BAKI, 12 iyul - Sputnik. Ötən gün maraqlı yuxu görmüşdüm, Qarabağda və Şuşada idim.
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis oyundan əvvəlki gecə yuxuda Aqil Abbası da gördüyünü bildirib:
"Görürəm ki, Şuşada dağın başındadır. Qar yağıb və Aqil müəllim qarın içindədir. Məndən bir az yuxarıdadır və deyir ki, Qurban, gör şəhər necə istidir. Mənə bir-bir təpələri göstərir ki, gör oraya necə qar yağıb. Baxıram və görürəm ki, oralar ağdır. Bəlkə də bu oyundan əvvəl Aqil müəllim mənə zəng etməyib, buna görə yuxuda onu görmüşəm" (Report).
Xatırladaq ki, ötən gün Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib. Oyunda Ağdam klubu 5:1 hesabı ilə rəqibini darmadağın edib.