BAKI, 19 yanvar — Sputnik. Rusiya təhlükəsizlik zəmanətləri üzrə ilk növbədə ABŞ-la razılığa gəlməyə üstünlük verir, bu prosesə bir çox ölkənin cəlb edilməsi səmərəli olmaya bilər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu fikri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov səsləndirib.
"Gizlətməyəcəm, biz ilk növbədə amerikalılarla qarşılıqlı anlaşmaya və razılaşmaya nail olmağa üstünlük veririk. Bu prosesə bir çox ölkənin cəlb edilməsi səmərəli təsir bağışlamır", - deyə nazir müavini "Valday" klubunda çıxışı zamanı bildirib.
Bununla belə, Ryabkov deyib ki, Rusiya sonsuza kimi ABŞ-dan və NATO-dan təhlükəsizlik zəmanətləri ilə bağlı cavab gözləyə bilməz.
"Artıq top ABŞ-dadır. Bizə birbaşa və anlaşılan cavab lazımdır, özü də yazılı formada, bizim masaya qoyduğumuz layihələrin təhlili formasında", – deyə o vurğulayıb.
Ryabkov onu da bildirib ki, Rusiya ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə dialoqun davamına ümid edir.
Qeyd edək ki, yanvarın 9-10-da Cenevrədə ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Moskva və Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları baş tutub.
Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının görüşü keçirilib. Yanvarın 13-də isə ATƏT-in Vyana platformasında tərəflər arasında məsləhətləşmələr olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun: