17:02 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
AZƏRBAYCAN
Qısa URL
4889

Rusiya XİN başçısı Sergey Lavrov isə bəyan edib ki, Rusiya minaların təmizlənməsi, Qarabağ üzrə digər humanitar məsələlərin tezliklə həllinə ümid edir.

BAKI, 9 iyun — Sputnik. ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Filip Rikerin Azərbaycana səfəri zamanı müzakirə olunan əsas mövzu Ermənistanın mina xəritələrini təqdim etməməsi olub.

ABŞ rəsmisi Kəlbəcərdə mina partlaması nəticəsində iki azərbaycanlı jurnalistin həlak olmasını şərh edərkən baş vermiş hadisəni faciə adlandırıb və "bütün mina sahələrinin xəritələrinin verilməsinin" vacibliyini vurğulayıb.

ABŞ-dan texniki yardım təklifi

2020-ci ilin noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağda minaların partlaması nəticəsində 20 mülki vətəndaş həlak olub, daha 29 nəfər yaralanıb. İyunun dördü baş verən faciə isə dünya birliyində böyük rezonans doğurub. Belə ki, həmin gün səhər saatlarında AzTV dövlət televiziyasının operatoru Sirac Abışov, AzərTAC dövlət informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov, həmçinin Kəlbəcər rayonunun İcra Hakimiyyətinin Susuzluq kəndi üzrə nümayəndəsinin müavini Arif Əliyev "KAMAZ" markalı avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində həlak olublar.

"Biz ərazilərin minalardan təmizlənməsi prosesində texniki yardım təqdim edə bilərik", - deyə Riker azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Rəsmi Bakı Yerevanın Qarabağda mina xəritələrini təqdim etməməklə bağlı ikinci dəfə insan haqları üzrə Avropa Məhkəməsinə müraciət edib. Rusiya XİN başçısı Sergey Lavrov isə bəyan edib ki, Rusiya minaların təmizlənməsi, Qarabağ üzrə digər humanitar məsələlərin tezliklə həllinə ümid edir.

Demarkasiyada kömək

Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına toxunan Riker bu prosesin çox vacib olduğunu bildirib.

"Demarkasiya hamıya fayda gətirəcək. Bu prosesin başladılması üçün siyasi iradə lazımdır. Biz hamımız vəziyyətin gərginləşməsi ehtimalından narahat olmalıyıq. Hər iki tərəfi bu məsələni sülh yolu ilə və ən qısa zamanda həll etməyə, həmçinin ATƏT-in Minsk qrupunun sədrliyi ilə substantiv danışıqlara qayıtmağa çağırırıq", - deyə Riker bildirib.

Azərbaycan güclü tərəfdaş ölkədir

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla iyunun 9-da görüşən F.Riker Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılığın əldə olunmasını müsbət qiymətləndirib, eyni zamanda bölgədə baş verən son hadisələr, o cümlədən sərhəd məntəqəsində yaşanan gərginlik ilə bağlı narahatlığını ifadə edib. O, həmçinin bu yaxınlarda iki jurnalist və bir rəsmi şəxsin mina partlayışı nəticəsində dünyasını dəyişməsi ilə əlaqədar təəssüf hissini ifadə edib. F.Riker mövcud gərginliyin aradan qaldırılması üçün ABŞ-ın yardımçı olmaq istəyini vurğulayıb və ATƏT-in Minsk Qrupunun həmsədri qismində səylərə istinad edib.

Öz növbəsində Ceyhun Bayramov münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, Azərbaycanın vəziyyətin gərginləşdirilməsində maraqlı olmaması, üçtərəfli bəyanatın icrası ilə əlaqədar tərəfimizdən atılmış addımlar, habelə Ermənistanın məsuliyyətsiz davranışı, mina xəritələri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsi, Azərbaycan ərazilərində mina basdırılması məqsədilə diversant qrupu göndərməsi və s. barədə qarşı tərəfə məlumat verib.

Bayramov Azərbaycanla ABŞ arasında mövcud olan tərəfdaşlıq münasibətlərinin strateji xarakterini vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

ABŞ rəsmisi Filip Riker Azərbaycanın güclü tərəfdaş ölkə olduğunu qeyd edib və ABŞ-ın ikitərəfli münasibətlərə önəm verdiyini vurğulayıb. O, Azərbaycan Respublikası Prezidenti ilə telefon danışığına məmnunluqla istinad edib. F.Riker ABŞ-ın regional maraqlarını və bölgədə mövcud çağırışların cavablandırılmasına yardımçı olmaq istəyini ifadə edib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri, o cümlədən enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfərin məqsədi

Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ikigünlük Azərbaycana səfərə gəlib.

Səfər çərçivəsində Filip Rikerin keçirəcəyi görüşlər zamanı ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

ABŞ Xarici Siyasət İdarəsi qeyd edib ki, Rikerin səfərinin məqsədi "ikitərəfli və regional prioritetlərin müzakirəsi" və "bölgədə demokratik və iqtisadi inkişafa dəstək olmaq"dır.

ABŞ dövlət katibinin köməkçisi hökumət, vətəndaş cəmiyyəti və biznes sahəsinin nümayəndələri ilə görüşəcək, həmçinin Qarabağdakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcək.

Bayden Bakıya birbaşa yardıma icazə verib

Mayın əvvəlində Birləşmiş Ştatlar Prezidenti Co Bayden Azərbaycana hərbi yardım edilməsinə icazə verib.

Bayden Konqresi məlumatlandırıb ki, Administrasiya "Azadlığa Dəstək" Aktının 907-ci hüquqi qüvvəsini dayandırmağı uzadır.

Aprelin 26-sı Konqresə göndərdiyi bildirişdə ABŞ dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, bu cür yardım Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səyləri pozmayacaq və mane olmayacaq, həmçinin Ermənistana qarşı hücum məqsədilə istifadə olunmayacaq.

Dövlət katibi, həmçinin qeyd edib ki, yardım beynəlxalq terrorizmə qarşı mübarizə səylərində Azərbaycanı dəstəkləmək, həmçinin bu ölkənin sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün lazımdır.

Düzəlişin tarixçəsi

907-ci düzəliş — 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.

2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.

Eləcə də oxuyun:

Teqlər:
müavin, ABŞ Dövlət katibi, Rusiya, ABŞ, xəritə, mina, Azərbaycan, Bakı, Yerevan

Əsas mövzular