr nəhənglərimizin özünəməxsus ifa tərzlərini bu müasir metodların içinə gətirmək aktyorun fövqəladə uğurudur.

Şahın qızı Reyhanı isə aktrisa Mehriban Zalıyeva canlandırır. O, sakit, mehriban, gözəl Reyhanı canlandırmaqda çətinlik çəkmir. Çünki aktrisanın gözəl siması və şah qızlarına uyğun bədən quruluşu, eləcə də sakit və mülayim təbiəti Reyhanın görünüşünə və xarakterinə tamamilə uyğundur. Mehirban xanımın ifasında ən böyük uğuru isə onun məlahətli səsidir.

Vəziri canlandıran Hüseyn Əlilinin ifası isə bizə İrji Qrotovskinin teatr prinsiplərini xatırladır. Aktyor bəzən səssiz qalmaqla "kreativ passivlik" anlayışından istifadə edir, bəzən də səsini dəyişdirməklə, rituallar icra etməklə, şeirlər oxumaqla, mimika və jestləri, plastikası ilə Qrotovski prinsiplərinə sadiq qalır. Bununla da hiyləgər və tamahkar vəziri tamaşaçıya dolğun çatdıra bilir.

Şah sarayının şən Tutuquşu obrazını Elməddin Dadaşov canlandırır. Aktyorun ifasından dərhal məlum olur ki, Vaqif İbrahimoğlunun yetirməsidir. Bununla tamaşaya "Yuğ" teatr nəzəriyyəsi də əlavə olunur. Bir aktyor bir tutuquşunu ancaq bu qədər gözəl canlandıra bilər. Səsdən rəqslərinə qədər, geyimindən hərəkətlərinə qədər tamamilə bir tutuquşuya çevrilən aktyor, yuğ teatrı ilə yanaşı pantomim teatrı ənənlərindən də istifadə edir.

Elçin İmanovun canlandırdığı Cin ilə Azərbaycan teatrı səhnəsində Bertolt Brextin "Epik teatr" anlayışını ilk dəfə dolğunluqla görmək olur. Tamaşaçıda katarsis yaradıb duyğulandırmaq yerinə, şüuruna təsir edib düşündürməklə Elçin İmanov "Epik teatr" prinsiplərindən məharətlə bəhrələnir. Az qala hər sözündə, hər cümləsində düşündürən, əhəmiyyətli mesajlar verən aktyor, tamaşaçını həqiqətə çatdırır, reallıqla üz-üzə qoyur.

  • 999-cu gecə tamaşası
    "999-cu gecə" tamaşası
    © Sputnik / Orkhan Bahadırsoy
  • Rejissor İradə Gözəlovanın 999-cu gecə tamaşası
    Rejissor İradə Gözəlovanın "999-cu gecə" tamaşası
    © Sputnik / Orkhan Bahadırsoy
  • Rejissor İradə Gözəlovanın 999-cu gecə tamaşası
    Rejissor İradə Gözəlovanın "999-cu gecə" tamaşası
    © Sputnik / Orkhan Bahadırsoy
  • Rejissor İradə Gözəlovanın 999-cu gecə tamaşası
    Rejissor İradə Gözəlovanın "999-cu gecə" tamaşası
    © Sputnik / Orkhan Bahadırsoy
  • Rejissor İradə Gözəlovanın 999-cu gecə tamaşası
    Rejissor İradə Gözəlovanın "999-cu gecə" tamaşası
    © Sputnik / Orkhan Bahadırsoy
1 / 5
© Sputnik / Orkhan Bahadırsoy
"999-cu gecə" tamaşası

Eşikağasını isə Əliməmməd Novruzov canlandırır. Aktyorun ən böyük uğuru onun gur səsində, aydın danışığındadır. Həm də özünün siması və bədən quruluşu xüsusi tipləri canlandırmaq üçün aktyora geniş imkanlar verir. Onun ifasında Stella Adlerin aktyorluq metodunda yer alan "xəyal gücü" anlayışını görmək olur. Eşikağası obrazı üçün ən uyğun metod da budur.

Bütün bu maraqlı səhnə quruluşuna, fərqli aktyorluq metodlarına, Fikrət Əmirovun mükəmməl musiqilərinə rəğmən, tamaşada bəzi çatışmazlıqlar və artıq nüanslar da var. Belə ki, "1001 gecə"nin ərəb nağılında alışdığımız ərəb rəqsinin yeri görünür. Bəzi məqamlarda Fatmanın şah sarayında olan Mərufla ünsiyyət qurması şərtiliyi aşıb, süniliyə çevrilir. Eşikağasını isə axtalanmış hərəmağası kimi təqdim etmək, cinin geyimindəki və hərəkətlərindəki müasirliyi saxlayıb onu mistik elementlərlə bəzəmək tamaşaya xüsusi maraq qata bilər.

Ümumilikdə isə "999-cu gecə" tamaşası Azərbaycan tamaşaçısı üçün tamamilə bir yenilikdir və yenilik alqışa layiqdir! Bu səbəbdən quruluşçu rejissor İradə Gözəlovanı və bu tamaşa ilə səhnəmizə yenilik gətirən bütün yaradıcı heyəti təbrik edirik!

Əlaqədar

Milli Dram Teatrda “Sənətkarın taleyi” tamaşası nümayiş olunub
Milli Dram Teatrda “Generalın son əmri” tamaşası nümayiş olundu
Zibillikdən doğan təmizlik haqda eqosentrik tamaşa
Anarın Axundov haqqında filmi çox keyfiyyətsiz televiziya tamaşasıdır
Uşaqlar üçün yeni tamaşa - "Çirkin ördək balası"
Teqlər:
"Pinəçi Mərufun nağılı", "1001 gecə", Şəhrizad, səhnə, teatr, tamaşa

Əsas mövzular