01:00 16 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8818
Azərbaycan Respublikası vətəndaşının pasportu

“Baxın a, yana-yana qalın a, mən Azərbaycan vətəndaşıyam”

© Sputnik / Murad Orujov
YAZARLAR
Qısa URL
İsmayıl Rafiqoğlu
65420

Bir vaxtlar Sovetlər Birliyinin tərkibində olan Azərbaycanın hər bir vətəndaşı üçün xarici pasport əlçatmaz arzu idi, çünki xaricə, hətta SSRİ-nin nəzarətində olan Varşava müqaviləsinə daxil olan ölkələrə getmək belə, çətin məsələ idi

BAKI, 23 avqust — Sputnik. İsveçrənin  “Henley & Partners” pasport indeksi şirkətinin 2019-cu il üçün bu yaxında təqdim etdiyi yeniləmiş siyahısında Azərbaycan vətəndaşının 65 ölkəyə vizasız getmək imkanının olduğu göstərilib. Bu göstərici ilə Azərbaycan dünya ölkələri arasında 78-ci yerdə qərarlaşıb. Siyahıya ənənəvi olaraq 189 ölkəyə vizasız getmək imkanı olan Sinqapur və Yaponiya başçılıq edir.

Xalq arasında bu sənəd daha çox xarici pasport kimi adlandırılır

Kiməsə hansısa ölkəyə getmək, özü də vizasız getmək imkanının olması adi görünsə də, bu heç də asan əldə olunmayıb. 35-40 il öncə SSRİ tərkibində olan Azərbaycandan hər hansı xarici ölkəyə səfər etmək üçün hətta xarici pasport kimi bu gün asan əldə olunan sənədi almaq qədər ağır mərhələni dəf etmək lazım idi. Sovet vətəndaşının bir daxili, bir də xarici pasportu ola bilərdi. Xarici pasport da ələ düşəsi deyildi.

Bu gün hər bir Azərbaycan vətəndaşı rahatlıqla xarici pasport alıb ya viza, ya da vizasız dünyanın, demək olar ki, hər bir yerinə gedə bilər. Bu imkanın əldə olunması üçün müstəqillik dövründə əməlli-başlı bir proses reallaşıb.

Azərbaycandan kənara gedən hər bir insan mütləq Azərbaycan Respublikasının ümumvətəndaş pasportunu əldə etməlidir. Bu sənəd ölkədən çıxan vətəndaşın şəxsiyyətini təsdiq edən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun reallaşması üçün verilən sənəddir. Xalq arasında bu sənəd daha çox xarici pasport kimi adlandırılır. Qanuna görə, xarici pasport Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur. Onun korlanması və ya etinasızlıq səbəbindən itirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanı ilə Ümumvətəndaş pasportunun təsviri və spesifikasiyası təsdiq edilib. 

Sovetlər Birliyində xarici pasport almaq müşkül məsələ idi

Bir vaxtlar Sovetlər Birliyinin tərkibində olan Azərbaycanın hər bir vətəndaşı üçün xarici pasport əlçatmaz arzu idi, çünki xaricə, hətta SSRİ-nin nəzarətində olan Varşava müqaviləsinə daxil olan ölkələrə getmək belə, çətin məsələ idi. Əlçatan ölkələrin siyahısında Bolqarıstan, Rumıniya, Polşa, Şərqi Almaniya və ya Almaniya Demokratik Respublikası vardı. Sovet İttifaqı ilə soyuq münasibəti olan Yuqoslaviyaya səyahət etmək hamının arzusu idi, çünki orada əməlli-başlı bazarlıq etmək, Sovetlərdə tapılmayan malları alıb gətirmək olardı. Azərbaycanlılar daha çox neft emal edən Afrika ölkələrinə və ya Vyetnama iş müqaviləsi ilə gedə bilirdilər.

Xaricə getmək əlçatmaz olduğu qədər həmin xarici pasportu almaq da qəliz məsələ idi. Əgər kiminsə Həmkarlar İttifaqının xətti ilə, deyək, Çexoslovakiyaya səyahət etmək imkanı yaranırdısa, bu hələ tam mənada arzuya yetişmək demək deyildi. Vətəndaş çoxlu anket doldurmalı, qohum-əqrəbasının arasında həbsxanada olan, xaricdə yaşayan kimsənin olmadığını sübuta yetirməli idi. Komsomol və ya partiya təşkilatından xasiyyətnamə gətirməli, iş yerindən, yaşadığı Mənzil Kommunal Təsərrüfatından arayış təqdim etməli idi. Xaricə gedən hər bir kəs mütləq Dövlət Təhlükəsizlik Komitəsinə və ya rusca “KQB” adlanan təşkilata çağırılıb ətraflı sorğu-sual edilirdi. Yalnız SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi ilə azərbaycanlıların dünyaya inteqrasiyası, səyahətə çıxması, xaricdə biznes qurmaları mümkün oldu. Çünki hər bir kəsin maneəsiz ümumvətəndaş və ya xarici pasport əldə etmək imkanı yarandı.

Sənədlər beynəlxalq qanunlara söykənən sistemə uyğun hazırlanır

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu mahiyyətcə dünyanın istənilən ölkəsində verilən pasportlardan heç nə ilə fərqlənmir, çünki sənədlər beynəlxalq qanunlara söykənən sistemə uyğun hazırlanır. Hər hansı bir ölkə özündən xarici pasport forması uydura bilməz, bütün ölkələr üçün eyni standart işlənib hazırlanıb.

Hazırda ölkədə verilən pasportun məlumat səhifəsində yaddaşı ən azı 80 kilobayt olan elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıda (çipdə) “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üzünün təsviri və hər əlindən bir barmaq izi yerləşdirilir. Elektron daşıyıcıda məlumatların saxlanılma müddəti ən azı 10 ildir. Elektron daşıyıcıda saxlanılan məlumatların təhlükəsizliyinin təmin olunması üçün elektron imza texnologiyasından və kriptoqrafik alqoritmdən istifadə edilir.

Xarici pasport “hörmətli” və “hörmətsiz” olur

Dövləti olan hər bir millətin xarici pasportu var. Bəzi ölkələrin xarici pasportu “hörmətli”, bəzilərininki isə “hörmətsiz” sayılır. Arxasında güclü dövləti olan vətəndaş ölkəsinin pasportu ilə özünü çox rahat hiss edir. Məsələn, Almaniya, İsveç, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, Danimarka, ABŞ, Kanada, Norveç kimi ölkələrin vətəndaşı 170-dən artıq ölkəyə viza almadan gedə bilər. Avstraliya, Macarıstan, Malta, Çexiya da bu göstəriciyə yaxındır.

Orta göstəricisi olan ölkələr sırasında Ukrayna, Rusiya və Gürcüstanı göstərmək olar. Autsayderlər sırasında daim Əfqanıstan məskunlaşır. Bu ölkənin pasportu cəmi 24 ölkəyə vizasız getməyə yararlıdır. Pakistan, İraq, Somali, Suriya, Livan, Efiopiya, Yəmən kimi ölkələrin göstəricisi təxminən yaxındır, yəni 30 və bir az artıq ölkənin üzü bu pasportlara açıqdır.

Vizasız gediş-gəliş ölkələr arasında ikitərəfli razılaşma və sazişlər əsasında baş verir. Bəzi ölkələr bu göstəricini il-ildən yaxşılaşdırır, bəziləri isə əksinə, geriləyir.

Dünyada cəmi 4 rəngdə pasport var

Xarici pasportlar həm də rənginə görə fərqlənir. Dünyada cəmi 4 rəngdə pasport var: qırmızı, göy, yaşıl və qara.

Qırmızı rəngli xarici pasportlar dünyada ən çox yayılıb. Bu pasportları adətən keçmişdə və hazırda kommunizm ideologiyası ilə yaxınlığı olan ölkələr seçir. Rusiya, Çin, Sloveniya, Serbiya, Latviya, Rumıniya, Polşa, Gürcüstan vətəndaşları qırmızı rəngli pasportlardan yararlanırlar. Xorvatiya istisna olmaqla Avropa Birliyi ölkələri pasportlarda tünd qırmızı və ya qırmızının başqa çalarlarından istifadə edirlər. Boliviya, Ekvador, Kolumbiya və Peru da tünd qırmızı pasportlara üstünlük verir. Avropa Birliyinə can atan Türkiyə, Albaniya və Makedoniya da pasportu qırmızı rəngə keçiriblər.

Göy rəngli pasportlar “yeni dünyanı”, yəni Amerika qitəsini simvolizə edir. Braziliya, Argentina, Paraqvay kimi ölkələr göy pasportdan yararlanır. ABŞ isə göy rəngli pasportlara yalnız 1976-cı ildən keçid edib.

Özünü islam dini ilə eyniləşdirən bir çox ölkənin xarici pasportu yaşıl rəngdədir. Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan vətəndaşları yaşıl rəngli pasportla gəzirlər. Yaşıl çalarlı pasportları bir sıra Afrika ölkələri, məsələn, Burkino Faso, Nigeriya, Niger, Seneqal belə pasportlara üstünlük verirlər. Bu halda yaşıl rəng onların Qərbi Afrika İqtisadi Birliyinə aid olduğunu sübut edir. Özünü islam dünyasının bir hissəsi kimi duyan Azərbaycanın da pasportu yaşıl rəngdədir.

Dünyada nadir halda rast gəlinən qara pasportlardır. Belə tip xarici pasportlar əsasən Botsvana, Zambiya, Burundi, Anqola, Konqo kimi Afrika ölkələrində rast gəlinir. Yeni Zelandiya vətəndaşları da qara pasport sahibidirlər, çünki qara - ölkənin milli rəngidir.

On il öncə insanlar o vaxt “OVİR”in önündə gecələməli olurdular

Müstəqillik qazanan Azərbaycanın vətəndaşını xarici pasportla təmin edilmə prosesi elə də asan olmayıb. On il öncə belə sənədi əldə etmək üçün insanlar o vaxt hamının “OVİR” adlandırdığı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin önündə hətta gecələməli olurdular. İdarənin yaxınlığında anket doldurmaqdan, foto çəkməkdən, bir sıra müxtəlif “xidmət”lərdən yararlanan çoxlu kiçik müəssisə yaranmışdı. Hamı necə deyərlər, “qaz vurub qazan doldururdu”. Ən ciddi problem isə hazır sənədləri idarənin qəbul edən pəncərəsinə ötürmək idi. Növbə çox böyük olurdu, hətta gecədən bura toplaşan vətəndaşlar o biri günün naharınadək sənədi təqdim edə bilmirdilər. Bu ərazidə xeyli dəllal toplaşırdı, onlar sənədi növbədənkənar pəncərəyə ötürmək üçün 50-100 manat pul tələb edirdilər.

Səyyar ASAN Xidmət
© Photo : Facebook / ASAN Xidmət

Əhalidə narazılıq doğuran vəziyyəti nəzərə alaraq Azərbaycan hökuməti həftədə cəmi 3 gün sənəd qəbul edən Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin hər gün işləməsinə qərar verdi. Elə bununla da növbələr yoxa çıxdı. Bir müddət sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyulda imzaladığı 685 saylı fərmana əsasən, “ASAN xidmət” mərkəzlərinin də strukturuna daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. "ASAN xidmət"in yaradılması xarici pasport məsələsində mövcud olan bütün çətinliyə son qoydu. Hazırda xarici pasport almaq istəyən, 18 yaşı tamam olmuş vətəndaşdan yalnız şəxsiyyət vəsiqəsi və 40 manat pul tələb olunur. Azərbaycanın istənilən "ASAN xidmət" mərkəzinə yaxınlaşan vətəndaş pulu ödəyib vəsiqəni təqdim etməklə 10 günə xarici pasportunu ala bilir. Fotonu da elə yerindəcə pulsuz-parasız çəkəcəklər.

Bu gün Azərbaycan biometrik tipli pasportlara keçdiyi üçün "ASAN xidmət"də vətəndaşdan barmaq izlərinin surəti alınır. Təhlükəsizlik baxımından bu daha məqbul variantdır. Müxtəlif yaş qrupları üzrə xarici pasportun qiyməti 10 manatdan 160 manatacan dəyişir. Həm də xidmət tez reallaşırsa, bu artıq məbləğ tələb edəcək.

“İtsə, ya cırılarsa, nə eybi var? 10 günə ASAN xidmətdə bərpa edərəm”

Azərbaycanın özündə xarici pasport istehsal edən qurğu yoxdur. Rusiya, Ukrayna və bir sıra Avropa ölkələrində belə istehsal var. Azərbaycana gətirilən pasportlar xaricdə sifariş edilir.

Xarici pasportun belə rahat əldə edilməsi bəzən adi vətəndaşda biganəliyə də səbəb olur. Sənədi harada gəldi saxlayan, əzən, qorumayan insanlar da az deyil. Amma pasportun yaxşı vəziyyətdə saxlanılması daha çox vətəndaşın özündən asılıdır. Pasportun üzünə xüsusi cildlik taxan insanlara tez-tez rast gələ bilirikmi? Bəlkə də hər on adamdan biri bunu ya edər, ya etməz. Qanun pasporta xüsusi yanaşma tələb etsə də, çox vaxt sənəd orada-burada atılıb qalır, üst-başı pozulur, nəm çəkir. Sənədi almaq prosesi asanlaşdıqca, ona olan münasibət də yüngülləşib. “İtsə, ya cırılarsa, nə eybi var? Ən pis halda 10 günə ASAN xidmətdə bərpa edərəm” düşüncəsi insanlara hakim olub.

Hər bir Azərbaycan vətəndaşının xarici pasport almaq imkanının olması öz-özündə böyük işdir. Azərbaycan Respublikasının pasportunu əldə saxlamaq xoşbəxtlikdir. Gənc nəslə bu hiss elə müqəddəs görünməsə də, azadlığın, dövlətçiliyin həsrətini illərlə çəkən, müstəqil Azərbaycanı arzulayan daha yaşlı insanlara pasportun mühümlüyünü duymaq, onun möhtəşəmliyini qəbul etmək daha məqbuldur. 

Görkəmli rus şairi Vladimir Mayakovskinin sovet pasportu haqqında məşhur şeirini xatırlayaraq Azərbaycan pasportu barəsində oxşar ifadə yerinə düşərdi: “Baxın a, yana-yana qalın a, mən Azərbaycan vətəndaşıyam”.

Əsas mövzular