Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Vətən sevgisi nədir?

© Sputnik / Murad OrujovАкция на бакинском бульваре, приуроченная ко Дню Государственного флага
Акция на бакинском бульваре, приуроченная ко Дню Государственного флага - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır.

BAKI, 28 noyabr — Sputnik. Sevgilərin ünvanı müxtəlif olur. İnsan həmişə nəyisə sevməyə möhtac hiss edir özünü. Bəzən də bu sevgilər insanın öhdəsinə çevrəsi tərəfindən məsuliyyət, borc kimi qoyulur: “sən Tanrını sevməlisən”, “sən ananı, atanı sevməlisən”, “sən vətəni sevməlisən” və s. Bəs insan özünə öhdəlik kimi diqtə edilən bu və ya digər nəsnələri sevməyə məcburdurmu?

Əlbəttə, həyatda hər şeyin bir alqoritmi, məntiqi olduğu kimi, sevginin də məntiqi var. Sevginin məntiqini sadə dildə izah etməli olsam, mən onu belə şərh edərdim: sevgi, sənin üçün misli-bərabəri və bənzəri olmayan, mövcudluğu nədənsə asılı olmayan, öz varlığını və ya həyatının xoşbəxtliyini borclu olduğun nəsnəyə duyduğun heyranlıq, rəğbət, pərəstiş, bağlılıq və bir az da ona qarşı təşəkkür hissidir.

Məsələn, Tanrıya sevginin bir məntiqi var. Çünki sənin üçün inandığın Tanrının misli-bərabəri və bənzəri yoxdur, onun mövcudluğu nədənsə asılı deyil, öz varlığını da, həyatını da ona borclusan və buna görə də onu sevirsən. Tanrı nisbi anlayış olduğu üçün, yəni Tanrının varlığına inanmayan insanlar da var olduğu üçün mən daha konkret nümunə göstərə bilərəm. Məsələn, kainata qarşı dərin bir sevgi bəsləməyin məntiqi var. Çünki kainatın (hələ ki) bizə məlum olan hər hansı bir misli-bərabəri və bənzəri yoxdur, mövcudluğu nədənsə asılı deyil – ki, bu, Tanrıya inanmayanlar üçün belədir – və sən öz varlığını da kainata borclusan.

Azərbaycan hərbçiləri, arxiv şəkli  - Sputnik Azərbaycan
İsmayıllıda qəhrəman yolu gözləyən Bağdagül xanım: "Sizin iki ananız var - Vətən və mən"

Öz həyatımızın çərçivələri daxilində də sevgilərin məntiqini axtara bilərik. Məsələn, bizim öz anamızı və atamızı sevməyimizin müəyyən bir məntiqi var. Çünki bizim üçün onların misli-bərabəri və bənzəri yoxdur, onların bizim həyatımızda indi və burada mövcud olması heç bir amildən asılı deyil və biz var olmağımızı – qismən də olsa – onlara borcluyuq. Burada sual edilə bilər ki, həqiqətən, borcluyuqmu? Çünki onlar bizi dünyaya gətirməsəydi və əgər gəlməyimiz də bir vacib şərt idisə, başqa biriləri bizi dünyaya gətirəcəkdi. Amma və lakin gətirən o qadındır, o kişidir, konkret və müəyyən edilmiş məlum bir şəxsdir və sənin ona olan sevginin bu mənada məntiqi var.

Bizim öz işimizə, peşəmizə, sənətimizə olan sevgimizin də məntiqi var. Burada söhbət öz işinə fədakarcasına yanaşan, işi üzrə amalları, prinsipləri olan, işinə həyatını həsr edənlərdən gedir. Əgər sənin işin sənin üçün həyatın qayəsidirsə və sən bu işlə çevrənə faydalı ola, özündən sonrakılara bir miras qoya bilirsənsə, öz işini sevməyin olduqca məntiqlidir. Çünki bu məqamda işinin sənin həyatında misli-bərabəri və bənzəri yoxdur, onun sənin həyatındakı indi və burada mövcudluğu nədənsə asılı deyil və sən öz xoşbəxtliyini ona borclusan.

İstər ümumi müstəvidə, istərsə də həyatımızın mücərrəd sərhədləri daxilində sevgilərimizin müəyyən bir məntiqi var. Vətən sevgisinin isə məntiqi yoxdur. Ya məntiqə sığmayacaq qədər qeyri-adi, mistik bir anlayışdır, ya da ki, bu sevgi kortəbiidir. Burada vətən anlayışının necə dəyərləndirilməsi də mühüm məsələdir. Əgər sənin üçün vətən anlayışı kainatdırsa, Yer kürəsidirsə, bunu bir məntiqə sığdırmaq mümkündür. Axı, Yer kürəsi də üzərində insan həyatının mövcud olduğunu bildiyimiz hələ ki, yeganə planetdir və bu məsələ Yer kürəsini misilsiz və bənzərsiz qılır. Düzdür, mövcudluğu Günəş sistemindən, Süd Yolu qalaktikasından və digər amillərdən asılı olsa da, sən öz mövcudluğunu ona və onun üzərində səni var edə bilən bioloji amillərin vəhdətinə borclusan. Bu mənada, sən Yer kürəsini sevdiyin qədər, Günəş sistemini, Süd yolu qalaktikasını, qalaktikalar səbətini və birbaşa kainatı da sevməlisən.

Atasız böyütdüyü iki oğlu Vətənə qurban getdi - Sputnik Azərbaycan
VİDEO
Atasız böyütdüyü iki oğlu Vətənə qurban getdi - video

Əgər vətən anlayışı bizim doğulduğumuz ölkənin sərhədləri ilə yekunlaşırsa, bunun hansısa sevgiyə ünvan olması məntiqin xaricində qalır. Çünki sən ərazisi, sərhədləri tarixin müxtəlif dönəmlərində böyük dəyişikliklərə uğramış və indi sənin yaşadığın dönəmdə mövcud sərhədləri ilə sənə tanıdılan bir ölkədə doğulub, həmin əraziyə vətən deyib, onu da fövqəladə bir sevgi ilə sevirsənsə, bilməlisən ki, dünyada onun onlarla, yüzlərlə və ondan daha yaxşı alternativləri var. Onun mövcudluğu da onlarla, yüzlərlə amildən asılıdır və sən öz varlığını qətiyyən ona borclu deyilsən, çünki dünyada sənin doğulduğun zamanda o ölkə olmasaydı da eyni yerdə, eyni məhəllədə, eyni evdə doğulacaqdın. Yaxud da, babaların başqa bir ölkəyə köçərdi, sən də həmin ölkədə dünyaya gələrdin. Yəni, bizə tanıdılan vətən anlayışı o qədər nisbi məsələdir ki, ona qarşı mütləq məntiqi sevgidən söhbət belə gedə bilməz.

Bəs niyə insanlar vətəni böyük və müqəddəs bir sevgi ilə sevir, hətta, onun uğruna canlarından keçirlər? Bu, geniş söhbətin mövzusudur. Lakin unutmamalıyıq ki, hər şeyin təməlində dünyadakı insanların kortəbii şəkildə özünə deyilənlərlə, öyrədilənlərlə yaşamaları durur. Və bunu sorğulamadan icra etmələri...

Xəbər lenti
0