BAKI, 6 fevral - Sputnik. Kəskin hava şəraiti ilə əlaqədar Bakıdan Şuşa istiqamətində müntəzəm reys həyata keçirən avtobusun hərəkət qrafikində yubanma qeydə alınıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, vəziyyət dərhal nəzarətə götürülüb. Güclü qar və yolların buz bağlamasına baxmayaraq, aidiyyəti dövlət qurumlarının operativ və koordinasiyalı fəaliyyəti, həmçinin sürücünün peşəkarlığı sayəsində sərnişinlər Şuşa şəhərinə çatdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xüsusi texnika cəlb edərək yolları qardan və buzdan təmizləyib. Yolboyu avtobus Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən müşaiyət edilib.
Hərəkət qrafikində gecikmə baş verdiyindən sərnişinlərin təhlükəsizliyinin təmin etmək məqsədilə geri dönüş təxirə salınıb. Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə Xüsusi Nümayəndəliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən sərnişinlər xüsusi qayğı ilə əhatə olunub.
Sərnişinlərin Şuşada qalmasına və daha sonra təhlükəsiz geri dönməsinə şərait yaradılıb. Belə ki, onlar hosteldə yerləşdirilib və isti qida ilə təmin ediliblər. Bu gün səhər saatlarında sərnişinlər planda nəzərdə tutulan yerləri ziyarət etdikdən sonra Bakıya yola düşüblər.
Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə verilib.
Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər isiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı - Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.
Bilet satışı onlayn qaydada "Yolumuz Qarabağa" portalı vasitəsilə həyata keçirilir. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş edirlər.
Xatırladaq ki, Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti yeddi manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti beş manat, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Füzuli Beynəlxalq Hava Limanı üzrə isə biletin qiyməti altı manat olacaq. Bu qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdırlar.
Bu istiqamətdə reyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri həyata keçirilir.
Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə altı saatdır. Şuşa və Ağdamda ziyarət üçün iki saat yarım vaxt ayrılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Otuz il sonra Bakı-Şuşa avtobusu yola düşdü - Reportaj-Video
* "Şuşaya həyat yoldaşımın məzarını axtarmağa gedirəm" - Şəhidin xanımı - Video