17:51 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
AZƏRBAYCAN
Qısa URL
46220

Bu gün paklığın rəmzi - su çərşənbəsidir

BAKI, 27 fevral — Sputnik. Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir.

Ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir.

Rəvayətə görə, Tanrı ilk insanı — Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın — Novruzun müjdəçiləri olan Su, Od, Torpaq, Yel çərşənbələri yaranıb.

Novruzun ilk çərşənbəsi olan "su çərşənbəsu" bu il Azərbaycanda fevralın 27-də qeyd olunacaq. 
Qədim zamanlarda Novruzu 13 gün qeyd etsələr də, indi bayram günlərinin sayı azalıb.

Su çərşənbəsi: adət və ənənələr
© Sputnik / Shahperi Abbasova

Azərbaycanlılar hər il 20-21 mart tarixlərində baharın gəlişini, təbiətin oyanışını qeyd edirlər. Fars dilindən tərcümədə "Novruz" "Yeni gün" deməkdir. Bu, köhnə ilin başa çatması və yeni ilin başlanması deməkdir.

Bu bayram təkcə Azərbaycanda deyil, eləcə də digər türk respublikalarında da bayram edilir. 
Xatırladaq ki, Novruz 2009-cu ilin sentyabrında YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Ondan bir il sonra, 2010-cu ildə BMT-nin Baş Assambleyası 21 martı Novruz Bayramı Günü elan edib.

Bayramın tarixi

Alimlər indiyə kimi bu bayramın meydana gəlmə səbəbləri barədə mübahisə edirlər. Bəzən onu zərdüştilik dininin yaradıcısı olan Zərdüşt peyğəmbərin adı ilə bağlayırlar. Çünki zərdüştiliyin müqəddəs kitabı olan "Avesta"da bu bayram xatırladılır. Orada qeyd olunur ki, insanlar hər il baharın gəlişini, torpağın oyanışını bayram etməlidirlər. "Yeni həyat" sözü baharın oyanışı anlamını verir.

Novruz bayramının günləri ölkələrə görə dəyişir. Misal üçün bir çox postsovet respublikalarında Novruz 3 gün qeyd olunur. Bəzilərində isə beş gün və daha çox. Qədimlərdə isə bu bayram 13 gün qeyd olunurmuş.

 

Ənənəyə görə, bayram axşamı kəndlərdə yaşayan insanlar tarlaya çıxırlar ki, qarşıdan gələn il onlara xoşbəxtlik və bərəkət gətirsin.

Keçmişlərdə bayramın gəlişini münəccimlər müəyyən edərdi, indi isə bu vəzifəni astronomlar yerinə yetirirlər. Onların hesablamalarına görə, bu il yaz 20 mart ümumdünya vaxtı ilə saat 16:15-də, Bakı vaxtı iləsə 20:15-də gələcək.

Novruzun dörd çərşənbəsi

Azərbaycanlılar Novruzdan əvvəl dörd çərşənbəni bayram edirlər — "su çərşənbəsi", "od çərşənbəsi, "torpaq çərşənbəsi", "yel çərşənbəsi". Bunların hər biri bir təbiət ünsürünün oyanmasını və yenilənməsini ifadə edir. Su, od təzələnir, torpaq oyanır, axır çərşənbədə isə bahar gəlir.

Hər çərşənbə axşamı müxtəlif yeməklər hazırlanmalı, stol gözəl bəzəməlidir ki, evdə bolluq və sevinc olsun. 
Birinci çərşənbədə hər evdə mütləq səməni qoyulmalıdır. Buğda dənəsindən yetişən səməni Novruzun vazkeçilməz simvoludur. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir.

Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, "əvvəl çərşənbə", "gözəl çərşənbə", "sular Novruzu", "gül çərşənbə" kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.

Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.

Novruz süfrəsi
© Sputnik / Elnur Salayev

Su çərşənbəsi suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

"Od çərşənbəsi"ndə tonqallar qalanır, ailənin hər bir üzvü odun üzərindən tullanır ki, daxildə olan bütün çirkabları və azar-bezarları yansın. Od çərşənbəsini vaxtilə bu ərazidə geniş yayılmış atəşpərəstliklə bağlayanlar da az deyil. Xalqın inancına görə, ocaq insanı paklaşdırır, uğursuzluqları və xəstəlikləri geridə qoyur.

"Torpaq çərşənbəsi" uzun yuxudan sonra torpağın oyanışını simvolizə edir. Bu vaxtdan etibarən ağaclar, bitkilər və qış yuxusuna gedən bütün canlılar oyanmağa başlayır.

Azərbaycanlılar dördüncü çərşənbəyə — "yel çərşənbəsi"nə xüsusilə hazırlaşırlar. Həmin gün tonqallar qalanır, müxtəlif yeməklər, şirniyyatlar hazırlanır və fala baxılır. Xalq həmin gün baharın gəldiyinə inanır.

Bayram ənənəsi

Bayrama hazırlıq martda başlanır. Qadınlar evlərini təmizləyir, özlərinə və ailə üzvlərinə yeni geyimlər alırlar. Bayram günü süfrəyə mütləq Noruzu ifadə edən yeddi predmet qoyulmalıdır: su — təmizliyin, səməni — təbiətin oyanışının, balıq — rahatlığın, içində qızıl olan fincan və halva — zənginliyin, güzgü — mənfilərin təmizlənməsinin, alma — gözəl qoxu və havanın təmizliyinin rəmzidir.

Süfrədə şamı unutmaq olmaz. Onları yandırmaq və özü sönməyənə qədər söndürməmək lazımdır. Çünki ailə üzvlərinin hər birinin adına yandırılan şam onların ömür yolunu göstərir.

Bayramın baş yeməyi plovdur, əsas atributları isə milli şirniyyatlar — şəkərbura, paxlava, badambura və şor-qoğal. 
Bayram günü tonqal qalamaq, qonşuya papaq atmaq, qızların gələcək taleyini müəyyənləşdirməsi və ərə gedəcəyi şəxsi bilməsi üçün fala baxmaq önəmli sayılır. Adətə görə, subay qızlar duzlu kökə bişirir, yatmazdan qabaq onu yeyib su içmədən yatırlar. Yuxuda ona kim su versə, o, qızın gələcək həyat yoldaşı olacaq.

Qızlar tez-tez pəncərənin qabağına yumurta, qara və qırmızı rəngli iki karandaş qoyurlar. İnanca görə, əgər səhər duranda görsələr ki, yumurtaya qırmızı karandaşla xətt çəkilib, deməli, bəxtinə çıxan oğlanla xoşbəxt olacaq, qara xətt çəkilibsə, əksinə. 
Novruz ənənələri həddindən artıq çoxdur, amma təəssüf ki, günümüzə onların heç də hamısı gəlib çatmayıb.

Bu gün su çərşənbəsidir. Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir.
Ömrünüz su qədər uzun və pak olsun!

Əlaqədar

Azərbaycanda Novruz bayramı qeyd edilir
Novruz bayramı neçəyə başa gəlir?
Bakıda 7 günlük Novruz Festivalı keçiriləcək
Su çərşənbəsi: adət və ənənələr
Bu gün Azərbaycanda su çərşənbəsi qeyd olunur
Teqlər:
qoğal, şəkərbura, Avesta, Zərdüşt, su çərşənbəsi, paxlava, Novruz bayramı

Əsas mövzular