02:11 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
YAZARLAR
Qısa URL
632510

Pakistanlı, təhsil sahəsində aktivist, hüquq müdafiəçisi Malala Yusifzay bu yaşda Nobel mükafatı almışdı.

Gəlinin cəmi 17 yaşı var. Evlilik müddəti – 3 ay. Çox qəribə və təzadlı rəqəmlərdir. Eyni zamanda kədərli...

Pakistanlı, təhsil sahəsində aktivist, hüquq müdafiəçisi Malala Yusifzay bu yaşda Nobel mükafatı almışdı.

15 yaşında Reynerci (Rainergy) startapı ilə dünyanı heyrətə salan bizim qubalı Reyhan Camalova 17 yaşında dünyanın ən nüfuzlu universitetlərindən təqaüd təklifləri almışdı və artıq 18 yaşında Amerikanın ən nüfuzlu ali məktəblərindən birinin, Pensilvaniya Universitetinin tələbəsi, Beynəlxalq Penn təqaüdçüsüdür.

Bəli, könül istərdi ki, evdən qaçan qızımız da bu yaşda hansısa nüfuzlu təhsil ocağında qazandığı nəticə ilə gündəmə gələydi.

Uğurları ilə gənclərimizə örnək göstəriləydi.

Axı 17 yaşında qız təhsil almalı, gələcəyini qurmaq, elm, sənət öyrənmək üçün yeni planlarla, gələcək üçün gözəl arzularla yaşamalıdır.

Çox təəssüf ki, bəzi valideynlər övladının təhsilini düşünməkdənsə, onun ailə qurması üçün çalışır.

***

Evdən qaçan gəlinin əri deyir ki, telefonda danışanda evi süpürürəm dedi, amma süpürgə səsi gəlmirdi, maşın səsi gəlirdi. Deməli 17 yaşlı qızımız artıq yalan danışmaq cəsarətini, məkrli planlar qurmaq "fərasət"ini qazanıb.

Halbuki 17 yaşında onun imtahanlardan yorulub, rəfiqələri ilə müəllimlərin qeybətini edən çağıdır. Onu bu yaşda evləndirməklə, dünyadan bixəbər qoymaqla yaxınları, doğmaları bu yalana, hiyləgərliyə, səhv addıma sürükləyib.

17 yaşılı bir qızı tələm-tələsik evləndirən ailəsi görəsən nə düşünürmüş?

Böyük ehtimalla bu düşüncə sahiblərinin həyata baxışı da, təfəkkürü də eynidir. Və bunun cəhalətdən başqa adı yoxdur.

***

Qaynatası deyir ki, bəs gəlinim bütün günü votsapa girirdi, telefonun altından girib, üstündən çıxırdı. Və böyük ehtimalla bu insan mentalitetin əsiri olan həmvətənlərimizdəndir. Bəlkə də onun düşüncəsinə görə gəlinin evdən qaçmasının ən böyük günahkarı telefondur, sosial şəbəkələrdir. Danışdırsan, serialları, televiziyaları, qonşuları da borclu çıxarar. Ancaq 17 yaşlı qızla oğlunu evləndirdiyi üçün özündə zərrə qədər günah görməz.

***

Bu axmaq adət-ənənələr, erkən evliliklər Azərbaycan qadınına çox böyük zərbə vurur. Çünki, qadının işi ailə qurmaqla bitmir. Toydan 2-3 ay keçməmiş qohum-qonşunun "bişey-mişey var?" tipli şablon sualları başlayır. Əgər yeni qurulan ailə stereotiplərə boyun əyməyi qəbul edibsə, tez-bazar dünyaya bir övlad gətirib el qınağından xilas olmağa can atır və beləliklə ailə institutu bəsit "nəsilartırma institutuna" çevrilir. Hələ bunun "tək uşaq yaxşı deyil", "uşağa qardaş (bacı) lazımdır" tipli sərsəmləmələrinə boyun əyənləri də var. Nəticədə körpə-körpə qızların qadınlaşma, arvadlaşma prosesi sürətlənir, bu nümunəni görən gənc qızlarımız isə 20 yaşından sonra "evdə qaldığını" "qız qarıdığını" düşünüb özünü yeyib-bitirir, gənc və təcrübəsiz ailələrin sayı artır. Və bu cür ailələr çox vaxt sağlam, stabil olmur. Tələsik evləndirilən qızlar, bir neçə il sonra boşanmış qadınlara çevrilirlər. Əgər ali təhsillidirsə, karyerası, iş həyatı alt-üst olur, xəyallarında qurduğu dünya darmadağın olur. Ya da evliliyin üç ayı tamam olmamış evdən qaçmağı seçir...

***

Bu mövzu ətrafında çox da baş sındırmağa dəyməz. Çünki, baş verənlərin günahkarı nə votsap, nə telefon, nə də sosial şəbəkələrdir. Günahkar bizim cahilliyimizdir. Cəhalətdən sıyrıla bilməsək, təhsilin önəmini dərk etməsək hələ uzun müddət evdən qaçan gəlinləri müzakirə edəcəyik...

Əsas mövzular