CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtələşə-itələşə bank növbəsində: yaxınlıqdakı qazonda da gözləyən tapılır

© AFP 2023 / ANDREJ ISAKOVICЛюди выстраиваются в очередь, чтобы получить вакцину от Covid-19 в Белграде, Сербия
Люди выстраиваются в очередь, чтобы получить вакцину от Covid-19 в Белграде, Сербия - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
Azərbaycan insanının bəlkə də ən çox sevmədiyi işlərdən biri növbədə durmaqdır. Heç bir çətinlik bizə ağır gəlməz: daş da daşıyarıq, fəhləlik də edərik, yeri gəlsə, aylarla bazarda qarpız da satarıq, bircə növbəyə durmaq olmaya.

Elə tez-tez marketdə bu mənzərə ilə rastlaşırıq: nəsə kiçik bir bazarlıq etmisən, birdən biri yaxınlaşır, “Qardaşımsan, incimə, bir pivədir, məni növbədən kənar burax”. Bu gedən kimi dalınca əlində bir energetik içki tutan bir başqası xahiş edir. Növbəyə durmamaq üçün hər cür yazıq sifət almağa hazırıq, amma təki 5-10 dəqiqə gözləməyək.

Növbə gözləmək prosesi Azərbaycan banklarında hələ də qalmaqdadır

Elə sovet dövründə də növbə gözləməmək Bakıda ciddi problem idi. Özü də gənclər daha çox səbirsizlik ifadə edirdilər. O dövrdə adətən kinoteatrlarda böyük növbə olurdu, baxırdın, kənardan-bucaqdan növbəsiz bilet əldə etməyə çalışan nə qədər adam ortaya çıxırdı. Birtəhər kimisə qabaqlamağa çalışırdılar.

Sovetin zamanı bitdi, yeni dövrə qədəm qoyduq. Hər tərəfdə dükan-bazar açıldı, kafe-restoranın sayı-hesabı bilinmədi. Nə kino, nə də teatr üçün növbə olmadı. Nə qədər deyirsən, bilet də var. Hətta beynəlxalq idman yarışlarına baxmaq üçün çox cüzi bir pul ödəməklə bilet əldə etmək olar. Doğrudur, pik saatlarda supermarketlərdə sıxlıq olur, amma ümumən pis deyil.

Zaman dəyişdi, nə qədər yeni texnologiya meydana çıxdı, amma bu növbə deyilən şey tam sıradan çıxmadı nədənsə. Növbə gözləmək prosesi Azərbaycan banklarında hələ də qalmaqdadır. Hansı banka getsən, həm daxilində, həm də küçədə növbəsini gözləyən onlarla vətəndaşa rast gəlirik. Pensiya və ya maaş veriləndə isə bankomat qarşısında adam əlindən tərpənmək mümkünsüz olur. Bax belə, itələşə-itələşə yaşayırıq.

Növbə onda da vardı, indi də

Baxırsan, qəşəng ofis də qurulub, nəzakətli işçi heyəti toplanıb, növbə almaq üçün xüsusi avtomat da var, amma yenə də müştəri bankda ən azı 1-2 saat itirməlidir. Bir işin düşübsə, deməli, gözləməlisən. Bank var, elə monitorda növbədə olan nömrəni səslə də çağırır, amma həmin insan görünmür. Nömrə yanıb-sönür, gələn isə yoxdur. Qaydaya görə, bank işçisi ən azı 1 dəqiqə gözləməlidir, bəzən daha çox. Vətəndaş isə çıxıb gedib. Beləsinin sayı bir deyil, iki deyil, üç deyil, onlarla hesablanır.

Koronavirus pandemiyasından öncə də vəziyyət yaxşı deyildi, növbə onda da vardı, indi də. Sadəcə indi bəzi banklar guya virusdan qorunmaq adı ilə bank daxilindəki oturacaqları da skotçla bağlayır, müştərini kobud formada çölə qovur. Guya belə olanda, küçədə günəş şüaları altında istidən nəfəsi kəsilən müştərinin sağlamlığını qoruyurlar.

Bankda həm işçi sayı azdır, həm də filial

Axı bank sektorunda növbəni yaradan nədir? Niyə bu problemi həll etmək üçün heç bir tədbir görülmür?

Səbəb az deyil. İlk növbədə bank, filial və bankomatların sayı əhali sayına görə xeyli azdır. Hər banka bunu aid etmək olmaz, amma bankın filialları müştəri bazasının sayına görə formalaşmalıdır. Reallıqda bank işçiləri günün sonuna kimi tər töksə də, bankda növbə bitmək bilmir. Deməli, həm işçi sayı azdır, həm də filial. Rahatlıqla bir banka girib hansısa bir işini görmək bu gün qəliz bir işə çevrilib.

Adi bir əməliyyatı götürək. Deyək, kiməsə 7-8 min rus rublu almaq lazımdır. Bunun üçün mütləq günorta saat 2-yə kimi banka getməliyik, yoxsa valyuta almaq mümkün olmayacaq. Valyuta dəyişməyi isə saat 5-ə kimi etmək olar. Özünlə mütləq şəxsiyyət vəsiqəsi olmalıdır. Bank şəxsiyyətin surətini çıxardır, əgər bu bankda əməliyyat etməmisinizsə, onda vəsiqənin məlumatını kassir özündə qeyd edir. Halbuki bu, qeyri-qanunidir, çünki şəxsiyyət vəsiqəsində vətəndaşa məxsus şəxsi məlumat toplanıb. Sonra kassir daha nəsə bir kağız yazır, müştəriyə imzalatdırır, üç yerə parçalayır, möhür vurur, sonra da pulla bir yerdə verir. İki hissəni özündə saxlayır, şəxsiyyətin surətini də.

Cəmi 100 ABŞ dollar həcmində bir əməliyyata müştəri və bank azı 15 dəqiqə zaman sərf etməlidir. Özü də banklarda toplanan müxtəlif sənəd və kağızın həcmini təsəvvür etmək belə çətindir. Hərdən kassaların arxasında toplanan qalaq-qalaq sənədləri hələ harasa daşımaq da lazımdır. Şəxsiyyətin üzünün çıxarılması Mərkəzi Bankın tələbidir, amma bunu həmin bankda kimsə oxuyurmu? Kiçik bir məbləğdir, müştəri gəldi, dəyişdi, çıxıb getdi. Kağız isə qaldı.

***

Artıq bağlanmış “Dəmirbank”da baş vermiş hadisə:

- Xanım, mümkünsə, Novosibirsk şəhərinə pul yollamaq istərdim.

- Necə? (monitora baxır). Novorossiysk?

- Novosibirsk.

- Novosibirsk (axtarır). Çıxmır sistemdən.

- Necə çıxmır? Axı Rusiyanın böyük şəhəridir.

- Tapıldı. Nə qədər yollayırsınız?

- Min rubl (23 manat).

- Kimə?

Ad, soyadı deyirəm. Qeyd edir, sonra şəxsiyyət vəsiqəsinin surətini çıxarmağa cəhd edir. Kseroks yaxşı işləmir, donub qalır. Gedib kimisə çağırır, birtəhər yoluna qoyurlar. 30 dəqiqə sərf etdikdən sonra pulu yollamaq olur. 6-7 vərəq kağız da zay edilir. Bir neçə işçi və bir müştərinin həyatı bu qədər kiçik işə sərf olunursa, bu bank nə vaxtsa müflis olmalı idi.

***

Başqa bir nümunə. Azərbaycanda rəhmətə gedən bir insan üçün dövlət “DOST” xidməti vasitəsilə həmin şəxsin qohumlarına 600 manat pul ödənilir. Bir növ dəfn xərcinin bir hissəsi kompensasiya edilir. Amma nə qədər güc aparan bir prosesdir. Ölüm kağızı almaq üçün tibbi yardım stansiyasının kağızını yerli xəstəxanaya təqdim etmək lazımdır. Sonra ölüm faktı sistemə yüklənir, xüsusi tibbi arayış verilir. Bu arayış və rəhmətə gedənin şəxsiyyət vəsiqəsi ya ASAN xidmətə, ya da “ZAQS”a, yəni rayon qeydiyyat şöbəsinə təqdim edilməlidir. Buradan ölüm kağızı və “DOST” xidmətinə təqdim ediləcək arayış verilir. Daha sonra müvafiq bələdiyyədən dəfn barədə arayış alınmalıdır. Sonda bu sənədlər “DOST” xidmətinə verilir. Orada xüsusi bir kağız təqdim edilir, sonra bir ay gözləyərək Azərbaycan Beynəlxalq Bankından həmin məbləği almaq lazım gələcək. O da əgər “DOST” xidməti vaxtında pulu köçürsə. Özü də gedib bankda əlavə 2 saat da gözləməli olacaqsan, pul hələ köçməyibsə, gedib yerində məsələni araşdırmaq da təklif ediləcək.

Sadə bir əməliyyatdır, bunu pul dalınca gələn şəxsin öz hesabına da köçürmək olar, rəhmətə gedən pensiyaçıdırsa, bank kartına da. Amma pensiya kartı şəxs ölən kimi o dəqiqə bloklanır. Bu pulu alınca həyata nifrət edirsən.

Banklar da bu neqativ reputasiyadan yaxa qurtarmağa cəhd etmirlər

Ölkədə bir çox əməliyyatın elektronlaşmasına, sadələşdirilməsinə ehtiyac var. İş başında olan birisi iş yerini qoyub bankda bir neçə saatı niyə itirməlidir axı? Valyuta əməliyyatını reallaşdıran bir bankomat qoymaqla növbəni yox etmək də olardı. Bu qədərmi çətindir bu iş?

Bir çox bankın saytında olan onlayn cavab sistemi də fərli işləmir. Hər hansı suala cavab almaq asan deyil. Bankın qısa nömrəsinə zəng edib nəyisə aydınlaşdırmaq da zaman tələb edir. Orada da növbə olur. Texnologiya dövründə bank qapısında, ya da yaxınlıqdakı otluqda növbə gözləmək isə ən azı bank üçün ayıbdır. Hansı xidmət səviyyəsindən danışmaq olar? Hərə bir qazonda oturub ömrünü çürüdür.

Növbə sevməyən Azərbaycan xalqı bank qarşısında bu qədər zaman sərf edirsə, deməli, ölkədə banklara qarşı da bir neqativ fikir formalaşır. Banklar da bu neqativ reputasiyadan yaxa qurtarmağa belə cəhd etmirlər. Elə bil bataqlığa düşüblər, çıxış yolu da tapılmır.

İşıq üzü almanlardadır. 4-5 adamla böyük bir bankı işlədən alman bankirlərdən yaxşı işləməyin sirrini öyrənmək də yerinə düşərdi. Elə xidmət səviyyəsinə görə dünyada lider olan Yaponiyaya da təcrübə dalınca getməyinə dəyər. Bəlkə, o zaman növbədən yaxa qurtararıq.

Xəbər lenti
0