13:44 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
YAZARLAR
Qısa URL
29410

Pandemiyanın tüğyan etdiyi dönəmdə bu cür virtual və rəqəmsal yeniliklər daha da populyarlaşıb. Virus xofuyla virtual aləmə "çəkilən" investorlar sadəcə virtual dünyada olan, bənzərsiz koinlərə pul yatırmağa başladılar.

İnternet aləm hər keçən gün bir az da irəliləyir, rəqəmsal ideyalar vərdiş etdiyimiz anlayşları, zövqləri, dəyərləri, biznes qaydalarını, həyat şərtlərini alt-üst edir.

Kriptovalyuta, qısaca olaraq "kripto" olaraq tanıdığımız, mübadilə vasitəsi olaraq yaradılan rəqəmsal aktivlər ortaya çıxanda bəlkə də dünya bu "möczəyə" gülürdü.

Satoşi Nakamoto təxəllüslü anonim biri tərəfindən 2009-cu ildən yaradılan Bitkoinin və digər kriptoların hazırki qiyməti dodaq uçuqladan həddədir. Bir vaxtlar Bitkoin adı çəkiləndə gülüb keçənlər indi bu valyutaya zamanında sahib olmadıqları üçün peşimanlıq yaşayır.

Görünən odur ki, internet dünyasının hüdudsuz imkanlarını təsəvvür etmək belə çətindir. Ancaq bir məsələ var ki, virtual aləmdə daha çox vaxt keçirənlər, bu qeyri-adi yeniliklərə bizlər qədər təəccüblənmir. Görünür XXI əsr bəşər övladına ən böyük sürprizləri məhz virtual aləmdə edəcək. Hər gün qarşılaşdığımız yeniliklər, bu sürprizlərin müjdəçisidir.

***

11 mart 2021-ci il tarixi virtual aləmdə, xüsusilə kripto dünyasında ağlasığmaz bir yeniliklə yadda qaldı. Bipl (Beeple) təxəllüsü ilə tanınan rəqəmsal rəssam Maykl Vinkelman tamimilə rəqəmsal aləmdəki əsərini 69,3 milyon dollara sataraq, ənənəvi sənət anlayışını alt-üst etməyi bacardı. Həyatdaykən əsərini yüksək məbləğə satmağı bacarmış rəssamların ilk üçlüyünü tamamlayan Vinkelmanın yaratdığı əsər NFT yəni "non-fungible token" olaraq sertifikatlaşdırılıb. Bu hadisə son illərin ən "çılğın" trendini, koinləri bir daha gündəmə gətirdi. Bu hadisə o qədər əks-səda doğurdu ki, biznes dünyasının dühası hesab olunan, kriptolara marağı ilə tanınan İlon Mask da reaksiyasız qalmadı. 15 mart tarixində tvitter hesabından klip paylaşan Mask "NFT-lər haqqındakı bu mahnını NFT kimi satıram" – mesajını verdi.

"Tesla" ve "SpaceX" kimi şirkətlərin qurucusu olan milyarder, bundan öncə də kriptovalyutalara maraq göstərirdi. Hətta dünyanı təəəccübləndirməyi sevən milyarderin yaxın vaxtlarda yeni kriptovalyuta yaradacağı, ödənişləri kripto ilə qəbul edəcəyi də gözlənilir.

***

Bəs Maykl Vinkelmanın ağlasığmaz qiymətə satdığı NFT nədir? İngiliscə açıqlaması "non-fungible token" olan NFT – qarşılığı olmayan və ya dəyişdirilə bilməyən nominal anlamında işlədilir. NFT-lərin hər biri bənzərsiz hesab edilir. Düşünün ki, müxtəlif şəxslərin əlində cəmləşən Bitkoinlər eyni dəyərdədir. Bir də hər şəxsin sahib olduğu Bitkoinin öz qiyməti olduğunu düşünün. NFT-lər məhz bu xüsusiyyəti ilə seçilir. Qısacası sizin internetdən milyonlarla dollara aldığınız ".jpg" formatlı rəsmin dünyada heç bir nominalla qarşılığı yoxdur. Yəni Biplın 69,3 milyon dollara satdığı adi ".jpg" formatlı NFT-nin minlərlə surəti olsa da, onların hər birinin orjinallığı və sahibi dəqiq olaraq bilinir. Ən sadə şəkildə NFT-ni domein adı, İP ünvanı ilə müqayisə etmək mümkündür.

***

Pandemiyanın tüğyan etdiyi dönəmdə bu cür virtual və rəqəmsal yeniliklər daha da populyarlaşıb. Virus xofuyla virtual aləmə "çəkilən" investorlar sadəcə virtual dünyada olan, bənzərsiz koinlərə pul yatırmağa başladılar. Qısa müddətdə bu bənzərsiz sənət populyarlaşdı və Bipl ".jpg" formatlı kollajı ilə ilk rekordu elan etdi. Ardınca İlon Mask bu sahəyə investisiya yatırmağa maraqlı olduğu paylaşdığı video ilə dünyaya bəyan etdi. Düşünürəm ki, bu hələ başlanğıcdır. Əminəm ki, dünyada yeni yayılmağa başlayan bu rəqəmsal sənət ənənəvi sənət anlayışına meydan oxumağa çalışacaq.

Lakin bu bir həqiqətdir ki, eyni səma altında yaşasaq da, "virtual dünyanın sakinləri" öz fərqli zövqləri və zövq anlayışları ilə ənənəvi sənətə meyl edən bizlərdən çox fərqlənirlər. Bu baxımdan ənənəvi sənətin ömrünün uzun olacağına inamım sonsuzdur.

Əsas mövzular