06:13 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
YAZARLAR
Qısa URL
1869 0 0

Sputnik Azərbaycan-ın köşə yazarı hesab edir ki, zibilini qonşunun qapısına tökən insanla, nəqliyyatda daxildə yığılan neqativi başqalarına ötürən insan arasında heç bir fərq yoxdur.

Azərbaycan insanı hər yerdə narazılıq etməyə bir bəhanə axtarır. Razılıq edən, işlərinin qaydasında olduğunu bildirən kimisə tapmaq qəliz məsələdir. Təsadüfən küçədə birinə toxundunsa, gözləmədyin halda ağır söz, təhqir eşidə bilərsən. Hərənin bir dərdi var, özündə nə qədər çox gəzdirirsə, təsadüfi münaqişə zamanı mütləq üzə çıxa bilər. Həll edə bilmədiyi problemin acığını gərək başqasından çıxa.

Dözə-dözə səbir kasamız dolur, bir bəhanə axtarırıq kimisə acılamağa

Bir tərəfdən bir xalq olaraq çox dözümlüyük, işdə danışmırıq, çünki ayıbdır, sabah-birigün bu adamla üz-üzə gələcəksən. Müdir haqqına girir, artıq iş tapşırır, istirahət günü ofisə çağırır, deyirsən, əşi bir təhər yola verək, yoxsa əlinə bəhanə düşən kimi işdən qovar. İsti plov sifariş verirsən, 1 saat sonra soyumuş dolma gətirirlər, deyirsən, acam, birtəhər yeyim, görüm nə olar. Ustaya iş deyirsən, evin təmirini tapşırırsan, 3-4 gündən sonra rayonda rəhmətə gedən var adı ilə aradan çıxır, günlərlə toz udmalı olursan, deyirsən, eybi yox, yaxşı ustadır, bir az dözüm, gəlib düzəldər.

Dözə-dözə səbir kasamız dolur, bir bəhanə axtarırıq kimisə acılamağa. Amma problemin həlli başqa yerdədir, işə girəndə müqavilə imzalamaq, bütün şərtləri əvvəlcədən danışmaq lazımdır, əgər müdir səni anlayırsa, isti münasibət göstərirsə, bu halda həm kompromisə getmək olar, yeri gəlsə, artıq işləmək də. Yox, əgər müdir kollektivdə birini qaralayıb işlədirsə, öz qohumlarına isə komfort şərait yaradırsa, belə halda problemi məhz yerində çözmək lazımdır, kənarda yox. Sifarişi vaxtında çatdırmayan şirkəti sadəcə “qara siyahıya” salaraq həyatdan silmək gərəkdir. Hələ sosial şəbəkədə teqləyib ətrafınızı məlumatlandırmaq da olar. İşləyə bilmirsənsə, bu yeri tərk elə, qoy başqası işləsin. Pis ustanı isə sosial mediada hər gün qaralamaq lazımdır, gərək adı qara siyahıdan çıxmasın. Bir əldə neçə qarpız tutmaq olar axı? 5-6 obyekt götürüb bir az orada, bir az burada işləməklə nə qədər insanı aldadan usta var. Bu gün bir qohumunu öldürür rayonda, sabah başqa birisini. Obyektlərin də hamısı yarımçıq.

Mahiyyətcə xırda alverçidir, özünə ev tikib zibilini də sənin qapına atacaq

Dükana girirsən, sahibi başlayır ağlamağa: alver filan yoxdur, batıram, nisyə dəftərində salamat yer qalmayıb, vergi imkan vermir işləyək. Di gəl, sadə bir məsələ üçün müraciət edirsən, deyək pul xırdalamaq üçün. O dəqiqə sifətinin ifadəsi də dəyişir, 5 dəqiqə öncə olan yazıq sifət çönür. And-aman edərək xırdanın olmadığını deyir. Uşağı yollayırsan təndir dalınca, zavod çörəyindən verib yola salır, tofita konfeti istəyirsən, karamel verir. Beynində bir fikri var, nə yollasa aldatsın, qabağa düşsün. Sən də ürəyində düşünürsən, yaxşı deyil, dava salmayım, qonşudur, ayıbdır. Sən ayıb bilirsən, o bilmir.

Baxırsan, təzə bağ qonşun gəlib, özünə çox bahalı ev tikdirir. Ürəyində düşünürsən, nə yaxşı, ziyalı bir adamdır. Sosial şəbəkədə istifadəçisi, Strasburq universitetinin məzunu, möhtərəm bir bankın əməkdaşıdır. Amma nə olsun? Mahiyyətcə xırda alverçidir, özünə ev tikib zibilini də sənin qapına atacaq. 5-10 manat qabağa düşmək üçün. Özü də o tək deyil, küçədən ötən digər qonşuların da çəkdiyi siqaretin qutusunu, içdiyi pivənin bankasını sənin qapına atacaq, çünki xətri belə istəyir. Onlardan gərək birini tutub nə ki var əzişdirəsən, onda düzələr bəlkə. Amma yerində tuta bilmədinsə, acığını ya evdəkilərin, ya da tanımadığın bilmədiyin birisinin üzərinə tökəcəksən.

Adətən dava-qırğının çox hissəsi yolda olur. Ya ictimai nəqliyyatda deyişirik, ya da sükan arxasında oturduğun maşının pəncərəsindən Kainatın efirinə pis sözlər buraxırıq. İctimai nəqliyyatda baş verən davaları gərək mətbuat hər gün çəkə, bir hissəsi komediyadır, bir hissəsi drama. Hər cür faciəvi və gülməli halla rastlaşırıq. Biri səsini çıxardısa, digərinin də əsəbi gərilir. Kiçik bir məsələ şişib böyüyür.

Fikir vermişəm, hər gün sürücünü bax belə təhqir edirlər

46 saylı avtobusun sürücüsü:

- Dayanacaqda düşən olacaq?

- Hə, hə.

Avtobus dayanır, düşən düşür, qapı bağlanır. Uşaqla olan bir gənc xanım çox pis bir tonla:

- Saxla daaa, düşək də. Elə gedir aaaa.

Sürücü:

- Düşəydin də.

Davamını yazmağa utanıram. Qadın ağzından çıxanı sürücüyə deyib avtobusu tərk edir. Mexanizm işə düşdü, salon çalxalanır.

Qadınlardan biri:

- Belə danışıq tərzi olar? Niyə bu qadın belə tonda danışır? Sürücünün nə günahı var? Fikir vermişəm, hər gün sürücünü bax belə təhqir edirlər.

Sürücü artıq danışmır, susur.

Kişilərdən biri:

- Özü ləng tərpəndi.

Qadın:

- Lap başım ağrıdı

Digər qadını:

- Bu sürücü elə tələsir, bizi minəndə də, düşəndə də tələsdirir. O neyləsin? Düşə bilmir də.

Salonda artıq başqa söhbət qızışır. Kimsə öz qızından danışır. Ailə qurub, iki uşağı var, əri atıb gedib. İndi o məcburdur nəvələrinə baxmağa. Başqa qadın söhbətə qoşulur. Qonşuluqda qızı evsiz birinə veriblər, sonra həyətdə yeni qurulan ailə üçün ev tikiblər, uşaq da olub, sonda kürəkən nədənsə dözməyib qoyub çıxıb aradan.

Sürücü:

- Dayanacaqda düşən olacaq?

Salonda söhbət davam edir. Bir qadının halı dəyişir, ürəyi bulanır deyəsən. Sürücü avtobusu dayandırıb onu çölə buraxır. Avtobus çalxalanır yenə də. Sürücü, deyəsən, tələsir. “28 May” metro stansiyasında, nəhayət, dayanırıq, amma sonda birdən əyləci basır. Hərə bir tərəfə dəyir. Salondan kimsə deyir:

-  Elə bil kartof-soğan daşıyır.

Biri maddi zibil tökür, digəri mənəvi

Bax, beləcə psixoloqsuz filan öz dərdimizi başqalarının üzərinə tökməklə yaşayırıq. Zibilini qonşunun qapısına tökən insanla, nəqliyyatda daxildə yığılan neqativi başqalarına ötürən insan arasında heç bir fərq yoxdur. Biri maddi zibil tökür, digəri mənəvi. Zibili aparıb zibil qutusuna tökmək lazımdır, problemi isə yiyəsi ilə həll etmək, çünki kökü oradadır. İşi birdəfəlik həll edəndə əziyyəti də az olur sonradan. Həyətdə əmələ gələn alağı biçmək də olar, kökündən qopartmaq da. Biçmək asan yoldur, kökündən qopartmaq çətin. Amma nəticədə daha düzgünü alağı tam təmizləməkdir, sonradan az çıxacaq.

Hər bir işi vaxtında görməklə həyatımıza bir sakitlik bəxş etmək, mənəvi zibili isə vaxtı-vaxtında təmizləməklə daxili harmoniyanı nizamlamaq olar. Aqressiyasını başqa insana yönləndirmək çıxış yolu deyil, müvəqqəti haldır. Həllini tapmayan problem sabah daha ağır prosesə təkan verə bilər. Həm də bu, bir mədəniyyətdir. İctimai yerdə özünü aparmaq mədəniyyətini də gərək uşaq dövründən aşılayasan, yoxsa yeni nəsil gözü ilə hər gün gördüyü davranış metodunu əldə əsas tutacaq. Elə belə də yaşayacaq. Kiminsə ortaya atdığı neqativdən yayınmaq özü bir qəhrəmanlıqdır. Dedi, çıxdı getdi, bir avtobus insan yarım saat danışdı. Hər öz dərdindən, amma başqasının neqativindən nə qədər uzaq dursaq, bir o qədər sağlam yaşayarıq.

Necə deyərlər, dəyirman öz işini görər, çak-çak baş ağrıdar.

Əsas mövzular