BAKI, 18 sentyabr - Sputnik. Nensi Pelosi İrəvanda parlament müxalifətinin nümayəndələri ilə də görüş keçirib. Görüşdən sonra “Hayastan” blokundan deputat İşxan Saqatelyan bildirib ki, əsas mövzu Azərbaycanla sərhəddəki vəziyyətdir.
Sputnik Ermənistan-ın məlumatına görə, erməni müxalifəti açıq şəkildə bildirib ki, ABŞ-ın Azərbaycana dəstəyi Ermənistan üçün qəbuledilməzdir.
"Söhbət təkcə yardımın həcmindən deyil, həm də hərbi-siyasi dəstəkdən gedir. Bu yardımdan Azərbaycan daha da cəsarətlənir və Ermənistana qarşı təcavüzünü davam etdirir. Biz 907 saylı qətnamədən və gələn il Azərbaycana yardım proqramlarının dayandırılmasından danışdıq”, - Saqatelyan bildirib.
Onun sözlərinə görə, Amerika tərəfi Bakıya yardımın dayandırılması məsələsini müzakirə edəcəyini və bunun təkcə bəyanatlarla məhdudlaşmayacağına söz verib. Pelosi deyib ki, ABŞ-a qayıdandan sonra bu məsələlər Konqresdə müzakirə olunacaq.
Görüşdə erməni hərbi əsirlərin taleyi də müzakirə olunub, erməni tərəfi konkret faktlar təqdim edib. Ermənistandakı daxili siyasi vəziyyət, Dağlıq Qarabağın statusu məsələlərinə də toxunulub - bir sözlə, müxalifətin daim danışdığı bütün problemlərə.
“Mənim şərəfim var” fraksiyasının nümayəndəsi Hayk Mamicanyan isə öz növbəsində bildirib ki, qeyri-müəyyən və ünvansız formulalar indi əhəmiyyətsizdir. "Amerika tərəfi işğalçının Azərbaycan olduğunu tanıdı". O, əmindir ki, bu, ABŞ-da hər iki partiyanın - Demokrat və Respublikaçıların mövqeyində ciddi dəyişikliklərə səbəb olacaq.
Onun sözlərinə görə, danışıqların mühüm mövzularından biri də Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk qrupunun işinin bərpası, bu prosesin düzgün məcraya qaytarılması, yəni, "Madrid Prinsipləri"nin müzakirəsidir.
Mamicanyan ümumilikdə müzakirəni səmərəli adlandırıb.
Xatırladaq ki, 2022-ci ildə ABŞ prezidenti Co Bayden növbəti dəfə Azadlığa Dəstək Aktına edilən 907-ci düzəlişdən yan keçib və bununla da ABŞ-ın Azərbaycana birbaşa hərbi dəstək göstərməsinə şərait yaradıb.
Pelosi İrəvana sentyabrın 17-də axşam gəlib. Siyasətçi baş nazir, parlamentin spikeri, eləcə də parlament müxalifəti ilə görüşlər keçirib. O, həmçinin Qafesçiyan Müasir İncəsənət Mərkəzində çıxış edib.