05:44 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0023
  • RUB0.0230
YAZARLAR
Qısa URL
2337 0 0

Sputnik Azərbaycan-ın köşə yazarı son illər çox aktual olan sosial şəbəkə dözülməzliyi mövzusuna toxunub.

BAKI, 23 iyun — Sputnik. Sosial şəbəkələrdə bir qrup insan var ki, oturub kimlərisə linç etmək üçün fürsət gözləyir.

Əgər sənin şəxsi fikirin varsa, ümumi fikirə zidd bircə kəlimə yazsan, vay halına. Bu mühafizəkar və qəzəbli adamlar səni didib-parçalayar, məhv edər.

Onlar heç kəsin tənqidi fikrini, şəxsi yanaşmasını qəbul etmir. Ellikcə sevinib, ellikcə kədərlənən bu insanlar onların duyğularına şərik olmayanları bihörmət etməyə məqam gözləyirlər. Onlar üçün azadlıq əxlaqsızlıq, şəxsi fikir tərbiyəsizlik, fərdi düşüncəni bölüşmək mənasızlıqdır.

***

Onların düşməni də, dostu da ümumidir. Qəfildən sözü bir yerə qoymuş kimi kimisə sevə, ya da söyə bilirlər. Həmrəy, həmfikir olmaqda əndazəni aşmış bu adamların gözündən yayınıb azacıq müstəqil fikir yazsan, sənin xalq düşməni olduğunu sübut edənə qədər səndən əl çəkməzlər. Sosial şəbəkələrdəki qaraguruhu müşahidə edəndə, Nemət Pənahlının “Meydan” hərəkatındakı performansını xatırlayıram. Hərçənd, o dönəmdə uşaq olsamda, dumanlı xatirələrim və böyüklərdən eşitdiklərim Nemətin kütləni necə coşdurmasını yaddaşımdan silinməyə qoymur. Nemətin bir kəlməsi ilə oturub-qalxan minlərlə adam vardı illər öncə...

Sonra həmin kütləvi həmrəylik unuduldu getdi, illər sonra o adamların “varisləri” sosial şəbəkələrdə peyda oldu. İndi də onlar kütləvi şəkildə həmrəy və həmfikir olmaqla sosial şəbəkələri “Azadlıq meydanı”na çeviriblər. Onların da öz nemətpənahlısı var – sosial şəbəkə fenomenləri...

Müharibə vaxtı bu kütlənin qəzəbini də, coşğusunu da gördük. Sülh tərəfdarlarının təhqir edilməsi, fərqli düşünənlərin linç edilməsi hələ də davam edir. Bəli, bu adamlar alternativ, müstəqilfikirə hörmət etmir, hətta qəbul etmirlər. Onlar kimi düşünmürsənsə düşmənsən, namərdsən, satılmısan. Şüar birdir: “ya bizdənsən, ya düşmən”.

***

Şübhsiz ki, kütlənin azad fərdlərə qarşı dözümsüzlüyü yenilik deyl. İllər öncə də sosial şəbəkələrdə qəzəbli adamlar, əsəbi kütlə vardı, bu gün də var. Lakin getdikcə onların bölünməsi, qruplaşması fərqli istiqamətdə təşəkkül tapır. Nə qədər bölünüb, parçalanıb, şaxələnib inkişaf etsələr də, onların ortaq nöqtəsi mütləq var: fərdlərə, azad, müstəqil fikirli insanlara qarşı dözümsüzlük. Əgər şəxsi fikirin varsa, bunu ifadə etmək istəyirsən yüz ölçüb, bir biçməlisən. Yoxsa, hücuma, linçə, təhqirə hazır olmalısan.

Onlar klassikləri çıxmaq şərti ilə, heç bir musiqiçini, rejissoru, aktyoru, yutuberi, siyasətçini, yazıçını və şairi bəyənmirlər. Onların fikirincə “bizimkilər” heç nəyi bacarmır. Məsələn, indiki müğənnilər oxuya bilmir, komediya aktyorları güldürə bilmir, rejissorlar çəkməyi bacarmır, yazıçılar isə yazmasa daha yaxşıdır. Nirvanada olduğunu düşünən bu ərənlər, onlar kimi düşünməyənləri cahil, savadsız, savadsız, bacarıqsız hesab edir. Çünki haqqı bilən sadəcə onlardır və onlar da “kövni-məkana sığmırlar”.

***

Xülaseyi-kəlam, bu qəzəbli və əsəbi insanlar arasında yaşamaq, ömür tükətmək əməlli-başlı işgəncədir. Bir yandan pandemiya, bir yandan gündən-günə çətinləşən həyat şərtləri, “bir yandan da havalar...” Açığı hər şeyə birtəhər dözmək, səbr etmək mümkündür. Adamı nə yayın istisi yandırır, nə də susuzluq. Adamı yandıran anlayışsız insanlar arasında yaşayıb, ömür-gün tükətməkdir. Bu qəzəbli, heç nəyi bəyənməyən, hamıya potensial düşmən kimi baxan adamlarla eyni səmanın altında eyni ulduzları seyr etmək o qədər çətindir ki...

Əsas mövzular