02:32 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
YAZARLAR
Qısa URL
2473 0 0

Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir: Su savaşları, kosmosa doğru və s.

Su savaşları

İranın müxtəlif əyalətlərində su çatışmazlığı ilə bağlı etiraz aksiyaları keçirilir.

Belə böhranın nə vaxtsa bütün dünyanı bürüyəcəyi şübhə doğurmur. Hesablamalara görə, Yer kürəsi əhalisinin üçdə ikisi 25 ildən sonra su çatışmazlığı yaşayacaq. Son yarım əsrdə baş verən quraqlıqlar dünya miqyasında 650 min insanın ölümünə səbəb olub.

Su müharibələrinin başlandığı artıq sirr deyil. Artıq karbohidrogen ehtiyatlar perspektivini itirir – 48 il sonra neft, 50 il sonra isə qazın tükənəcəyi bildirilir. Odur ki dünya alternativ enerji mənbələri üzərində baş sındırır və tapır. Ancaq suyun alternativi hələ ki, yoxdur və su hövzələri uğrunda savaşlar artıq başlayıb.

Qaçış və beyin qırışları

Ermənilərin "Qarabağ", "status" davası isə su hövzələri ilə bağlı deyil – onlar sadəcə, uydurma tarixin əsirinə çevriliblər. Düzdür, işğal etdikləri ərazilər həm də su resursları ilə zəngin idi, ərazi iddiaları ideoloji xəstəliklə bağlıdır.

Ələyi ələnib, xəlbiri göydə oynayan erməni ordusunun təxribatları, məsələn, Kəlbəcərdə törədilən təxribat da Yerevanın ağlını başına yığmadığını növbəti dəfə təsdiq etdi. Baxmayaraq ki, bundan cəmi bir gün öncə Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etmişdi. Ya Paşinyan manipulyasiyalar edir, ya da ordu onun nəzarətindən kənardadır – Robert və Serjə bağlı generallar Paşinyana "torba" tikir. Bu arada, Ermənistan mətbuatının məlumatına görə, general-leytenant Artak Davtyan və birinci müavini general-mayor Arşak Karapetyan arasında dava-qırğın olub. Müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan isə istefa verib.

Moskva səfərindən sonra Paşinyan sülhə hazır olduğunu, Azərbaycan Prezidenti isə "statusun yerini göstərdiyini" söylədi. Bu iki açıqlama regionun gələcək yol xəritəsini göstərir. Yerevan rəsmilərinin Parisə, Brüsselə, Moskvaya qaçışları heç nəyi dəyişməyəcək – uzağı, erməni siyasətçilərinin ayaq əzələləri inkişaf edəcək. Qaçışın beyin qırışlarının açılmasına təsirini tibb təsdiq edibmi, görəsən?

Ədalətsizliyə qarşı immunitet

Avropa İttifaqının Ermənistana 2,6 milyard, Azərbaycana isə 150 milyon manat ayırması ötən həftənin ən çox müzakirə olunan mövzularından biri idi. Bəzi ekspertlər bu "ödəniş"in erməni xalqının susdurulmasına yönəldiyini desələr də, fakt odur ki, müharibədən bəlkə də 1 trilyon dollar zərər görən Azərbaycandır. İkili standartlar, vasitəçilərin ədalətsiz neytrallığı, laqeydliyi, həmsədrlərin turist səfərləri bizdə bu cür münasibətə qarşı 30 il ərzində immunitet yaradıb.

Ötən həftə ABŞ-ın nüfuzlu "Foreign Policy" nəşrində işıq üzü görən məqalədə 2017-ci ildə Minsk Qrupunun həmsədrlərindən biri olan amerikalı Riçard E.Hoqlandın dedikləri də vasitəçiliyin mahiyyətini açır: "Beşulduzlu hotellərdə qaldıq, adətən xüsusi mərtəbədə bizə ayrıca yemək otağı və çoxçeşidli barı olan nömrələr ayrılırdı. Hər zaman getdiyimiz şəhərlərdə ən yaxşı restoranları axtardıq. ATƏT bayrağı altında Bakı ilə Yerevana Minsk Qrupunun mövcud olduğunu xatırladaraq bir müddət yaxşı yaşadıq. Ancaq açıq etiraf etməliyik ki, az, özü də lap az iş görə bildik".

Koronavirusa qarşı immunitet isə...

Londonda, Sidneydə, Parisdə insanlar məhdudiyyətlərə diş qıcayır. Onlara peyvənd olunmaq istəməyənlər də qoşulub. Bu, o vaxt baş verir ki, Avropa İttifaqı ölkələrinin yarıdan çoxu peyvənd olunub: 187,7 milyon insan. Bu, birlik ölkələrinin yetkinlik yaşına çatmış əhalisinin 51,3%-i deməkdir.

Bu arada Rusiyada koronavirus infeksiyasının "Delta" kimi daha yoluxucu olan "Qamma" variantı yayılıb.

ÜST-ün rəhbəri Gebreyesus isə nikbin danışmır: "Virus nə qədər geniş yayılsa, onun daha çox növü ortaya çıxacaq və hazırda bu qədər ziyan vuran "Delta" ştammından daha təhlükəli olma potensialı olacaq".

Gebreyesus müəllimin adının "gəbərəssiz" sözü ilə nisbətən səsləşməsi sadəcə, təsadüfdür, ciddi proqnozlar üçün əsas vermir.

Kosmosa doğru

Yerdən ümidini üzən insan nəsli göylərə üz tutur. Allaha üz tutmaqdan söhbət getmir – əksinə, ateistlərin sayı artır ("Gallup" şirkətinin 57 ölkədə 50 min nəfər arasında keçirdiyi sorğuya görə, 2005-2011-ci illər arasında özünü dindar hesab edənlər 77 faizdən 68 faizə düşüb). "Blue Origin" fəza şirkəti və "Amazon"un təsisçisi Ceff Bezosun kosmos səyahəti bu həftə dünya gündəminin ən mühüm hadisələrindən idi. Düzdür, bundan 1 həftə öncə "Virgin Galactic" şirkətinin milyarder sahibi Riçard Branson suborbital uçuş həyata keçirməklə Bezosun kosmosa daxil olan ilk milyarder statusuna sahiblənməsinə imkan vermədi, amma hər halda, hadisə maraqla qarşılandı, müxtəlif internet platformalarda canlı yayımlandı, milyonlarla insan onu acıgözlüklə izlədi.

Həmin vaxt çoxumuzun başı Pərvinin sevgilisinin onu şantaj etməsi, Aşıq Namiqin qadına qarşı nalayiq hərəkətlərinin müzakirəsinə qarışmışdı.

Göz yaşları

Avropanı sel-su yuyub aparır. Almaniyada ölənlərin sayı 200-ə, Belçikada 30-a çatıb. Niderlandda da leysan və çay daşqınları şəhərləri su altına alıb.

Suriyalı uşağın "Hamınızdan Allaha şikayət edəcəm" sözləri yadınızdadır, yəqin ki.

Bəlkə bu sel suriyalı uşaqların göz yaşlarıdır?!

Hə şey vətən üçün deyənlər və...

Şəmkirdə şəhid ailəsinin evindən oğurluq edən iki nəfər saxlanılıb. A.N. və H.R. (günahları sübuta yetirilmədiyindən adları bu cür təqdim edirik) gecə qonşuluqdakı şəhid ailəsinə məxsus evə daxil olaraq ümumi dəyəri 25 min manat olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Canını vətən uğrunda qurban verən, hər şey vətən üçün deyən adamın evindən oğurluq edən adamı, nə qədər qəddar səslənsə də, mina təmizləyən maşınların qarşısına qoşmaq lazımdır.

Əsas mövzular