02:43 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
17611

Azərbaycan kinosundan söhbət düşəndə dünya tamaşaçısına cəsarətlə və qürurla təqdim edə biləcəyimiz yeni filmlərimiz yox dərəcəsindədir

Azərbaycan kinosunun düşdüyü vəziyyətlə bağlı dəfələrlə tənqidi fikirlərimi müxtəlif mətbu orqanlarda yazmışam. Milli kinomuza ayrılan pulların havaya sovrulması heç kəsə sirr deyil. Sonuncu Mədəniyyət naziri vəzifəsindən azad edildikdən sonra aşkarlanan biabırçı faktları da mətbuatdan izləyə bilərsiniz. Azərbaycan kinosundan məsul olan qurumda – Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında artıq yoxlamalar başlayıb. Çəkilişinə külli miqdarda pul ayrılan filmlərin rəflərdə tozlanması bir yana qalsın, bu filmlərin çəkilişi zamanı milyonlarla vəsaitin mənimsənilməsi də gün kimi aydındır. Ümid edirəm tezliklə bu qanun pozuntuları və neqativ proseslərə aydınlıq gətiriləcək. Bütün bu proseslərin fonunda mən yenə də kinomuzun gələcəyindən, qlobal kino mühitinə inteqrasiyasından nigaranam, hətta yaxın vaxtlarda kinomuzun arzuladığımız şəkildə inkişafına inanmıram.

Qadın kitab oxuyur, arxiv şəkli
© AFP 2020 / PATRICK LIN

Dünya kinosu sürətlə inkişaf edir, yeniliklər, texniki və keyfiyyət baxımından irəliləyiş göz qamaşdırır. İllərdir kinomuzun inkişafı, qlobal proseslərə qoşulması ilə bağlı müzakirələr gedir və bütün bu müzakirələr nəticəsiz qalır. Mən bir tamaşaçı kimi təəssüf  edirəm ki, hazırda Azərbaycan kinosundan söhbət düşəndə dünya tamaşaçısına cəsarətlə və qürurla təqdim edə biləcəyimiz yeni filmlərimiz yox dərəcəsindədir.

Ancaq bu “qaranlığın” içində üzümüzü güldürən, könlümüzü fərəhləndirən istisnalar da var. Müxtəlif beynəlxalq tədbirlərdə, kinofestivallarda Azərbaycanı təmsil edən, müstəqil kinomuzun inkişafı üçün çalışan, çəkdiyi filmlərlə, yazdığı ssenarilərlə dünya kino ictimaiyyətinin diqqətini çəkməyi bacaran rejissor Elvin Adıgözəl kino adamları üçün gözəl nümunələrdən biridir.

Elvinin son filminə, 2018-ci ildə Marsel Beynəlxalq Film Festivalında (Festival International de Cinéma Marseille - FID Marseille) nümayiş etdirilən “Qaranlıqdan reportaj” bu günlərdə yenidən baxdım. Filmin ərsəyə gəldiyi ərəfədə Elvinin necə əziyyətlərə, məhrumiyyətlərə sinə gərdiyini şəxsən görmüşəm.

“Qaranlıqdan reportaj” filminin prodüserləri İntiqam Hacılı və Teymur Hacıyev, ko-prodüseri (co-producer) fransız Etienne de Ricaud, operatoru Vasif Vəlizadə, icraçı prodüseri Əfsanə Əliyeva, art-direktoru Nilufər Hacılıdır.

Ekran əsərində Elşən Ədalətli, Pərviz Gülməmmədov, Nigar Kulahmədova, Cahangir Məlikov, İlqar Dadaşov, Əhməd Qala, Vüqar Arıqlar, Tarix Vüsallı, Sevil Əlibəyli, Ruslan İsmayılov, Tərlan Rəsulov, Ayşad Məmmədov, Ziyadxan Əliyev çəkiliblər.

“Qaranlıqda reportaj” əyalətdə yaşayan bir jurnalistin, Kərimin həyatından bəhs edir. Qəhrəmanın keçmişini, məişətini, yaşadıqlarını, uğursuzluqlarını fəhmli tamaşaçı dərhal hiss edə bilir – Kərim çoxlarımızın keçdiyi yolu keçib, kasıblıq, ehtiyac görüb, ictimai fəaliyyətlə məşğul olub və doğulduğu rayona qayıdaraq əyalət jurnalistikası ilə məşğuldur, bölgə müxbiridir. Əyalətdə yaşamaq, jurnalistika sahəsində iş tapmaq, bölgə müxbiri işləmək və ən önəmlisi həqiqəti yazmaq kənardan asan görünsə də, Kərimin timsalında bunun çətin olduğunu dərk edirik. Onun tez-tez Bakıya səyahət etməsi, Bakıdakı tanışları ilə görüşü şəxsən mənə xatırlamaq istəmədiyim çox şeyləri xatırlatdı – əyalətdə yaşayaraq jurnalistika ilə məşğul olmağın nə demək olduğunu yaxşı bilirəm.

Jurnalistlər üçün tikilən bina, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Gözünün qarşısında döyülən dostuna yardım edə bilməyən və susmağı seçən qəhrəmanımızın düşdüyü psixoloji vəziyyəti anlamaq çətin deyil. Film nə qədər emosionallıqdan uzaq çəkilsə də, daxili qatdakı gərginliyi hiss etməmək mümkün deyil. Filmin adından da bəlli olduğu kimi Elvin tamaşaçısına zülmət, qaranlıq mühiti göstərməyə çalışıb.

Filmdə diqqətimi çəkən məqamlardan biri də, ictimai-siyasi mühitin, xüsusilə 2010-cu ildən sonra yaranan müəyyən ictimai-siyasi təşkilatların, bu təşkilatlarda toplaşan insanların açıq tənqididir. Elvinin bu məqamdakı narahatlığını, proseslərdən nigaranlığını hiss etmək çətin deyil. Şəxsən tanıdığım üçün dəqiq bilirəm ki, Elvin ölkəsini, onun taleyini dərindən düşünən ziyalıdır. Bu baxımdan məhz kiçik bir içki məclisində mövcud natarazlığı ifşa etməklə, narahatlığını da çatdırmağı bacarıb.

“Qaranlıqdan reportaj” 2018-ci ildə Marsel Beynəlxalq Film Festivalında nümayiş etdirilsə də, Azərbaycanda cəmi bir dəfə, ADO teatrnda nümayiş etdirilib.

Bir tamaşaçı olaraq fikirləşirəm ki, Elvinin bu filmi daha böyük kinoteatrlarda, televiziyalarda göstərilməyə layiq filmdir.

Düşünürəm ki, Elvinin bu filmi Azərbaycanda müstəqil kinonun (independent cinema) ən uğurlu nümunələrindən biridir.

Ümid edirəm ki, qaranlıqdan başlayan bu uzun yol, tezliklə Azərbaycan kinosunu işıqlı günlərə qovuşduracaq.

Bu filmi Azərbaycan kinoteatrlarında görünməyini, tamaşaçısına qovuşmağını səbrsizliklə gözləyirəm...

Əsas mövzular