CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Panturalın həyasızlığının sirri

© Pexels Mustafa ezzМужчина, фото из архива
Мужчина, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
Daxili İşlər Nazirliyi "Pantural" ləqəbli bloger Tural Səfərovla bağlı araşdırmaya başlayıb. Buna səbəb isə onun ötən gün "açıq geyinən qadınları zorlayın" çağırışını etmişdi.

BAKI, 13 iyul — Sputnik. Xatırlatmaq yerinə düşər ki, sosial şəbəkələr gəncliyimizi və gələcəyimizi təhdid edən çox ciddi təhlükədir. Bəli, tez-bazar və ucuz şöhrət elə bir bəladır ki, giriftar olmayan bilməz, bilsə də bu mərəzdən xilas olmaq istəməz. Sosial şəbəkələrdə məşhurlaşmaq, izləyici sayını artırmaq üçün kifayət qədər ciddi adamlar belə, min oyundan çıxırlar. Məşhurluq, izləyici toplamaq üçün atasını, anasını, övladını, hətta nənə-babasını lağ-lağı hədəfinə çevirənlər var. Bu baxımdan məşhurluq üçün soyunanları, döyüşənləri, söyüşənləri anlamaq mümkündür.

Bu şöhrət hərislərinin hədəfi izləyici sayını artırmaq və gündəmdə qalmaqdır. Hədəf məşhurluq olduqdan sonra bütün iyrənc yollar mübah görünür. Çünki bu məşhurluğun sonunda maddi qazanc və rahat həyat dayanır. Gülüb keçdiyimiz, istehza ilə yanaşdığımız sosial şəbəkə fenomenlərinin əksəriyyəti reklam və məhsul tanıtımı sayəsində bizim üçün inanılmaz görünən məbləğləri bir neçə saatda qazanır. Bu rahatlıq sayəsində onlar elmə, intellektə, oxumağa, özünü inkişaf etdirməyə ehtiyac duymurlar. Dünyadan bixəbər, ancaq məşhurluq üçün yaşayan bu cahillərin sonu da bu günlərdə müzakirə mövzusuna çevrilən Pantural kimi olur. Və ən qəribəsi budur ki, belələri hətta nifrətdən, təhqirdən, tənqiddən belə qazanc əldə edirlər. Yəni dolayısıyla nifrətlə bəslənirlər.

***

Sosial şəbəkələrdə məşhurluq ilk növbədə insanda özünəəminlik, müştəbehlik yaradır ki, bu da tədricən eqoizmə, başqalarına yuxarıdan-aşağı baxmağa, həyasızlığa çevrilir. Yəni izləyicilər sayəsində məşhurlaşmış, fenomenə çevrilmiş şəxslər özlərini hamıdan ağıllı hesab edir. Nəticədə artıq öyüd-nəsihət verməyə, öz zərərli düşüncələrini lazımlı və vacib ideyalar kimi izləyicilərinə təqdim etməyə başlayırlar.

Məşhurluq və izləyici kütləsinin yaratdığı özünəvurğunluq sayəsində bu cahillər özlərini ən ağıllı, ən ləyaqətli, ən bilikli və bacarıqlı insanlar hesab edirlər. Bütün pəstaha da bundan sonra başlayır. Özünü dahi və vacib şəxsiyyət sayan bu nadan sürüsü "heyranlarına", "izləyicilərinə" ağıl öyrətməyə, istiqamət verməyə başlayır. Xüsusilə qıcıq yaradan, kütlənin müzakirə etdiyi mövzulara toxunmaqla daha çox izləyicinin diqqətini cəlb edir.

Bu baxımdan qrafik dizayner kimi kifayət qədər ciddi işlər görmüş, öz sahəsində uğur qazanmış Pantural nifrət nitqləri ilə gündəmə gəlir. Halbuki, o, öz işləri ilə də gündəmdə qala bilərdi, əgər zamanında kino çəkmək adıyla "massovkaya" Ukraynadan qızlar gətirib, sponsoru müflis etməsəydi...

Bəli, Pantural ucuz şöhrət arxasınca qaçan, görməmiş və cahil bir adam olsa da, həm də ölkənin çox ciddi iş adamlarından kino çəkmək adıyla böyük məbləğdə pullar qoparmaqda, bu pulları havaya sovurmaqda, dələduzluqda günahlandırılır. Faciə bundadır ki, Pantural kimi nadanı bəsləyən iş adamları nə elmə, nə kitaba, nə də ciddi sənətə böyük pullar verərlər.

O ki qaldı Panturala, bu cahil mütləq kütləsi üçün "oynamalıdır". Çünki kütlə onu izləməklə məşhurlaşdırıb və artıq o, öz borcundan çıxmaq üçün kütləni riqqətə gətirən nələrsə danışmalıdır. Bəli, kütlə hətta onu söysə də, bu nadan qazanacaq. Yeni trend budur, söyüldükcə, təhqir olunduqca məşhurlaşırsan, məşhurlaşdıqca daha çox qazanırsan, qazandıqca əlçatmaz və maraqlı görünürsən və iş adamlarının, xeyriyyəçilərin diqqətini çəkib, daha çox pul qopara bilirsən. Bu isə həmin məxluqata ağlına və ağzına gələni danışmağa şərait yaradır.

***

"Kitabi-Dədə Qorqud" dastanında, konkret olaraq "Basatın Təpəgözü öldürdüyü boy"da maraqlı bir detal var. Pəri qızıyla zina edən çoban vədə yetişəndə ondan Oğuz elinin başına bəla gətirən əmanəti qəbul edir. Pəri qızın atıb getdiyi ət topası daşlandıqca, döyüldükcə, vurduqca böyüyür. Çoban qaçsa da, Oğuz igidləri bu ət topasını tapıb vurmaqda, təpikləməkdə davam edirlər. Nəhayət Aruz atdan enib təpikləyəndə mahmızıyla ət topasını deşir və içindən Oğuzun başına bəla olan Təpəgöz çıxır. Gerisini bilənlər bilir, bilməyənlər də vaxtında kitab oxusaydılar, şübhəsiz ki, bilərdilər...

Sözümün canı odur ki, bu gün Oğuz elinin başına bəla olan sosial şəbəkələrdə meydangirlik edib at oynadan "təpəgözlər" biz "vurduqca" böyüyür, yekəlir və daha da həyasızlaşırlar.

***

Bu gün müəyyən bir kütlənin təqdirini almaq üçün nifrət çıxışları edən panturallar sabah sakitləşməyəcək, yenə bir mövzu tapıb gündəmi məşğul etməyi bacaracaq, biz "vurduqca" böyüyüb, nəhəng bir təhlükəyə çevriləcəklər. Bu adamlara qarşı yeganə mübarizə metodu laqeyidlikdir. Bu adamları görməzdən gəldikcə, izləmədən çıxardıqca öz həqiqi dəyərlərini anlayıb, başa düşəcəklər. Biz "vurduqca" onlar həyasızlaşır, təbiri caizsə, quduzlaşırlar. Və təəssüf ki, biz cəmiyyət olaraq onlara laqeyd yanaşa bilmirik. Çünki bütün əyləncəmiz, hobbimiz sosial şəbəkələrdir. Hamımız bir gün məşhurlaşmaq ümidi ilə nələrsə yazır, çəkir, danışır və paylaşırıq. Bu gün sosial şəbəkədə məşhurluq arzusuyla hətta anasını söyməyə hazır olan insanlar var...

***

Şübhəsiz ki, Panturalın nifrət nitqi hüquq mühafizə orqanları tərəfindən araşdırılıb, ölçü götürülməlidir. Çünki o üzr istəsə də, məlum çağırışı, videonu silsə də heç nə dəyişmir. Təəssüf ki, bu əxlaqsız çağırışı, videonu izləyən minlərlə insan bu çağırışdan artıq təsirlənib. Bilirik ki, bu cür insanların cəzalandırılması belə, bəzən bu tip nifrət çağırışlarının qarşısını ala bilmir. Panturalı müdafiə edən məşhur simaların varlığı bir daha sübut edir ki, cəhalət, savadsızlıq, kitabsızlıq və dünyadan bixəbərlik bizim əsas düşmənimizdir. Və təəssüf ki, biz bu cahil sürüsünün qarşısında əliyalınıq. Çünki cəhalətə qarşı ən güclü və təsirli silahdan – kitabdan uzaq düşmüşük. İndi, bəlkə də kimsə, "ə, yenə də kitab?!" – deyib istehza edib, üz-gözünü turşudacaq. Ancaq biləsiniz ki, bu, məni qəti narahat etmir. Bəli, yenə kitab və həmişə kitab! Çünki xilasımızı yalnız elmdə, bilikdə, dünyanı anlamaqda və dərk etməkdə görürəm...

Səs-küyə səbəb olan çağırış

Ötən gün "Pantural" ləqəbli bloger Tural Səfərov "açıq geyinən qadınları zorlayın" çağırışını etmişdi. Bundan sonra sosial şəbəkədə bəziləri onu dəstəkləmiş, bəziləri isə bu çağırışı sərt tənqid etmişdilər. Hətta müğənni Nadir Qafarzadə sözügedən paylaşımlardan birinə "Başıaçıqları, şalvar geyinənləri, feministləri zorlayıb iradımızı bildirəcəyik. Qarşı çıxan kişicikləri də... Hamımız bir olsaq, qeyrətlilərin qabağında heç kim dura bilməz" sözlərini yazmışdı.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Tural Səfərovla bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Eləcə də oxuyun:

Xəbər lenti
0