PAYTAXT XƏBƏRLƏRİ

Dayanacaqlarda "Bakıkart" terminalları niyə qəhətə çəkilib? Maraqlı səbəb - FOTO

Hazırda əksər dayanacaqlarda "Bakıkart" aparatlarının yerində elektrik naqilləri və boş karton yeşiklər qalıb.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Son bir aydır ki, əksər dayanacaqlardan "Bakıkart" aparatlarının yığışdırılması müşahidə olunur. Sərnişinlər "Bakıkart" aparatlarının yığışdırıldığı dayanacaqlarda sözün əsl mənasında çətinlik yaşayırlar. "Bakıkart"-ında gediş olmayan sərnişinlər gediş yükləmək üçün "MilliÖn" terminallarını axtarmaq məcburiyyətində qalıblar. Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı da bəlli olub ki, əksər dayanacaqlardan "Bakıkart" aparatları yığışdırılıb. Hüseyn Cavid prospektində Texniki Universitetin qarşısında bir aydan çoxdur ki, "Bakıkart" aparatları götürülüb. Mətbuat prospektində Bakı Dövlət Universitetinin "Tələbə Evi"nin qarşısındakı dayanacaqdan da "Bakıkart" aparatları yığışdırılıb. Belə mənzərə ilə əksər dayanacaqlarda üzləşmək mümkündür.
Sərnişin Elvin Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dayanacaqların əksəriyyətindən "Bakıkart" aparatları götürüldüyündən kartında gediş olmadıqda sərnişinlərə nağd pul ödəyərək avtobusa minir:
"Elə vaxt olur ki, kartda gediş qurtarır, xəbərimiz olmur. Yaxud da bir neçə avtobusa mindiyimizdən növbəti dayanacaqda kartın boş olduğunu görürük. Əvvəl kartda gediş qurtaran kimi dayanacaqda pul yükləmək mümkün idi. İndi dayanacaqlarda "Bakıkart" aparatları tapmaq olmur. Gərək mağazaları gəzib terminal axtarasan. Yaxud da kiməsə 30 qəpik verəsən ki, səni keçirsin".
Bakıda dayanacaqlarda Bakıkart aparatları yığışdırılır
Qeyd edək ki, hazırda əksər dayanacaqlarda "Bakıkart" aparatlarının yerində elektrik naqilləri və boş karton yeşiklər qalıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, paytaxtda dayanacaqlardan "Bakıkart"a məxsus ödəniş terminallarının götürülməsi texniki amillərlə bağlıdır. Onun sözlərinə görə, bu proses "BakıKart"ın balansını artırmaq imkanının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir:
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev

"Tam əksinə əvvəlki vaxtlarla müqayisədə hazırda sərnişinlərimizə "BakıKart"ın balansını artıra bilməsi üçün daha geniş imkanlar təqdim edilir. Sentyabrdan başlayaraq sərnişinlərimizin "BakıKart"ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan yeni əlavə imkanlar yaradılıb. Nəticədə artıq avtobus dayanacaq məntəqələrindən kənarda da sərnişinlərimizə "BakıKart"ın balansını artımaq imkanı yaradılıb. Belə ki, əvvəllər sərnişinlərimizin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 "MilliÖn" və 50 ədəd "BakıKart" terminalı mövcud idi. Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün "MilliÖn" terminalları "BakıKart" ödənişlərini qəbul edir. Birdən-birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcə yaxşılaşıb, genişlənib. Yəni "MilliÖn" terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi "BakıKart" balansınızı da artıa bilərsiz".

"Nəzərə alsaq ki, Bakı şəhərinin inzibati ərazisində 1 400 ədəddən çox "MilliÖn" var, bu artıq sərnişinlərimiz üçün çox böyük rahatlıq deməkdir. Ona görə bir daha sərnişinlərimizə müraciət edərək bildirmək istərdim ki, "BakıKart"ın balansını artırmaq üçün hər hansısa avtobus dayanacaq məntəqəsində ödəniş terminallarını axtarmağa zərurət yoxdur. Bütün digər ödənişlər kimi bunu marketlərdə, iaşə obyektlərində olan "MilliÖn" terminalları ilə edə bilərlər", - M.Ağayev bildirib. (Report)
Bakıda dayanacaqlarda Bakıkart aparatları yığışdırılır
M. Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "BakıKart" terminallarının yığışdırılması BNA-nın səlahiyyətində deyil. Bu aparatlar "MilliÖN "ə aiddir.
"MilliÖN" şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri İdarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi dayanacaqlardan "BakıKart" terminallarının yığışdırılması sırf təhlükəsizliklə bağlı məsələdir:

"Hansı dayanacaqda "BakıKart" terminallarına müdaxilə varsa onlar yararsız vəziyyətə düşdüyündən, həmçinin o ərazi terminalların təhlükəsizliyi baxımından təhlükəli olduğundan yığışdırılır. Bəzən sərnişinlər "BakıKart" terminallarına pul əvəzinə kağız daxil edir, yaxud da digər müdaxilələr edirlər".

Bəs terminalların yığışdırıldığı dayanacaqlara yenilərinin hansı səbəbə qoyulmadığını soruşduqda, Ü. Əfəndiyeva bunun təmsil etdiyi qurumun səlahiyyətində olan məsələ olduğunu bildirdi:
"Bu terminala müdaxilə edən sərnişinlərin səhvidir. Bizim daxili qaydalara əsasən təhlükəsizlik baxımından həmin ərazilərdən terminallar götürülə bilər. Yenilərinin qoyulması isə hələki müzakirə olunmur. Ancaq BNA bizə rəsmi müraciət edərsə buna baxıla bilər".
Apardığımız araşdırmadan belə məlum oldu ki, hər hansı intizamsız sərnişinin səhvi üzündən minlərlə sərnişin dayanacaqlarda "BakıKart" terminalları ilə bağlı problemlə üzləşməkdə davam edəcək. Qurumun sözçüsü "qurunun oduna yaşın da yandığını" dolayısı yolla təsdiqlədi. Bildirdi ki, "BakıKart" terminallarının yığışdırılması iki halda baş verir. Ya həmin dayanacaqda cərəyanla bağlı problem yaranır, yaxud da "BakıKart" terminalına müdaxilə edilir.
Həmçinin oxuyun:
Camaatı kartla ödənişə inandırmaq üçün müğənni Edisi işə qoşublar
Nəqliyyatda problem yaşadan kartların istifadəsi dayandırıldı - Yenisi necə olacaq?
Şayiələrə aydınlıq gətirildi: Bakıda avtobus və metroda gedişhaqqı yeni üsulla ödəniləcək
"BakıKart" balansını onlayn artırmaq mümkün olacaq