19:54 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
963

Bütün beynəlxalq təşkilatlar o, cümlədən də jurnalist təşkilatları iyunun 4-də baş vermiş hadisəyə biganə qalmamalıdırlar.

BAKI, 5 iyun — Sputnik. "Ermənistan işğaldan azad edilmiş Azərbaycan torpaqlarında böyük insan tələfatına səbəb olacaq təhlükə qoyub gedib. Ermənistan Respublikası işğalda saxladığı müddətdə minaladığı ərazilərin xəritələrini qeyd-şərtsiz Azərbaycana verməlidir".

Bu sözləri "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov Sputnik Azərbaycan-a açıqlamasında bildirib. O, deyib ki, Azərbaycan Ermənistandan minalanmış ərazilərin xəritəsini almalıdır. Birlik sədri bildirir ki, əgər o xəritələri əldə edə bilməsək, mina qurbanlarının sayı daha da arta bilər: "İyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən jurnalistlər və onları müşayiət edən mülki şəxslərin olduğu avtobus tank əleyhinə minaya düşüb. Nəticədə ikisi jurnalist olmaqla 3 nəfər həlak olub və 4 nəfər ağır yaralanıb. Bütün beynəlxalq təşkilatlar o, cümlədən də jurnalist təşkilatları bu hadisəyə biganə qalmamalıdırlar. Ermənistan Respublikası işğalda saxladığı müddətdə minaladığı ərazilərin xəritələrini qeyd-şərtsiz Azərbaycana verməlidir".

H. Səfixanov bildirib ki, son 7 ay ərzində 100 milyon kvadrat metr ərazi minalardan təmizlənib və 35 000 ədəd mina zərərsizləşdirilib: "Təəssüf ki, son 7 ay ərzində Azərbaycanda mina partlayışları nəticəsində 130 nəfər Azərbaycan vətəndaşı həlak olub və yaralanıb. Xəritələr verilməsə qurbanların sayı durmadan artacaqdır".

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi iyunun 4-də səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin Susuzluq kəndi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Əsas mövzular