Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Artıq çəki və piylənmə: "Az ye, çox yaşa" prinsipi xilas olmağın yoludurmu?

© AP Photo / Rogelio V. SolisArtıq çəkidən əziyyət çəkən adam, arxiv şəkli
Artıq çəkidən əziyyət çəkən adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
Buna əməl etdinsə, normal yaşayacaqsan, nəfsinə qalib gələ bilmədinsə, elə bir həkimdən başqasına, bir klinikadan digərinə üz tutacaqsan.

Dünyanı narahat edən xəstəliklərin siyahısı olduqca böyükdür. Bu sırada şəkərli diabet, xərçəng, ürək-damar və beyin xəstəlikləri daim yer alır. Çox zaman qocalıq dövründə insanın bir paket problemi olur: məsələn, diabet varsa, ürək-damar xəstəliyi də onunla birgə irəliləyir. Damarların kirəclənməsi baş verirsə, mütləq beyin insultu, Altsheymer və ya Parkinson kimi xəstəlikləri gözləməyinə dəyər. Hətta bəzi həkimlər Altsheymeri diabetin bir forması kimi qəbul edirlər.

Dünyada artıq çəkisi olan 250 milyon uşaq var

Adı hallanan bu xəstəliklər zamanı artıq çəki və ya piylənmə də müşahidə edilir. Yəni sağlamlıqda problem yaranırsa, ilk növbədə buna səbəb kimi artıq çəki göstərilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda yer üzündə 2 milyard insan artıq çəkidən, 600 milyon isə piylənmədən əziyyət çəkir. Özü də hazırda dünyada artıq çəkisi olan 250 milyon uşaq var. Artıq çəki dəhşətli bir bəlaya çevrilib.

Bu qlobal problemin həlli üzərində bir çox aparıcı ölkənin alimi çalışır. Müxtəlif yanaşmalar da var. Yəni belə deyək, bizim planetdə yaşayan əhalinin haradasa 40 faizinin heç vaxt piylənməyə məruz qalmaq şansı yoxdur. Bu qrup insanın metabolizmi güclüdür, nə yesə belə orqanizm bu qidanı həzm edəcək. Doğrudur, düzgün olmayan qidalanma oturaq həyat tərzi, yaş ötdükcə hətta bu insanlarda belə artıq çəkinin olmasına gətirib çıxara bilər. Amma bir qədər pəhriz gözləmək, qidanı tənzimləməklə bu tip insan artıq çəkidən yaxa qurtara bilər. Belə insanlar hətta qocaldıqda belə, adətən heç bir artıq çəki problemi ilə üz-üzə qalmırlar.

Bu günün insanı haradasa bir ilə yekə qab konservant qəbul edir

Qalan insanlarda isə həm artıq çəki, həm də piylənmə müşahidə oluna bilər. Niyə insan artıq çəki yığmalıdır axı? 100-120 il öncə belə bir problem mövcud olsa da, hər halda onun miqyası çox zəif idi. 20-ci əsrin əvvəlində insanların qida rasionu tam başqa formatda idi. Bu qədər artıq qida məhsulu yox idi, yeyilən qidanın tərkibində bu qədər süni kimyəvi preparata rast gəlinmirdi, insanların şəkər, karbohidrat və hətta bu qədər ət məhsuluna əlçatımlığı yox idi. Nə yeyilirdisə, tam təbii idi. Cücənin toyuq olması üçün tələb olunan müddəti heç bir halda 2-3 aya endirmək mümkünsüz idi. Buna haradasa 6 aydan 1 iləcən zaman tələb olunurdu.

Beləliklə, nə bugünkü qədər süni qida vardı, nə də konservant. Pomidor yayda yetişirdi, xiyar da ildə iki dəfə. Hər məhsulun öz dövrü vardı. Hətta konservləşdirilən məhsulun texnologiyası da başqa cür idi. Məsələn, Rusiyada xiyar, yaşıl pomidor, kələm və almanı xüsusi çəlləklərdə duzlayardılar. Bu texnologiya məhsulu uzun müddət saxlamağa imkan verirdi. Bu gün çəlləyə də ehtiyac qalmayıb. Zavod şəraitində duza qoyulan məhsulun yanına adətən xeyli konservant əlavə edilir. Biz də onu yeyirik. Bu günün insanı haradasa bir ilə yekə qab konservant qəbul edir. Nə məhsula əl atsan, tərkibində konservant var, başqa texnologiya qalmayıb.

Fastfud qida şəbəkələri ziyanlı qidanı satmaqla qeyri-sağlam dünya yaradıblar

Həmin bu zəhərli maddələr, qida bolluğu, şəkər, ziyanlı yağlar, karbohidratlar insanın endokrin sistemini tezliklə sıradan çıxarır, damarlarda kirəclənmənin yaranmasına və artıq çəkiyə yol açır. Artıq çəkisi olanların həm də yüksək təzyiqi olur. Bu da xəstəlik paketinə daxil olan bir problemdir. Artıq çəki, piylənmə, yüksək təzyiq yan-yana gedirlər, biri varsa, digəri də mütləq yaranacaq. Dünyanı hörümçək toru kimi bürüyən fastfud qida şəbəkələri ziyanlı qidanı satmaqla qeyri-sağlam bir dünya yaradıblar. Bu daha bir paketdir, qazlı şirin içkilər, iri çörəkdə verilən duzlu, şəkərli kolbasa, pendir, göbələk, ketçup və sair məhsullar fastfud şəbəkəsinin ayrılmaz atributudur. Bu qidanı yedikcə, daha çox su içmək istəyirsən. Su əvəzinə isə tərkibində insanın bir günlük şəkər dozasından artıq olan qazlı içki təklif edilir. Birini yeyib digərini içirsən. Amma nə doyursan, nə də susuzluğu yatıra bilirsən. Bu cür qidanı qəbul edən insan həm daim yemək, həm də daim içmək istəyir. Lazım olduğundan artıq yeyir, içir, artıq çəki toplayır. Sistematik olaraq fastfudla qidalananlar bir müddət sonra şəkərli diabet, artıq çəki, piylənmə, xərçəng, ürək-damar xəstəlikləri kimi problemləri qazanır. Başqa cür ola da bilməz.

Nəhəng qida korporasiyaları hər il milyonlarla pulu həm reklama, həm də elm adamlarını susdurmağa xərcləyirlər. Məsələn, həmin bu şirkətlər bir çox elmi tədqiqatları maliyyələşir. Hər dəfə alınan nəticə bir qədər gülməli olur: "alimlər" bu növ qidalanma ilə artıq çəki arasında heç bir əlaqənin olmadığını iddia edirlər. Onlar daha çox əhalini aktiv həyata dəvət edirlər. Piylənmənin kökündə məhz oturaq həyat tərzinin olduğunu bildirir, insanları idman zallarına, qaçış meydanlarına çağırırlar.

Ofis işində artıq çəki qazanmaq daha asandır

Əlbəttə, aktiv həyat tərzi, hərəkətlilik hər bir insan üçün əhəmiyyətlidir. Ofis işində artıq çəki qazanmaq daha asandır. Fiziki işlə məşğul olan insanın hətta artıq çəki toplaması də çətin məsələdir, çünki iş çox, normadan yuxarı qida qəbul etmək də mümkünsüzdür. Ofis işçisi gün boyu elə hey yeyir, aradabir çay və ya qəhvə içir, bir az şirniyyat qəbul edir, sonra meyvənin vaxtıdır. Elə bütün günü mədəyə qida axınla gedir. Əvvəl qanda şəkərin səviyyəsi yüksəlir, daha sonra mədəaltı vəzi insulin ifraz edir, bir növ aclıq yaranır, ofis işçisi yenə yeyir, sonra acıyır.

Fastfud, şirniyyat, qazlı şirin içkilər artıq çəki və piylənməyə bərabərdir desək, yanılmarıq. Aktiv həyat tərzi çox əhəmiyyətlidir, amma qidaya nəzarət ondan da əhəmiyyətlidir. Gündə 5-7 dəfə yemək olmaz. Bunun sayını 2-3 dəfəyə endirmək lazımdır, özü də normal qida olmalıdır, tez həzm olunan karbohidratlar yox. Asta-asta aramla yeyib süfrədən hətta bir qədər ac durmaq məsləhətdir. Bütün ziyanlı vərdişlərə birdəfəlik yox deyilməlidir. Ofis işçisi hətta fiziki işlə məşğul olan insandan 2-3 dəfə az yeməlidir. Bu kalorilər onsuz də həzm olunmur, yalnız artıq çəkiyə yol açır.

Hər qidanı çörəklə yemək kimi ziyanlı adət piylənməni daha da gücləndirir

Piylənmənin qarşısını almaq olarmı? Bu problemin həlli var. Artıq çəki dedikdə, normadan 10-15 faiz olan çəki nəzərdə tutulur. Xroniki xəstəliyi olmayan hər bir insan sadəcə qidasına nəzarət etməklə artıq çəkidən qurtula bilər. Normal qidalanmaq, artıq yeməmək bir növ həyat tərzinə çevrilməlidir. Amma piylənmə baş veribsə, çəki normadan xeyli yuxarıdırsa, bu halda mütləq diyetoloq həkimə müraciət edilməlidir. Piylənmə ciddi xəstəlikdir, hər hansı bir yolla bu problemi öz-özünə həll etmək mümkünsüzdür. Burada aparılan müalicə məhz həkim nəzarəti ilə reallaşmalıdır. Həm də bir sıra halda piylənmə baş vermiş insanı həm diyetoloq, həm endokrinoloq, həm də kardioloq müşahidə etməlidir. Piylənmə bir çox xəstəliyə yol açır.

Dünyada 8 milyard insanın olduğunu nəzərə alsaq, hər 4 adamdan birinin artıq çəki və piylənmədən əziyyət çəkməsi problemin nə qədər ağır olduğuna işarədir. Artıq çəki problemi Azərbaycana da ayaq açıb. Qidalanma sistemində yol verilən yanlışlıqlar piylənməyə aparan yola on minlərlə insanı cəlb edir. Hər tinbaşı satılan fastfud qidası, yanındaca satılan şirin qazlı içkilər ilk növbədə gəncləri xəstə salır. Daha sonra hər qidanı çörəklə yemək kimi ziyanlı adət piylənməni daha da gücləndirir. Bir oturuma yarım çörək yeyən insan gələcəkdə paketdə göstərilən xəstəliklərə tərəf ilk addımı atmış olur. Ət xörəkləri, yağlı qidalar, üstəlik də çörək ölkədə hər gün artıq çəkidən əziyyət çəkənlərin sayını artırır. Müəyyən mərhələni keçdinsə, daha heç nə kömək etməyəcək. Həzm və endokrin sistemlər pozulacaq. Stres vəziyyətinə düşən qadınlar piylənməyə daha meylidirlər. Şirniyyat, çörək, ağ düyü, şirin yoqurtlar, makaron məhsulları bizim menyuda daim yer alır, nəticə də göz qabağındadır.

İnsan özünü aclıqdan yox, qidadan qorumalıdır

Artıq çəkidən yaxa qurtarmaq üçün ən sadə vasitələrdən yararlanmaq olar. İlk növbədə yeyilən çörəyin miqdarına nəzarət etmək lazımdır. Birini başqası ilə əvəzləmək olar. Zavod çörəyini kəpəkli çörək və ya lavaşa dəyişmək məsləhətdir. Ortabab Azərbaycan vətəndaşı günə bir zavod çörəyi yeyir. Bu olduqca çoxdur. Bir doğranmış kəpəkli çörək 3 zavod çörəyini əvəzləməlidir. Aradabir lavaş da yemək olar. Rasionda tez həzm olunan karbohidratları gec həzm olunan karbohidratlarla əvəzləmək lazımdır. Ağ düyünü qonur, qırmızı, qara düyü, çörəyi qarabaşaq, qarğıdalı, darı, arpa və yulaf yarması kimi faydalı məhsullara dəyişmək olar. Qidada qoz, fındıq, noxud, yerfındığı, badam, kətan, çiya, balqabaq və günəbaxan toxumlarının miqdarını artırmaq olar. Prinsip belədir: ziyanlı məhsulu faydalı ilə əvəzləyirik. Şirin qazlı içkilər isə rasiondan tam çıxarılmalıdır. Adi sudan yaxşı heç nə ola bilməz. Tort, konfetlər, şokolad, müxtəlif şirniyyat növləri azaldılmalıdır. Tam imtina da etmək olar.

İnsan özünü aclıqdan yox, qidadan qorumalıdır. Təmiz, təbii qida tapmaq çətindir, olanı da problemlidir. Nə qədər az yesək, bir o qədər sağlam yaşamaq şansımız artır. Həzm sistemi də müəyyən yaşdan sonra çətinliklə işləyir, qidanı parçalamaqda problem yaşanır. Həftədə bir dəfə aclıq etmək, hərdənbir oruc tutmaq çox faydalıdır. Şəhər şəraitində yedimiyimizi sərf edə bilmirik, ona görə də piylənirik. Toplanan piy də heç bir yolla ərimək bilmir, illərlə, aylarla orqanizmə bir ağırlıq verir. Əsas prinsip "az ye, çox yaşa" olmalıdır. Buna əməl etdinsə, normal yaşayacaqsan, nəfsinə qalib gələ bilmədinsə, elə bir həkimdən başqasına, bir klinikadan digərinə üz tutacaqsan. Zavod çörəyi ilə yağlı plovdan yeyib üstündən dərman atacaqsan. Nə qədər gec deyil, artıq yeməyə stop deyib sağlam həyata qayıtmaq gərəkdir.

Xəbər lenti
0