15:21 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Bakının Nizami küçəsi

Hər yerə gecikən Azərbaycan insanı: o, uşaqlıqda gördüyü həyat tərzini təkrar edir

© Sputnik / Fuad Hasanov
YAZARLAR
Qısa URL
İsmayıl Rafiqoğlu
7610

Azərbaycanlı ərəblə müqayisədə olduqca işlək və dəqiq sayıla bilər, amma alman və ingilislə müqayisə edilə bilməz

BAKI, 25 iyul — Sputnik. Azərbaycan insanının harayasa 10-15 dəqiqəlik gecikməsi cəmiyyətdə çox normal qarşılanır. Gecikməyən insan tapmaq olduqca çətindir. Gecikənlərin çoxu bunu bəzən məntiqsiz, bəzən də tam cəfəng səbəblərlə izah edir. Çox kiçik bir problem kimi görünsə də, dünya praktikasında bu bəla ilə mübarizə üçün minlərlə kitab yazılıb, “taym-menecment”, yəni zamanın idarə olunması kimi elm yaradılıb. Böyük şirkətlər əməkdaşları mütləq formada zamanın idarə olunması təliminə cəlb edirlər.

Yaponiyada qatar 1 dəqiqə belə gecikərsə, maşinist mütləq sərnişinlərdən üzr istəyəcək

Hətta işə gecikmənin iqtisadiyyata vurduğu ziyan bir sıra elmi tədqiqatların mövzusuna çevrilir. Əgər böyük bir şirkətdə keçirilən hər hansı bir iclasa cəmi bir nəfər, özü də top menecer, cəmi 15 dəqiqə geciksə, bu orada əyləşən 12 işçinin ümumilikdə 3 saat vaxtının itirilməsi deməkdir. Onların məvacibinə uyğun vurulan ziyan elə də az deyil, çünki belə hallar şirkət daxilində tez-tez təkrarlansa, ilin sonunda özünü hər hansı hiss ediləcək rəqəmlə ifadə edəcək. Bundan əlavə, əməkdaşların işə sistematik və ya arabir gecikmə halları da qaçılmazdır. Deməli, istənilən iş birliyində bu problem var, özü də ölkə və dünya iqtisadiyyatı səviyyəsində dəyən ziyan kifayət qədər hiss olunacaq səviyyədə bir rəqəmlə ifadə olunur.

İnsan işə, görüşə, hər hansı bir tədbirə niyə gecikir? Gecikmənin kökündə obyektiv, subyektiv, psixoloji və təlim-tərbiyə kimi səbəblər durur.

Obyektiv səbəblər insanın yaşadığı mühit, çalışdığı kollektiv və ya mümkün imkanlara bağlanır. İnkişaf etmiş nəqliyyat infrastrukturu şəraitində yaşayan insanın şəhərin istənilən nöqtəsinə qısa zamanda çatmaq imkanı var. Metro, avtobus, mikroavtobus, taksi, bəzi şəhərlərdə hələ də mövcud olan tramvay, trolleybus, sürətli qatarlar kimi nəqliyyat vasitələri ilə çox qısa zamanda hərəkət problemini həll etmək olar. Hər halda uzaq bir kənddən rayon mərkəzinə yollanan vətəndaşın qət etdiyi məsafəyə sərf etdiyi enerji böyük meqapolis şəraitində əhəmiyyət kəsb etməyən bir problemdir. Əgər qar-çovğun səbəbindən dağ kəndində yaşayan bir Azərbaycan vətəndaşı 20 kilometrlik yolu heç cür qət edə bilmirsə, şəhər sakini bu yolu metro ilə yarım saata gedir. Hətta yolun uzun və ya qısa olması barədə düşünmür belə.

Mühafizə helikopteri xidmət zamanı
© AFP 2019 / AAMIR QURESHI

Meqapolisdə yaşayan hər bir kəs artıq harasa yetişmək barədə yox, vaxtında və ya vaxtından bir qədər tez gəlmək istəyini reallaşdırmaq haqqında düşünür. Amma iri şəhər böyük imkanlar məkanı olsa da, buranın da problemi yetərincədir. İnsan sıxlığı, yollarda yaranan tıxaclar və baş verən qəzalar, pik saatlarda yaranan çətinliklər ən şux insanı belə ruhdan sala bilər. Yolların bağlanması şəhər sakininin gecikməsinə səbəb olan ən birinci faktordur. İstəməsən belə, gecikəcəksən.

Almaniya, Yaponiya kimi ölkələrdə işə və ya görüşə gecikmək söhbəti, demək olar, yoxdur. Nəqliyyat saat kimi dəqiq işləyir, gecikmə olmur. Məsələn, Yaponiyada qatar 1 dəqiqə belə gecikərsə, maşinist mütləq sərnişinlərdən üzr istəyəcək. Bu ölkədə kiminsə 10 dəqiqə gecikməsi nonsens sayılır, mümkünsüzdür. Yaponiyada hətta saat kultu var, yəni istənilən yerdə, ticarət mərkəzindən tutmuş kiçik dəlləkxanayacan hər yerdə saat asılıb. Həm insanlar dəqiqdirlər, həm də nəqliyyat sistemi dəqiq işləyir.

Şərq təfəkküründə hər hansı bir tələsiklik lazımsız bir durumdur

Gecikməyə gətirən obyektiv səbəblər sırasında bəzən bizə adi görünən problemlər də olur. Məsələn, əgər iş yeri böyük bir mərkəzdə yerləşirsə, deməli, buranın göz skanı və lift sistemi dəqiq işləməlidir. Böyük mərkəzlərdə əvvəlcə qapıdan içəri girmək, daha sonra göz skanından ötüşmək, sonra isə liftə minmək üçün “mübarizə” aparmalısan. Bəzi mental qaydalara əsasən, kişilər adətən qadınları irəli buraxır, sonra liftin önündə hətta 10 dəqiqəyəcən gözləməli olurlar. Hərdənbir nahar fasiləsinə çıxan ofis işçiləri pis xidmət səbəbindən zamanında iş başına dönə bilmirlər. Yemək vaxtında verilmir, dükanda istədiklərini tapa bilmirlər.

Subyektiv səbəblər daha çox insanın özünə bağlı olan məsələdir. Azərbaycan Şərq və Qərbin kəsişdiyi bir məkan olduğu üçün özündə hər iki mədəniyyətin ideologiyasını birləşdirir. Qərbdə zaman olduqca vacib bir amil sayılır, onu hətta bir var-dövlət hesab edən də var, amma Şərq təfəkküründə hər hansı bir tələsiklik lazımsız bir durumdur, çünki müsəlman dünyasında hər bir məsələni Allahın adına bağlamaq, olacağa çarə yoxdur düşüncəsinə sahib olmaq var. Belə halda tələsməyin nə adı var?

Bir sıra müsəlman ölkələrində insanların danışıq ritmi belə çox aşağıdır. Tələsməyə ehtiyac yoxdur, gecikmək isə qüsur sayılmır. Bir tərəfdən Azərbaycanda minlərlə Qərb formatlı ofis qurulub, yeni texnologiyalar gətirilib, digər tərəfdən isə həmin ləng Şərq düşüncəsi beyinlərdə yaşamaqdadır. Məhz buna görə hətta mahiyyətcə Qərb modelli ofisə tələsən Azərbaycan insanı mütləq gecikməlidir. 5-10 dəqiqə olsa belə. Axı beş dəqiqə ilə nə ola bilər? Azərbaycanlı ərəblə müqayisədə olduqca işlək və dəqiq sayıla bilər, amma alman və ingilislə müqayisə edilə bilməz.

Gecikməklə üstün olduğunu göstərmək kimi səbəb rəhbər işçilər arasında baş verir

Gecikməyin kökündə duran psixoloji səbəblər müxtəlifdir. Gecikməklə bir az lovğalıq edərək özünün digərlərindən üstün olduğunu göstərmək kimi səbəb əsasən rəhbər işçilər arasında baş verir. Ofisin baş meneceri zaman təyin edərək bəzən 10-15 nəfəri 15-20 dəqiqə gözlətməkdən “zövq” ala bilər. Bəzən gecikmə faktorunun arxasında aşağılıq kompleksi durur. Məsələn, Azərbaycan ailəsində tərbiyə sistemi bir sıra hallarda qorxu üzərində qurulur deyə zaman ötdükcə bu hiss tədricən biganəliyə çevrilir. Daxili məsuliyyət hissi yaranmır, biganə insan üçün harayasa gecikib-gecikməməyin elə də əhəmiyyəti olmur. Oturuşmuş komplekslər insanı bir növ məsuliyyətli və dəqiq olmaqdan uzaqlaşdırır.

Bəzi hallarda özgüvənin zəif olması da gecikməyə gətirib çıxarır. Kimsə yaxşı bir işə qəbul olmaq üçün müsahibəyə gedərkən özü də anlamadağı səbəbdən gecikir, beləliklə qarşı tərəfdə neqativ hisslər doğurur. Belə insanlar daxili qətiyyətsizlik üzündən hansısa yüksək mövqedə işə düzəlməyə hazır olmadıqlarını düşünürlər. İşə və ya görüşə marağın olmaması da gecikməni yaradan psixoloji faktorlar sırasındadır. İş rejiminin gərgin, maaşın isə az olması bir çox insanda apatiya hissini gücləndirir.

Daim gecikən insanlar bir-birinə mesaj atmaqla təskinlik tapırlar

Bəzən gecikmənin kökündə uşaq dövründə təlim-tərbiyədə buraxılmış səhvlər durur. Nə valideyn öz uğurlu nümunəsini ortaya qoya bilir, nə də təhsil sistemində uşaqlara zamanın nə qədər əhəmiyyətli kapital olduğunu kimsə danışır. Bağça dövründən elə hamının hər yerə gecikdiyini görən balaca bu hərəkət modelinin məqbul olduğu fikri ilə böyüyür, həyata vəsiqə qazanır. Sonralar eynilə uşaqlıqda gördüyü və həqiqət kimi qəbul etdiyi həyat tərzini təkrar edir.

Hər yerə gecikmək Azərbaycanda adi bir hal kimi qəbul edilir. Hətta dövlət qurumları, böyük şirkətlərin keçirdiyi tədbirlər belə böyük əksəriyyəti ilə vaxtında başlamır. Məmur da tədbirə gecikir, jurnalist də. Daim gecikən insanlar bir-birinə mesaj atmaqla təskinlik tapırlar.

İşə gecikən insan isə ya dövlətə, ya da kiminsə biznesinə zərbə vurur

Gecikməkdən yaxa qurtara bilərikmi? Əgər biləriksə, bunun üçün nə etməliyik?

Məsələ həllini yalnız yuxarıda sadalanan bütün faktorların aradan qalxması ilə tapa bilər. Nəqliyyat sisteminin normal işləməsi, tıxacların aradan qalxması kimi amillər, ən azı, ümumi gecikməni yarıbayarı azalda bilər. Yol təmiri işlərinin sürəti artırılmalı, bağlanan metro stansiyalarında isə işlər tezləşdirilməlidir. Çində 1 ilə bir şəhərcik tikilirsə, bu müddətdə Azərbaycanda “Xətai” metro stansiyası kimi kiçik stansiyada təmir işləri bitmək bilmir.

Təlim-tərbiyə sistemində ediləcək dəyişikliklər yetişən nəslin daha məsuliyyətli və dəqiq olmasına da yardım edərdi. Hələ məktəbəqədər dövrdə uşağa gecikməyin nə qədər pis iş olduğu aşılanmalıdır, çünki bu təkcə bir fərdə aid məsələ deyil, görüşə gecikməklə biz başqa insanın həyatını alırıq. Halbuki heç kimə ömür vermək iqtidarında deyilik. İşə gecikən insan isə ya dövlətə, ya da kiminsə biznesinə zərbə vurur. Bir növ başqasının haqqına girir.

Bu bəladan yaxa qurtarmalıyıq.

Əsas mövzular