Televiziyalarımızın vəziyyəti uzun müddətdir ki, acınacaqlıdır. Televiziya XXI əsrin ən böyük bəlalarından biri olan şou proqramların, yüngül düşüncə məhsulu olan “əyləncəli” və məzmunsuz layihələrin, darıxdırıcı, cəhalət saçan serialların əsirinə çevrilib. Keyfiyyət və peşəkarlıq baxımdan çox aşağı səviyyədə olan proqramların efirləri işğal etməsi cəmiyyətin mənə görə böyük problemlərindən biridir. Eyni zamanda elmi, maarifləndirici proqramların olmaması, ciddi mədəniyyət layihələrinə sponsorun tapılmaması ilə bağlı olsa da, bu məsələdə televiziyaların da böyük günahı var. Televiziyalar ciddi proqramları öz büdcəsi hesabına hazırlamaqda, tamaşaçının bu ehtiyacını ödəməkdə maraqlı olmalıdır. Maarifləndirici proqramlar adı ilə tamaşaçılara sıranan proqramlar isə, orta məktəb viktorinalarını, bilik yarışlarını xatırladır.
***
XXI əsrdə televiziya nə ilə məşğul olmalıdır? Bu sual televiziyada çalışan heç bir mütəxəsisi demək olar ki, düşündürmür, narahat etmir. Efirləri işğal edən tok-şoular, müzakirə və debat tipli proqramlar illərdir eyni formatda davam edir. Bütün televiziyaların bu proqramlara tətbiq etdiyi standart qəlib var. Müzakirə başlayır və heç bir nəticə əldə edilmədən, çıxış yolu göstərilmədən proqram yekunlaşır. Üstəlik bu tip proqramların qonaqları, şərhçiləri və aparıcıları da illərdir aşağı-yuxarı eyni adamlardır. Televiziya rəhbərləri yaradıcı layihələrə, yeni simalara, fərqli fikirlərə gözucu da baxmır. Heç bir kadr dəyişikliyi, islahat nəticə vermir. “Space” teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılovanın təyinatdan 5 gün sonra, kanaldakı problemlərə görə istefa verməsi çox düşündürücü məsələdir. Mənə elə gəlir ki, vəziyyətin ümidsizliyi Ülviyyə xanımı bu addımı atmağa vadar edib. Bütün televiziya kanallarında ciddi kadr çatışmazlığı hiss olunur. Televiziyalarımız bütün yaradıcılıq məsələlərində sosial şəbəkələrə, yutuberlərə, hətta “tiktoker”lərə uduzur.
***
Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal kimi aparıcıların qazandığı populyarlıq onları o qədər “çaşdırıb” ki, özlərini el ağsaqqalı, ölkənin taleyində önəmli fiqur hesab edirlər. Reytinq xatirinə hər yola əl atır, hər şeyi müzakirə etməyi, bütün dəyərləri gözdən salmağı aparıcılıq hesab edirlər.
Uşaq proqramları yox dərəcəsindədir. Azyaşlılar üçün nəzərdə tutulan proqramların mövzuları və qruluşu o qədər qəlizdir ki, bəzən valideyinlər proqramı övladlarına şərh etməkdə çətinlik çəkir.
Televiziyalarda islahat cəhdləri olsa da, müsbət nəticə hələki gözlə görüləcək dərəcədə deyil. Ölkədə kifayət qədər televiziya şirkətləri fəaliyyət göstərir. Üstəlik son illər internet televiziyaların da sayı sürətlə artır. Bəzi internet televiziyaları ciddi layihələr həyata keçirsə də, əksər internet televiziyaları eyni ucuz yolu tutub, şou, aqressiya və qalmaqallarla gündəm yaratmağa çalışır.
Gənc nəsil, əksər ziyalılar və intellektuallar televiziyalardan küsüb. Çünki televiziya cəmiyyətin formalaşmasına, maarifçiliyə, elmə, ciddi mədəniyyətə dəstək vermir. Vətən müharibəsində televiziyaların böyük əksəriyyətinin nə qədər qeyri-peşəkar, cəsarətsiz, bəzi məqamlarda tənbəl olduğunu gördük.
***
Azərbaycan seyirçisinin siyasi və analitik proqramlara marağı demək olar ki, yoxdur. Bunun əsas səbəbi ölkədə müxalif televiziyanın və demək olar ki, müxalif mətbuatın olmamasıdır. Bu boşluğu da xaricdə yaşayan qeyri-peşəkarlar, ölkədə isə nə istədiyi bəlli olmayan internet televiziyalar doldurmağa çalışır. Telekanallar balanslı, obyektiv və qərəzsiz jurnalist araşdırması ortaya çıxara bilmir. Yerli telekanallar funksionallığını itirməsə və ciddi televiziya qaydaları ilə işləməyi bacarsaydı, Azərbaycan insanı xarici telekanallara, sosail platformalara bu qədər meyillənməzdi. Əksər proqramlarının aparıcıları özlərini həddindən artıq ağıllı, bilgili, müasir və sərbəst aparmağa çalışırlar. Aparıcıların bu cəhdləri demək olar ki, çox zaman uğursuz olur və seyircilər tərəfindən bayağılıq kimi qəbul edilir, dərhal sosial şəbəkələrdə məsxərə obyektinə çevrilir. Eyni zamanda aparıcıların bayağılığı gənclik üçün olduqca pis nümunədir. Sosial şəbəkələrdə sürətlə gənc xoşqədəmsifətlər, zaurabənzərlər, tolikxislətlilər peyda olur.
***
Bu problemləri həll etməyin yolları təbii ki, var. Nədənsə televiziya rəhbərləri bu problemlərin həllində maraqlı deyil. Özəl telekanalların inkişafı üçün xüsusilə reklam bazarında münbit, güzəştli şərait yaradılmalı, xarici ölkələrdə ixtisaslaşdırılan televiziya heyəti hazırlanmalıdır. Bu yalnız aparıcı ilə bitmir, bütün komanda peşəkar, hazırlıqlı olmalıdır. Prodüsser, rejissor, operator da bilgili, hazırlıqlı olmalıdır. Telekanallara intellektual insanlar dəvət edilməli, hər televiziyanın bazasında peşəkar insanlar yetişməlidir. Qeyri-peşəkar, sadəcə reklam büdcəsi hesabına efirə çıxan insanların monitorinqi aparılmalı, efir məkanı “təmizlənməlidir”. Belə davam etsə, məsələn Zaur Kamal kimi cahil məşhurlar, Tolik kimi qeyri-peşəkarlar və adını unutduğum və xatırlamaq istəmədiyim cahil və nadan aparıcılar dəyərlərimizi ələ salmaqda davam edəcək. Məncə papağınızı qarşınıza qoyub düşünməyin vaxtıdır.