Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Dedilər, Mircəfər Bağırov səsini oğurlayacaq, getmə..."

© Sputnik / Ilham MustafaKəlbəcərli ustad Aşıq Xalıqverdi
Kəlbəcərli ustad Aşıq Xalıqverdi - Sputnik Azərbaycan
Abunə olmaq
Kəlbəcərli ustad aşıq yurd: "Heydər Əliyevlə görüşüb qayıdandan sonra, hamı üstümə tökülüşdü ki, ver əlini öpək, çünki o kişinin əlinə dəyib..."

İlham MUSTAFA, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər rayonu insanlarının saza, sözə marağıyla, özünəməxsus təbiəti ilə yaddaşlarda yaşayır. O torpaqda böyüyən elə bir insan yoxdur ki, içində şeirə, aşıq havalarına, milli folklorumuza maraq olmasın, bir şeir eşidəndə dolmasın, bir aşıq havasına ayaq saxlamasın.

Usta Cəsarət - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rusları heyran edən azərbaycanlı: bu adam min illik tarixi yaşadır

Sputnik-in bölgə müxbiri Goranboy rayonunda məşkunlaşan məcburi köçkün, kəlbəcərli ustad Aşıq Xalıqverdi Həmid oğlunun qonağı olub. Zamanında qurultayların yaraşığı, Kəlbəcər aşıqlarının "bayraqdar"ı olan sənətkar bizi sazıyla, sözüylə qarşılayıb, qocalıq aman verməsə də, rayonlarının adət-ənənələrindən danışıb, o yerlərə aparmağa çalışdı.

Kəlbəcər rayonunun Zivel kəndindən olan el sənətkarı ilə bayram ərəfəsində görüşdüyümüzdən, onu ilk olaraq oralarda keçirilən Novruz bayramı haqqında sorğu-suala tutduq. Novruzun öz kəndlərində bütün bölgələrdən daha maraqlı keçirildyiini iddia edən ustad aşıq Dədə Şəmşirdən «Bayram günləri» şerini dedi:

Aşıq gərək xalqa tərif
Yaza bayram günləri.
Əlində saz, şirin avaz
Gəzə bayram günləri

Kəndlərində bayram günlərində aşıq balamançısı ilə kəndi gəzər, aşıqla gələnlərin hər birinə qablar doldurulub verilərmiş. Beləcə bütün kəndi gəzib, sonda isə bir ev seçər, orada səhərədək məclis qurular və çalıb oxuyarmışlar. Sənətkarın dediyinə görə, bu adət-ənənəni işğaldan sonra pərən-pərən düşən əhali yaşada bilməyib.

© Sputnik / Ilham MustafaUstad aşıq ailə üzvləri ilə
Ustad aşıq ailə üzvləri ilə - Sputnik Azərbaycan
Ustad aşıq ailə üzvləri ilə

Özü haqqında danışan aşığın sözlərinə görə, yurdlarından qaçahaqaç düşəndə, ancaq öz canını götürüb, çıxa bilib. İllərdir qazandığı və pencəyin yaxasına sığmayan orden və medalları da orda qalıb. Köçkünlük həyatında "Oyandım ki, oba köçür, el köçür" və "Dağlardan aşan yol" adlı iki şeir kitabı yazıb.

1995-ci ildə isə öz şəyirdi (şagirdi) və oğlu ustad aşıq Haxverdi Həmidoğlunun qəfil ölümü ilə qəhrəmanımız Aşıq Xalıqverdi sazı vaxtsız köynəyə qoyub. Yalnız evdə-ailədə öz hisslərini simlərə danışıb, bununla da övlad həsrəti, yurd həsrətinə dözməyə çalışıb.

"Sazı ustadlar çalıb, Dədə Qorqud dilləndirib. Bu, bir irsdir, bir yoldur. Bu sənətə hörmət qoyulmalıdır. Hazırda pula görə, bir sıra aşıqların şou göstərdiyini görəndə özümə yer tapa bilmirəm əsəbimdən. Sənətə nəzarət, diqqət və qayğı gücləndirilməlidir", —deyir ustad aşıq.

Bunları deyə-deyə, sazla bağlı şair Qənbər Qurbanovun şerini də dilə gətirir:

Babalardan qalıb bizə yadigar
Ömrün gəl-gəl deyən səsi sazdadır
Fərhadın şirinin badə içdiyi
Qızıl üzlü piyalası sazdadır

Nəbinin tüfəngi, Koroğlu cəngi
Diddi, parçaladı neçə nəhəngi
Dilqəmin şeirinin gözəl ahəngi
Kərəminsə ah-naləsi sazdadır

Professor Məhərrəm Qasımlı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Aşıqlar Birliyinə yeni sədr seçilib

O vaxt keçirilən qurultayların hər birində iştirak edən el aşığı Heydər Əliyevlə görüşündən də maraqlı bir əhvalat danışdı: "Bir dəfə qurultaylardan birində Aşıq Mikayıl Azaflının dəstəsi ilə mənim dəstəm çıxış eliyirik. Mərkəzi Komitənin birinci katibi Heydər Əliyevlə SSRİ-nin kənd təsərüfat naziri Metsiyev də zalda idi. Növbə ilə çıxış edirdik. Sonda Metsiyevlə Əliyev çıxdı səhnəyə. Sıra ilə durmuşduq. Rəhmətlik gəldi, mənimlə görüşdü. Dedi, çox sağ olun, konsertiniz gözəl keçdi. Dedim ki, mən Heydər Əliyevə uzun ömür, can sağlığı arzu edirəm. Bundan yuxarı rütbələrə yüksələsiniz. Zal əl çaldı. Gəldim yoldaşların yanına. Dedilər ki, əlini ver bizə, öpək, Əliyevin əlinə dəyib. Öpdülər də".

Söhbət əsnasında şeirin, sənətin, sözün ailələrinə verdiyi bir haqq vergisi olduğunu deyən aşıq atasının da çox gözəl səsi olduğunu dedi. Hətta Mircəfər Bağırov onu çağırtdırıb ki, "gəl səsini qramafona yazaq".

"Avamlıq idi o vaxt. Mənə dedilər ki, "gedib səsini verəcəksən, səzsiz qalacaqsan". Ona görə getmədim. Dedim, Mircəfər məni güllələtsə də, getmərəm, səsim olmasa, ürəyim partlayar", —deyir Aşıq Xalıqverdi.

Söhbət zamanı ustadın iki oğlu da söhbətə qoşuldu: Şakir və Ərəstun Mahmudovlar. Özlərinin ailə ansamblı olduğunu, Kəlbəcərdə rayon səviyyəli tədbirlərdə iştirak etdiklərini, sonradan isə məlum səbəbdən bu işi davam etdirə bilmədiklərini dedilər.

82 yaşının olmasına baxmayaraq, bizə Səməd Vurğun və Aşıq Şəmşirin görüşündən də maraqlı məqamlar söylədi. Dastandan şeirlər dedi. Səkkiz şəyirdinin olduğunu və hər birinin müstəqil ustad səviyyəsində aşıq olduqlarını bildirdi. Sonunda ustad sənətkara uzun ömür diləyərək, oradan ayrıldıq.

Xəbər lenti
0