BAKI, 13 yanvar — Sputnik. Türkiyə hakimiyyəti Ermənistanın "Flyone Armenia" şirkətinə Yerevan-İstanbul-Yerevan reysinin açılması üçün icazə verib. Sputnik Ermənistan-ın xəbərinə görə, bu barədə şirkətin "Facebook" səhifəsində məlumat paylaşılıb.
Məlumata görə, sözügedən istiqamətdə ilk uçuş fevralın 2-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.
Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.
“Pegasus” müraciətində 2022-ci ilin fevral ayından etibarən İstanbul-Yerevan arasında həftədə iki dəfə uçuş həyata keçirmək istədiyini bildirib.
Ötən il dekabrın 23-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bəyan edib ki, Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır.
Dekabr ayında bu barədə müvafiq icazə Ermənistanın mülki aviasiyası tərəfindən təqdim olunub. "Flyone Armenia" 2015-ci ildən sonra Türkiyəyə təyyarə reysi həyata keçirəcək ilk şirkət olacaq.
Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.
Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan təyin edilib.
Xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutacaq.
Həmçinin oxuyun: