BAKI, 29 yanvar — Sputnik. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Hüseyn Qabulov uşaqları xəstəliklərdən qorumağın yollarını açıqlayıb. Sputnik Azərbaycan Hüseyn Qabulovun müsahibəsini təqdim edir:
- Xəstəliklərin ağır gedişatının qarşısını almaq məqsədilə uşaqların immun sistemini necə gücləndirmək olar?
- Virus infeksiyaları epidemiyası zamanı əməl edilməli olan ümumi gigiyena tədbirləri barədə (əllərin yuyulması, qoruyucu tibbi maskalardan istifadə, insanların daha çox toplaşdığı yerlərə getməmək, kütləvi tədbirlərdən uzaq olmaq və s.) KİV-də kifayət qədər ətraflı məlumat verilib.
İmmunitet sisteminin gücləndirilməsinə gəldikdə isə o, çoxkomponentli və uzunmüddətli prosesdir. Bununla belə, hər bir ailə üçün sadə və əlçatan tövsiyələr var ki, onların köməyi ilə həm immuniteti, həm də bədənin tənəffüs sisteminin yoluxucu xəstəliklərə qarşı ümumi müqavimətini qorumaq olar.
Uşaqlarda erkən yaşlarından yeməkdən öncə və sonra əllərini yumaq vərdişini inkişaf etdirmək lazımdır. Burun və boğazın təmizliyi və gigiyenası uşaq üçün vacibdir. Uşağınıza erkən yaşlarından yeməkdən sonra və küçədən qayıdarkən əllərini sabunla yumaq, ağzını, burnunu və boğazını su ilə yaxalamağı öyrədin. Bu prosedur selikli qişalarda qoruyucu immun hüceyrələrin istehsalını stimullaşdırır.
- Uşağın immun sisteminin qoruyucu funksiyasının azalmasına və tez-tez respirator xəstəliklərin yaranmasına nə səbəb olur?
- Qidanın, xüsusilə şirniyyatların qeyri-müntəzəm qəbulu, körpənin həddindən artıq isti bükülməsi, fiziki fəaliyyətin olmaması immunitetin azalmasına və tez-tez tənəffüs xəstəliklərinə səbəb olan amillərdir.
İmmun sistemə dəstəyin əsasını dərmansız üsullar təşkil edir. Bu, gündəlik rejim, düzgün qidalanma, uşağın fiziki fəaliyyəti, təmiz və açıq havada gəzməsi (gəzintilərin müddəti gündə ən azı 2 saat olmalıdır) və s. Onlar adətən kifayət qədər yerinə yetirilmir, lakin ən təsirli olan üsullardandır. Təəssüf ki, bəzi valideynlər aptekdən hər hansı bir vitamin və ya həb almağa daha çox üstünlük verirlər.
- Uşaqlarda qızdırma zamanı nə etməli?
- Əgər uşağın qızdırması varsa, o zaman ilk növbədə valideynlər panikaya düşməməlidir, çünki onların həddindən artıq narahatlığı xəstə uşağın ümumi vəziyyətinə mənfi təsir göstərir. Adətən, uşaqlarda bədən temperaturunun artması orqanizmin hər hansı bir infeksiyaya, əksər hallarda viruslara və ya bakteriyalara verdiyi cavab reaksiyasıdır.
Orqanizm temperaturu patogen mikrobların inkişafına mane olacağı rəqəmlərə qaldırmağa çalışır. Bir uşaqda yüksək temperatur kəskin respirator virus infeksiyaları, pnevmoniya və digər xəstəliklərlə müşahidə edilə bilər. Buna görə də, hansı vəziyyətdə temperaturun aşağı salınmasının vacib olduğunu və hansı vəziyyətdə isə gözləməyin mümkün olduğunu ayırmaq lazımdır.
Qızdırma zamanı uşaq orqanizmi dəri vasitəsilə sürətlə maye itirir. Bədəndə mayenin aşağı düşməsi bütün sistemlərin və orqanların işini əhəmiyyətli dərəcədə çətinləşdirir, eyni zamanda zəhərli birləşmələrin, xüsusən də sidik sistemi vasitəsilə atılmasını yavaşlatır. Buna görə də, temperatur yüksək olduqda, uşağa kifayət qədər maye verilməsi çox vacibdir.
Körpənin yaşından və onun zövqündən asılı olaraq maye, şirin və qazlı içkilər istisna olmaqla, adi su, qurudulmuş meyvələrin həlimi, meyvə şirələri və s. ola bilər. Eyni zamanda, maye otaq temperaturunda və ya bir qədər isti olmalıdır. Qusmanı təhrik etməmək üçün maye və ya sulu yemək az porsiyalarla verilməlidir.
Bundan əlavə, evdə sağlam mikroiqlim yaratmaq vacibdir (21-22°C istilik). Bu, tənəffüs prosesini normallaşdırmağa və soyuqdəymələrin qarşısını almağa kömək edəcəkdir. Həmçinin, körpənin həddindən artıq isti bükülməsi, onu bir neçə ədyal ilə örtülməsi tövsiyə olunmur. Eyni zamanda, geyimin boş, rahat və təbii parçalardan olması da vacibdir.
- Hansı hallarda temperatur aşağı salınmalıdır?
- Əgər bədən istiliyi 38 °C-dən yüksək deyilsə, hərarəti endirmək tövsiyə edilmir. Bununla belə, istisna hallar var. Məsələn, əgər uşağınız daha əvvəl qızdırma ilə bağlı qıcolma keçiribsə, temperaturun bir qədər artması ilə özünü pis hiss edir və ya körpənin xroniki, anadangəlmə və ya qazanılmış xəstəliyi olduğu təqdirdə (ürək xəstəlikləri, sinir sistemi xəstəlikləri və s.). Belə hallarda həkimlə məsləhətləşərək, 38 dərəcəyə çatmasını gözləmədən dərhal uşağın temperaturunu normal dəyərlərə endirməyə çalışmaq lazımdır.
- Uşağın hərarəti uzun müddət normadan yüksək olarsa, bu zaman valideynlər nə etməlidir?
- Əgər uşağın hərarəti 38°C-dən yuxarı qalxarsa, həkimə müraciət etməzdən əvvəl ona qızdırmasalıcı dərmanlar vermək tövsiyə olunur. Yaxşı ilkin nəticə körpənin qızdırmasının bir qədər azalması, onun əhvalının və iştahının yaxşılaşmasıdır. Qızdırmasalıcı bir dərman seçməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Onların hər biri müəyyən şərtlərdə daha təsirli olur. Hər bir vəziyyətdə onlardan hansının uşaq üçün məqbul olacağını həkim izah edəcək.
Sonda vurğulamaq istərdim ki, risk qrupunda olan uşaqlara (ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan uşaqlar) qrip peyvəndi vurulması tövsiyə olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: