BAKI, 10 yanvar — Sputnik. Qazaxıstanda vəziyyət sabitləşib və nəzarət altındadır, terror təhlükəsi ocaqları neytrallaşdırılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) yaydığı məlumatda bildirilir.
"Yanvarın 10-u 2022-ci il tarixində Qazaxıstan Respublikasında vəziyyət sabitləşib, nəzarət altındadır. Terrorçuluğa qarşı mübarizə üzrə respublika və regional əməliyyat qərargahlarının mövqeyi baxımından terror təhlükəsi mərkəzləri zərərsizləşdirilib. Almatı, Qızılorda, Taldıkorqan, Taraz şəhərlərində terrorçuların ələ keçirdikləri bütün inzibati obyektlər azad edilib. Xüsusilə mühüm strateji obyektlərin, silah-sursatın saxlandığı yerlərin təhlükəsizliyi təmin edilib", - deyə Komitənin yaydığı məlumatda bildirilir.
Məlumatda, həmçinin qeyd edilib ki, silahlıların, iğtişaş iştirakçılarının mümkün sığınacaq yerlərində təmizləmə işləri aparılır.
Hadisələr zamanı ölən hüquq mühafizə orqanı əməkdaşlarının sayı 17-yə çatıb
Bu arada Qazaxıstanda baş verən aksiyalar zamanı ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 17-yə çatıb. Bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev bu gün Operativ qərargahın iclası zamanı bildirib.
O, həmçinin deyib ki, bütün Qazaxıstan üzrə fövqəladə vəziyyət rejiminin pozulmasına görə 1,5 mindən çox şəxs məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar əhaliyə müraciətində bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Həmçinin oxuyun: