BAKI, 15 yanvar - Sputnik. Buster doza Covid-in ağırlaşma riskini demək olar ki, 100% azaldır. Sputnik Azərbaycan TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliya Ali Sağlamlıq İnstitutunun şənbə günü dərc etdiyi məlumatlarda deyilir.
"Koronavirus peyvəndi üçüncü dozada ağır COVID-19 xəstəliyinin qarşısını 98% alır. Əlavə doza ilə peyvənd olunmuş şəxslərdə xəstəliyin ağır gedişinin qarşısının alınmasının effektivliyi 98% təşkil edir", - deyə hesabatda bildirilir.
Qeyd olunur ki, əhalisinin sayı təqribən 59,6 mln. nəfər olan İtaliyada bir neçə gündür ki, gündə təxminən 200 min yoluxma halı aşkar edilir.
Bir gün əvvəl qurumun rəhbəri Silvio Bruzaferro yaxın günlərdə respublikada koronavirusun omikron ştammının üstünlük təşkil edəcəyini bildirərək, ölkədəki ümumi epidemik vəziyyətin kəskin olduğunu dilə gətirib.
Bu günə qədər ölkədə 12 yaşdan yuxarı şəxslərin demək olar ki, 87%-i tam peyvənd dövrünü (2 doza) tamamlayıb. Koronavirus peyvəndinin 119 milyondan çox iynəsi edilib.
Qeyd edək ki, Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 648 496, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 198 072, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 712 091, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 738 333 təşkil edir.
Həmçinin oxuyun:
İnfeksionist ÜST-ə qarşı: Koronovirusda antitelin ölçülməsi mənasız işdir