BAKI, 10 yanvar — Sputnik. Prezident İlham Əliyevin tapşırığı əsasında icra edilən ödənişli ictimai işlər proqramının fəaliyyət sahələri müxtəlif qurumlarla birgə layihələr əsasında 2022-ci ildə də genişləndiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İş Mərkəzinin fəaliyyətinə dair iclasda məlumat verilib.
İclasda ödənişli ictimai işlər proqramının işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında xüsusi əhəmiyyəti diqqətə çatdırılıb.
Proqramın yeni məşğulluq sahələri üzrə şaxələndirilməsi istiqamətində son illər bir sıra qurumlarla əməkdaşlıqda önəmli işlərin həyata keçirildiyi bildirilib.
Qeyd olunub ki, özündə 56 min iş yerini əhatə edən ödənişli ictimai işlər proqramı çərçivəsində ötən il Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Müdafiə nazirlikləri, "ASAN xidmət", "YAŞAT" Fondu, Mediasiya Şurası və digər qurumlarla birgə layihələr icra olunub. Bu layihələr üzrə həmin qurumlar üçün müxtəlif sayda ictimai iş yerlərinin ayrılması prosesi həyata keçirilib.
Son günlər 1231 işsiz və işaxtaran şəxs isə 60 rayonu əhatə edən yeni birgə layihə üzrə "Azərpoct" və "Aztelekom" MMC-lərin müəssisələrində poçtalyon və operator işlərinə cəlb olunub.
Müxtəlif qurumlarla layihələr çərçivəsində əmək müqaviləsi əsasında iş yerlərinə cəlb olunan işsiz və işaxtaran şəxslər əmək fəaliyyəti dövründə müvafiq sahələr üzrə ilkin peşə və ixtisas bacarıqlarına da yiyələnirlər. Bu da onların gələcək məşğulluq imkanlarını genişləndirir.
İclasda proqramın icrasına, bu sahədə şəffaflığın təminatına, ödənişli ictimai işçilərin işə davamiyyətinə, onların əməyinin mühafizəsinə nəzarətin həyata keçirilməsi istiqamətində görülən işlər də müzakirə olunub.
Həmçinin oxuyun:
Vətəndaşların şikayətinə daha tez baxılacaq - artıq AMİS var!
Şuşa Qoruğunda ASAN-ın elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb