BAKI, 24 may — Sputnik. Youtube-da populyar olan “Kuzno” telekanalı müxtəlif ölkələrin mətbəx nümunələrinə həsr olunmuş veriliş hazırlayır.
Sputnik Azərbaycan xəbər verir ki, Kanalın layihələrindən biri Azərbaycan mətbəxinə aiddir. "İtalyanlar Azərbaycan mətbəxini dadırlar" adlı verilişinin müəllifi ölkəmizi izləyicilərə belə təqdim edib:
"Bu gün sizi isti və qonaqpərvər ölkə olan Azərbaycana səyahət gözləyir. Azərbaycan mətbəxi çox zəngin və müxtəlifdir. Coğrafi amillər stilə və istifadə olunan əsas komponentlərə təsir edib. İslamın təsiri isə özünü mal əti, qoyun əti və süd məhsullarından istifadədə, donuz ətindənsə imtinada göstərib. Onlar həmçinin yeməklərin hazırlanması zamanı ədviyyatlardan da istifadə edirlər".
Müəllif layihə iştirakçılarından Azərbaycanın, Bakının harada yerləşdiyini, bu il Avropa Liqasının finalının harada keçiriləcəyini soruşub. İştirakçıların çoxu bunu bilməsə də, biri Azərbaycanın paytaxtının Bakı olduğunu, özünün isə Gürcüstan yaxınlığında yerləşdiyini deyib. "Ora isti və yaxşı yerdir. Mənzərəsinə isə söz ola bilməz" - deyə əlavə edib.
Sonra iştirakçılara növbə ilə Azərbaycan təamları təqdim edilərək rəyləri soruşulub.
Ovdux
- Mən həmişə tanımadığım, inqridiyentlərinin nədən ibarət olduğunu bilmədiyim şorbalardan ehtiyat etmişəm.
- Dərhal deyim ki, məni artıq ətri özünə cəlb edir. İnqridiyentlər çox harmonik seçilib.
- Burada ət var. Soyuqdur. Mənim xoşuma gəldi. Təzə dadı var və yay yeməyidir.
- Dadlıdır, istidə bu əladır.
- İsti havada bu yemək onların mətbəxində çox populyardır.
- Demək belə bir yay şorbasından istifadə edirlər. Ləzzətlidir.
- Biz soyuq şorbalara o qədər də öyrəşməmişik. Amma məqbuldur.
Bu fikirləri iştirakçılar ovduxun dadına baxarkən bildiriblər. Ovduxun görünüşü də italyanların xoşuna gəlib. Onlardan birinin "Azərbaycan mətbəxi gecəsi keçirək" təklifinə digərləri müsbət cavab veriblər. Ovduxun rus mətbəxindəki "okroşka"ya oxşadığını da deyən olub.
"Onu mal əti, yumurta, qatıq adlanan süd məhsulu və müxtəlif göyərtilərlə hazırlayırlar. Həmin ölkədə çörək geniş yayılıb. Belə yeməkləri həm onlar, həm də ümumiyyətlə qafqazlılar lavaş adlanan çörəklə yeyirlər" - deyə müəllif layihə iştirakçılarına məlumat verib.
"İlahi nə qədər dadlıdır. Söz ola bilməz. Həm də adamın ağzına təravət gətirir" - iştirakçılardan biri deyib.
"Ümumilikdə pis deyil. Mən bunu daha çox sous kimi istifadə edərdim. Başa düşmürəm ki, ona niyə ət qatıblar. Bunun içində ət heç hiss olunmur" - deyə digər iştirakçı əlavə edib.
Qutablar, marinada qoyulmuş badımcan, nar şərabı
Bütün iştirakçılar qutabın ilk baxışdan ləzzətli göründüyünü qeyd ediblər. Nar şərabı isə onlara xüsusilə müsbət təsir bağışlayıb. "Rəngindən şəraba oxşatmadım. Daha çox brendiyə oxşayır. Gözəl rəngi var" - deyə iştirakçılardan biri bildirib.
Nar şərabının əvvəllər içdikləri şərablardan daha ləzzətli olduğunu qeyd edən iştirakçı heyranlığını gizlədə bilməyib: "Azərbaycanda bu nə nardır belə? Çox dadlıdır".
Badımcan şorabasının dadına baxan italyanlar onun çox turş olduğunu deyiblər. Duzlu və turş məzə sevən bəzi iştirakçılar onu bəyənib.
Ət və şor qutabı italyan dequstatorların hamısının çox xoşuna gəlib: "Görünüşündən də çox dadlı görünür". Onlar sumaxın qutaba xüsusi dad verdiyini vurğulayaraq, İtaliyada bu bitkinin bitməməsinə təəssüf ediblər.
Dequstatorlardan biri isə zarafatla deyib ki, belə dadlı yeməkləri yeyəndən sonra italyanların nə üçün yeməyi çəngəl-bıçaqla yediyi ona aydın olub: "Belə dadlı yeməkləri çəngəl-bıçaqsız yeyəndə adam hətta öz əllərini də yeyə bilər. Həm də biz italyanlar yeməyi sakit yeyə bilmirik, elə hey danışırıq. Bu yeməkləri əllə yesək, onda yeməklər havada uçuşar".
Yaşıl qoz, zeytun, qızılgül mürəbbələri və noğul
Verilişin müəllifi bildirib ki, Azərbaycanda çayı armudu stəkanda içirlər. Onlara bu stəkandan bir dəst göndərildiyini, lakin cəmi birinin çatdığını qeyd edib. Azərbaycan çayını açıb iyləyən layihə iştirakçıları onun çox gözəl ətri olduğunu vurğulayıblar.
Onlar yaşıl qozdan mürəbbə bişirildiyini eşidəndə təəccübləniblər. Bəziləri onun bal dadı verdiyini deyiblər. Bəziləri isə çox bəyəniblər və onlarda belə mürəbbənin olmamasına təəssüf ediblər. "Bu çox dadlıdır. Dünya bu qeyri-adi fərqlilikləri ilə necə də gözəldir" - bir iştirakçı deyib.
Zeytun mürəbbəsi isə onları daha çox təəccübləndirib. Onun qeyri-adi dada malik olduğunu bildiriblər: "Şirin zeytunlar çox qeyri-adi və heyrətamiz dərəcədə dadlıdır."
Gül mürəbbəsi də onları təəccübləndirib: "Yox artıq, qızılgüldən də mürəbbə olar? Möcüzədir!" Əksəriyyət gül mürəbbəsini bəyənsə də, iştirakçılardan biri sanki şirin sabun yediyini deyib. Bir başqası isə dadlı olduğunu, amma gül ləçəklərinin ağızda xırçıldadığını qeyd edib.
Noğul da dequstatorların hamısının xoşuna gəlib. İştirakçılardan biri "divan ola, televizor ola, bir boşqab da bundan" deyib. Digəri isə "nəticədə diabet" - deyə əlavə edib. İştirakçılardan biri noğulları xışmalayaraq "bunlar necə də dadlıdır. İmkan verin mən ondan bir qədər özümə götürüm" – deyib.
Paxlava, şəkərbura, şəkər çörəyi
"Paxlava çox dadlı görünür. Kalori bombası olduğu baxan kimi hiss edilir. Əlbəttə ki, bu cür şirniyyatlar həmişə dadlı olur". Bu sözləri dequstatorlardan biri deyib. Digərləri isə qoz dadının aydın hiss olunduğunu və çox dadlı olduğunu deyiblər. Onlar bu qəbildən olan şirniyyatların "paxlava" adlandırıldığını bildiklərini qeyd ediblər.
Şəkərburanı görən layihə iştirakçıları onun görünüşünün maraqlı olduğunu, qayığa bənzədiyini deyiblər. Özünəməxsus dadı və estetik görünüşü şəkərburanı italyanlara sevdirib.
Şəkərçörəyinin isə italyanların şirniyyatlarına bənzədiyini vurğulayıblar. Yağ ətri gələn şəkərçörəyini bəyənən iştirakçılar onun sadə reseptini eşidəndə təəccübləniblər və zarafatla soruşublar ki, "onu yağ bombası" adlandıra bilərlər?
Yeməklərin dadına baxandan sonra iştirakçılardan biri deyib ki, dərhal Azərbaycanda olmaq istəyir, təkcə yeməklərinə görə ora getmək olar. Digər iştirakçı isə "daha zəngin dad" gözlədiyini, amma daddığı yeməklərin də çox qeyri-adi, fərqli olduğunu qeyd edib.
O biri dequstatorlar da Azərbaycan yeməklərinin bir-birindən dadlı olduğunu deyiblər: "Yaxşı ilə başladıq, daha yaxşı və əla ilə yekunlaşdırdıq".
Sonda layihə iştirakçıları Azərbaycanın yeməkləri sayəsində xeyli kalori aldıqlarını, bu səbəbdən də bir ay çəki atmalı olacaqlarını vurğulayıblar.
Bu videoya bir gündə 250 minə yaxın izləyici baxıb, 21 mindən çox adam bəyənib. Videonu şərh edənlərin böyük əksəriyyəti Azərbaycan və onun mətbəxi haqqında müsbət fikirlər söyləyiblər.